Yerdə qan izi
Qırılmış qapı,
Tör-töküntülü otaq,
Dağılmış yataq.
Çat verən güzgü,
Yerə sərilmiş paltar
Cırılmış pərdə.
Stolun üstündə,
Papiros kötüyü ilə,
Doymuş külqabı.
Kirli otaqda,
Pinti yatağa uzanmış,
Çılpaq bir qadın.
Cırmaqlanmış bədən,
Qırmızı filter siqaret,
Çeynənmiş dodaq.
Göz yaşın boğan balış,
Kəsilmiş damarlar,
Qanlara bulaşmış döşək.
Kirlənmiş bir ad,
Özünü öldürən qız,
Yerdə qan izi…
Morq/Cənnət
Bədən:
Kimlərsə bağırır, fəryad qoparır.
Qulaqım bağlıdı, duya bilmirəm.
Kimsə ayağıma adımı yazır,
Örtünün altından görə bilmirəm.
Kəsilmiş bədənim daha ağrımır,
Allah, yaralarımdan qan da axmır,
Əl-ayağımı sanki, buz bağlayır,
Soyuq otaqda üşüyə bilmirəm.
Mən səni sevmək istəyirəm yenə,
Eyh… olmur ürəyim yoxdu yerində.
Beynim çıxarılıb başımdan deyə,
Boş başla səni düşünə bilmirəm.
Ruh:
Bura qəribədi burda neynirəm?
Bədənimi dünyaya təhvil verib,
Bir çiyin savabı bəhanə edib,
Allahın yanında mən nə gəzirəm?
Bədənsiz yaşayan fikir kimiyəm,
Nə çoxlu fikirlər varmış burada.
Deyəsən Allahın xəyallarında,
Bir saat canlanan dərin fikirəm.
Burda nə başım var, nə də ki, beynim.
Ancaq, daim səni düşünürəm mən,
Nə sinəm var burda, nə də ürəyim.
Sevgilim, səni ürəksiz sevirəm.
Allah
Allah,
deyən bu dünyanı unutdun.
Burda hərşey tərsinə dönür,
Şəhərlər qara küllərə bulaşsa da,
Ağ-appaq ocaqlar sönür.
Allah,
artıq dodaqlardan öpüş yerinə,
İsti-isti qan süzülür.
Qeyd dəftərinə toy günlərinin yerinə,
Yas tarixləri düzülür.
Allah,
Bir ovuc suda boğulan uşaqlar,
Cəmi bir qurtum su içə bilmirlər.
Sanki onlar Hüseyndi,
Kiçik Hüseynlər…
Allah
Sənin min illik yaddaşın var idi,
Niyə unutdun bu dünyanı axı?
Heçkimsə yaşamayan şəhərdə
Bir şey yaşayır~ Ölülərin ahı
İnsan
İnsan kölgə kimi yox olacaqmış,
Torpağın üstünə gecə düşəndə,
İnsan kölgə kimi tapdalanacaq,
Ayaqların altında əziləndə.
Alovun içində sönmüşük elə,
Yerlərdən göylərə çökmüşük elə,
Bəlkə, doğulanda ölmüşük elə,
Bəlkə, doğulacıq, yenə öləndə…
“Heç kimsə”, xoş gəldin, evimə buyur.
Görürsən, küləklər quşları udur.
Deyəsən, balıqlar dənizdə uçur,
Xərçəngin gözüylə nəzər edəndə.
Papiros tüstüsü göyə dırmaşır,
Çiyninə dərdləri yığıb aparır,
Buludun gözləri dolur, yaşarır,
Dərdimin dumanı gözə dəyəndə.
Axşam Çağları
Bir axşam çağında səni özlədim
Ağacın kölgəsin günəş əyəndə.
Mən həmin sahildə səni gözlədim,
Küləklər dənizi vərəqləyəndə.
Sözlərim vərəqdə yenə karıxır,
Misralar içində səni axtarır,
Bil ki,bu ürəyim sənsiz darıxır
Göz yaşlarım sətirlərə dəyəndə.
Saçlarını soraqlayır əllərim,
Dodağımda sənsizləyir sözlərim,
Gözlərini gözləyir bu gözlərim,
Sinəmin qapısın ürək döyəndə
Ay işığı ilə yuyunan küçələr.
Evləri udan qaranlıq və
səssizlik.
Səssizliyin fəryaaadı…
Qorxu… Tit-rə-mə…
tənhalıq.
Tənhalığın çoxalması…
İnsan var, insanlıq yoxdu ki,
aylanu yaşayım,
İbrahimə göndərilən qoç kimi.
Ölüm ətri gəlir havadan
Ölüm, ölüüm, ölüüüm.
Qulağıma səs gəlir:
Həyatın xristianlıq mərhələsini
bitirirsən.
Qorxma! Tirtəmə!
Ölüm Allahın zikr təsbehinin sona çatmasıdır.
Göz qapaqlarım ağırlaşır.
Allaaahh
Kyerkeqorun ölümü
Mən doğulanda
Görəsən mən doğulan günü
həyat necə idi?
Hava yağışlı idi, yoxsa günəşli
bəlkə gündüz idi,
bəlkə də gecə idi?!
mən doğulanda.
Allah bilir Bakının qoynunda
kimlər can verdi?!
kimlərə can verildi?!
Görəsən həmin günü neçə sevgililər
ayrıldı, sahilin ətəklərində?!
Neçə sevgilər itib-getdi Bakının küləklərində?!
Görəsən neçə telefon sallanıb qaldı
taksafondan?!
Görəsən neçə tələbə jeton üçün borc aldı öz dostundan?!
Bilmirəm, bilmirəm, bilmirəm
Bircə onu bilirəm.
mən doğulan günü
artıq anam ölmüşdü.
O-bu=Bu-O
O-bu=bu-o
Bəlkə də rəqəmsal dünya
18001-ci aləmdir.
Orda da hər aləmdə olduğu kimi
paralel mənimiz var
paralel kimliyimiz var.
Bəlkə də Allahın bətnində
doğuluruq,
sonra ölürük,
ananın bətnində dirilirik.
Böyüyüb dünyadan bezirik,
Virtual dünyada özümüzə yer edirik.
Əməllərimizlə o dünyanı,
pulumuzla bu dünyanı,
SEO ilə rəqəmsallığımızı bəzəyirik.
Yəni, hər yerdə,
hər aləmdə,
hər zaman
öz profilimizi süsləyirik.
Sonra ölüb
yenə Allahın bətnində doğuluruq.
Virtual sevgi
Telefondakı şəkillərimizə
baxıram, əzizim
Baş barmağımın altında illər yatırmış.
Deyəsən, ən xoşbəxt anlarımız
Sensorun üstündə donub, qalırmış.
Ekranı sığallayanda barmağım tarixi dəyişir,
Görürsən, illərimiz də saniyələrə sığırmış.