Tural Qocayev – Kinematoqrafiyada minimalizm

Az söz, az hərəkət, az işıq, az obyekt…

Kinematoqrafiyada minimalizm



Minimalizm – həyatın müxtəlif sahələrində ehtiyacımızdan artıq olan şeylərdən uzaq durmaq fəlsəfəsidir. Bu fəlsəfə gündəlik yaşam tərzində, ədəbiyyatda, incəsənətdə (memarlıq, rəssamlıq, kino və.s) tətbiq olunur. Minimalizmin əsas prinsiplərindən biri sadəlikdir.


Bəs yaxşı, kinematoqrafiyada minimalizm nədir, minimalizmin əsas xüsusiyyətləri hansılardır?!
– Sadə vizual tərz, sadə süjet xətti, az dialoq, asta temp, səssizlik, əsasən səs oyunlarından istifadə etmək.
Sadə vizual tərz dedikdə, az dekor, təbii məkanlar, statik uzun planlar, soyuq rəng palitrası nəzərdə tutulur.
Süjet xətti çox zaman bir hadisə və çox az personaj üzərində qurulur. Süni dramatizmdən qaçılır. Personajlar mümkün qədər çox danışmır. Əsas fikir jest və baxışlarla çatdırılır, amma pafoslu emosiyalara ehtiyac duyulmur.
Cərəyan edən hadisələr yavaş tempdə gedir, real vaxt hissi ilə tamaşaçıya ötürülür. Beləcə, izləyicilərə düşünmək imkanı verilir. Musiqidən çox nadir hallarda istifadə olunur. Əsasən ətraf səslər (interşum – ayaq, nəfəs, külək və.s) ön plana çıxır. Sakit atmosfer tamaşaçının diqqətini əsas elementlərə yönəldir.
Minimalizm kinoda – az vasitələrlə çox böyük, dərin, fəlsəfi məna kəsb etmək prinsipinə köklənir. Hər bir detal (kadrlar, səslər, dialoqlar və.s) simvolik anlam daşıyır və məqsədyönlü şəkildə hekayəyə xidmət edir.

Minimalizmdə məqsəd nədir?


Minimalist kinematoqrafiyanın əsas məqsədi tamaşaçının düşüncəsinə, daxili dünyasına, hisslərinə toxunaraq onu aktiv müşahidəçiyə çevirməkdir.
Bu üslub digərlərindən fərqli olaraq hər şeyi hazır formada bişirib izləyicinin qarşısına qoymur. Konkret bir sonluq, nəticə təqdim etmir. Tamaşaçının özünün nəticə çıxarmasını, baş verənləri onun tamamlamasını gözləyir.
 Dünya kinosunda minimalizm üslubunda işləyən tanınmış rejissorlardan Mikelancelo Antonionini (İtalya), Robert Bressonu (Fransa), Yasujiro Ozunu (Yaponiya), Bela Tarrı (Macarıstan), Abbas Kiarostamini (İran), Nuri Bilge Ceylanı (Türkiyə) nümunə göstərmək olar.
Misal üçün Yasujiro Ozu “Tokio Hekayəsi” (1953) filmində yapon ailəsini gündəlik həyat səhnələri ilə çox sadə və sakit tərzdə əks etdirir.
Michelangelo Antonioni “Macəra” (1960) filmində musiqisiz uzun planları, az dialoqu, kimsəsiz xarici mühiti yəni boş küçələri göstərən kadrları ilə insanların daxili tənhalığını, mənəvi və ruhani boşluğunu tamaşaçıya təqdim edir.
Abbas Kiarostaminin “Albalı Dadı” (1997) filmində isə minimalizm, filmin həm hekayəsi həm də vizual həlli baxımından ön plandadır. Süjet düz xətt üzrə irəliləyir. Hadisələr sadə və real məkanlarda, yavaş ritmdə baş verir. Kamera statik və müşahidəçi rolundadır. Demək olar ki, hərəkət etmir. Səssiz və boş məkanlar baş qəhrəmanın daxili təkliyinə, mənəvi tükənmişliyinə işarə edir.

“Uzaq”dakı tənhalıq, “İqlimlər”dəki duyğusuzluq…


Müasir türk kinematoqrafiyasında minimalizm üslubunun ən parlaq nümayəndələrindən biri tanınmış rejissor Nuri Bilge Ceylan hesab olunur. Onun filmlərində Robert Bressondan Abbas Kiarostamidən təsirlənməni hiss etmək mümkündür. Digər minimalist rejissorlarda olduğu kimi Nuri Bilge də filmlərində uzun və hərəkətsiz planlara üstünlük verir. Kamera bir vəziyyəti və ya mənzərəni statik şəkildə müşahidə edir. Obrazların dialoqları eynən həyatda olduğu kimi çox təbii və səmimi qurulur. Qəhrəmanların hissləri, mənəvi dünyası onların baxışları, susqunluğu eləcə də ətraf mühitin səsi vasitəsi ilə tamaşaçıya ötürülür. O, filmlərində hadisələrin ruhunu və xarakterlərin halını əks etdirən psixoloji atmosfer yaradır. “Uzaq” (2002) filmindəki uzun planlar və tənhalıq mövzusu, “İqlimlər” (2006) filmində obrazlar arasındakı duyğusuzluq, mənəvi uzaqlıq və az dialoq, “Bir Zamanlar Anadoluda” (2011) filmində real mühitin emosional təsiri, real zaman hissi, ağır temp və “sükutun səsi”, “Qış Yuxusu” (2014) filmində təbii məkanların uzun planlarla təsviri, dərin məna daşıyan dialoqlar, “Əhlət Ağacı” filmində sadə, gündəlik süjet xətti, az hadisə ilə çox şey danışmaq, ata-oğul münasibətlərindəki emosional gərginlik, simvolikalar minimalizmin əsas ünsürlərindəndir.

Mahmud öz evində, Yusif isə şəhərdə yaddır…

Misal üçün “Uzaq” filmində çox sadə süjet xətti var. Filmin qəhrəmanları – fotoqraf Mahmud və kənddən İstanbul şəhərinə onun yanına iş axtarmaq üçün gələn qohumu Yusifdir. Yusif Mahmudun mənzilində bir müddət onunla birlikdə yaşayır. Mahmud gündəlik həyatını davam etdirir, Yusif isə iş axtarmaqla məşğul olur. Mahmud intellektual təbəqədən gələn və incəsənətə marağı olan biridir. Yusif isə kənddən şəhərə gəlmiş lakin şəhərə uyğunlaşmaqda çətinlik çəkən sadə, ümidli bir gəncdir. Göründüyü kimi burada çoxşaxəli süjet xətti yoxdur. Filmdə heç də geniş hadisələr baş vermir. Tamaşaçı yalnız obrazların bir-biri ilə münasibətlərinə, onların keçirdiyi hisslərə, daxili dünyalarına fokuslanır. Xarakterlər də minimalist formada tamaşaçıya təqdim edilir. Onlar çox az dialoq qurur, lakin susqunluqları çox şey deyir. Hərəkətləri monoton, hissləri isə qapalıdır. Hər ikisi öz dünyasında təkdir, qərarsız və məqsədsizdir. Əsas metafor filmin adındadır. Yəni “Uzaq” – personajlar arasındakı emosional məsafəyə, uzaqlığa vurğu edir. Filmdə çox uzaqdan çəkilmiş ümumi, statik planlar gözə çarpır. Beləcə, coğrafiya ilə insan arasındakı məsafəyə, əlaqəsizliyə və uyğunsuzluğa diqqət çəkilir. Mahmud öz evində, Yusif isə şəhərdə özünü yad hiss edir. Hadisələrin qış fəslində cərəyan etməsi obrazların daxili soyuqluğunu, boşluğunu simvolizə edir. Məkanlar real və təbiidir. Musiqidən istifadə edilmir. Daha çox sükut hökm sürür. Məhz buna görə də film tamaşaçını aktivliyə, diqqətli və səbrli olmağa çağırır. Beləliklə, az söz, az hərəkət, az işıq və az obyekt. Budur minimalist kinematoqrafiya. Bu yanaşma izləyicidə daha çox düşüncə və duyğu oyatmaq məqsədi daşıyır. Minimalizm həm sənətdə, həm də həyatda təbiətimizin bizə diktəsidir. Dərindən öyrəndikdən sonra sən onu izləyirsən. Minimalizmin fəlsəfəsi də elə budur: ətraf aləmə minimalistin gözü ilə baxmaq və çoxdan imtina etmək. İmtina xoşbəxtliyi. Ən xırda şeylərlə xoşbəxt olmaq ümidi ilə…

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir