Bəşəriyyəti bətnində daşıyan qadın
özünə bəzək verir –
gah dodağın, gah dırnağın boyayaraq.
Maykl Cekson kimi
inanmır möhtəşəmliyinə.
Biri irqçiliyin,
Biri cinsiyyətçiliyin yükünü daşıyır
çiyinlərində…

Atası onları qoyub soyuq iqlimlərə gedəndən,
Sevgilisi qonşudakı rus qızını sevəndən
Gözünü maviyə,
saçını sarıya boyadı qadın.
***
Nə Hipatiya,
Nə İnanna,
Nə Janna Dark,
Nə də dahilərin sevimlisi
Lu Salome oldum mən…
Onlardan yoğrulub
doğulmuş qadın oldum.
***
Öldürürəm səni
gündə min dəfə
öz xəyalımda…
Sonra da oturub şeir yazıram sevgidən
İnsanları qətlə yetirib
məhəbbət şeirləri yazan hökmdarlar kimi…
***
Əlimdə qaşıq,
axşam yeməyi üçün
soğan qovururam –
ağlımda yazacağım şeirin misraları…
Yemək bişir,
süfrəyə düzürəm boşqabları,
çəngəlləri, qaşıqları…
Nuş edirlər əməyimi,
yeməyimi,
bir də yazmağa vaxt tapmadığım şeirlərimi…
***
Mən kaktusam.
Çiçək açmaz oldum
sən gedən gündən.
Yekaterina kimi hərəmxana qurmuşam
yalqızlığımdan.
Özümə cəza verirəm
Kədərimdən həzz alıram
öz acığıma.