Daha az daha çoxdur.
Roenin bu düşüncəsi öz-özlüyündə bir neçə düşündürücü sualın və cavabın açarıdır. Suallar bunlardır ki, az necə çox ola bilər? Bir halda ki, əqlimizə görə az elə az, çox da çoxdur, hansı yol ilə az çox ola bilər? Bu məntiqlə yola çıxsaq, onda çoxluğun da az olması qənaətinə gələ bilərikmi?

Bu sualların cavabını araşdırmaq üçün ilk növbədə ədəbiyyat tarixində məzmun-forma-ideya üçlüyünün inkişaf mərhələsinə nəzər yetirməliyik.
Klassik ədəbiyyatın fundamental xüsusiyyətlərindən biri budur ki, forma məzmuna görə əmələ gəlir. Yəni hansısa bir əsər yazmaq istədikdə ilkin olaraq onun məzmununu daha sonra məzmundan yola çıxaraq formasını müəyyənləşdirməli, nəticədə obiyektiv bir ideya yaratmalıyıq. Şərq irfan ədəbiyyatının əsas vəzni hesab edilən əruz vəzinin ölçüsü və onun formaları əvvəlcədən müəyyən olunmuş məzmunlara görə sənətkarlar tərəfindən istifadə edilir. Düzdür, sənətkar artıq kamil səviyyəyə gəldikdə bəzən ona əruz vəznində ilham gəlir, lakin həmin o ilhamın özəyində məzmun dayanır. Məsələn, şairin dərin fəlsəfi məzmunlu bir şeiri qələmə alarkən rəməl, kamil və vafir bəhrlərinə müraciət etməsi, yaxud tərif və təsviri məzmunlu şeirlər yazarkən heca vəznindən ya da əruz vəzninin həzəc bəhrindən istifadə etməsi klassik ədəbiyyatda məzmunun avtoritar olmasını bizə göstərir.
Maraqlısı budur ki, həmin dövrlərdə yəni məzmunun ön planda olduğu vaxtlarda formalizmdə yəni quruluşda maksimalizmi (irihəcmliliyi) müşahidə edirik. Düzdür, rübai, tuyuq janrları kimi müəyyən istisnalar vardır. Lakin unutmayaq ki, istisnalar qaydanı pozmur. Bəlkə də adları çəkilən janrlar klassik ədəbiyyatın ilkin minimalist nümunələridir. Eyniylə yapon haikuları kimi. Hətta İslamdan öncəki dövrdə yaşamış Məşhur filosof Diogeni ilk minimalistlərdən biri hesab edən fəlsəfəçilər də mövcuddur. Bundan əlavə, Buddizm, Stoisizm, Taoizm, Xristianlıq və digər bir çox din və inanc cərəyanlarında minimalist həyat tərzinin elementlərinə rast gəlmək mümkündür. Fəqət əksər hallarda qədim dövrün ədəbi nümunələri həm məzmun, həm də forma etibarı ilə maksimal idilər. Daha geniş mövzulara toxunmaq, obyektiv olaraq bir neçə ideya ortaya qoymaq, misra sayının və ölçüsünün uzunluğu bizə elə onu göstərir. Hətta onu da qeyd edək ki, klassik şərq ədəbiyyatında əksər hallarda təfiləsində uzun hecaların çoxluq təşkil etdiyi bəhrlər istifadə olunurdu. Bu da əslində maksimallığın bir başqa təzahürüdür. Maksimalizmin yəni irihəcmliliyin özünü göstərməsi təkcə ədəbiyyatla yekunlaşmır; musiqi, rəssamlıq, memarlıq, “hərşeyşünaslıq” və.s. Hər yerdə maksimalizmin izlərini müşahidə etmək mümkündür. Misal üçün, Avropanın renessans rəssam və heykəltəraşlarından olan Rafael Santinin, Mikelancelo Benarottinin, Leonardo da Vinçinin əsərlərində müxtəlif rəng və palitraların istifadə olunması, adları çəkilən sənətkarların məxsusən də Da Vinçinin bir neçə elmlə məşğul olması və yaxud Avropanın qaranlıq dövründə qotiq qəsrlərin və sarayların inşa edilməsi, klassisizm dövründə Mozart, Bethoven və Bax kimi bəstəkarların əsərlərinin irihəcmli olması maksimalizmə ən böyük nümunələridir. Sadalanan bu məsələlər şərq üçün də keçərlidir. Belə ki, Nəsirəddin Tusi, Ömər Xəyyam, İbn Sina və.s alimlər bir neçə elmi kamil səviyyədə biliciləri idilər. Və həmin dövrün muğam və aşıq sənəti, eyni ilə memarlıq abidələri və ən əsası türbə və minarələrin bər-bəzəkləri də irihəcmliliyin təzahürüdür.
Bəs maksimalizmin çöküşü nə zaman başladı? Bu qədər geniş əhatəli bir forma növü necə ola bilər ki, minimalizmlə əvəz edildi?
Maksimalizmə vurulan ilk zərbənin müəllifi heç sözsüz ki, ixtisarlaşmadır. Avropada renessans dövründən sonra klassisizmə keçid ərəfəsində, şərqdə isə hikmətil-məşşaiyyə kimi rasional cərəyanların və praktiki elmin irrasional olan təsəvvüf və irfana keçidi dövründə reallaşmışdır. Belə ki, qərb klassisizm dövrünə keçid edəndə artıq peşələrarası ixtisaslaşma aparılmağa başlamışdır. Yəni bir alim yalnız öz sahəsinin bilicisi ola və həmin sahə üzrə akademik karyera qura bilərdi. Daha renessans dövründə Da Viçidə olduğu kimi bir neçə elmə mükəmməl səviyyədə yiyələnə bilməzdi. Bu da özlüyündə ixtisasların ixtisarlaşması demək idi. Şərqdə də rasional elmlərin inkişafının dayanması, xüsusən də Qəzalinin filosoflara hücum çəkməsi və sufizmin yüksəlməsi istər-istəməz Tusi kimi bir neçə elmə vaqe olmaq prinspinə zərbələr endirmiş, təsəvvüf poeziyasının inkişafı ilə şairlər az beytlə və üstüörtülü alleqoriyalarla dərin mənalı fikirlər irəli sürməyə çalışmışdırlar. Dövr keçdikdə ixtisaslaşmanın daha dərindən yürüdülməsi, iş bölgüsünün inkişafı, gündəlik həyatdakı vaxtın daralmasına gətirib çıxarmış və insanların əsas hobbisi sayılan sənətin və ədəbiyyatın ixtisarlaşması ilə nəticələnmişdir. Lakin biz qəti şəkildə deyə bilmərik ki, maksimalizm klassisizm və sufizmdən sonra tamamilə sarsılaraq yoxa çıxmışdır. Belə ki, maksimalizm hələ də öz təsir dairəsini romantizm vasitəsi ilə (Aleksandr Düma – Qraf Monte Kristo, Viktor Hüqo – Səfillər və.s), realizm vasitəsi ilə (Tolstoy – Hərb və Sülh, Dostoyevski – Karamazov qardaşları və.s) qoruyurdu. Hətta, Avropa modernizm dövrünü yaşayanda belə roman yaradıcılığında maksimalizmdən istifadə edirdi. Sadəcə klassisizm və sufizm dövründə maksimallıqda xırda çartlaqlar meydana gəlmiş və həmin çartlaqları minimalizmin erkən versiyalar doldurmağa çalışmışdır. Qeyd etmək lazımdır ki, bu çartlaqların yerinin daha geniş şəkildə doldurulması poeziyada modernizmdə özünü daha çox göstərmişdir. XX əsrin II yarısından sonra isə həm musiqidə, həm rəssamlıqda, həm də ədəbiyyatın əksər sahələrində minimalizm tam şəkildə özünü göstərməyə başladı. Musiqidə caz və popun inkişafı, Heminqueyin Ayzberq nəzəriyyəsi və “Körpə uşaq ayaqqabısı satılır, heç geyinilməmiş” qısa hekayəsi, Raymond Craver, Riçard Ford, Ezra Pound, Orhan Veli Kanık kimi sənətkarların dəbdəbəli bənzətmələri inkar etmələri, poeziyada misranı, eləcə də uzunluğunu azaltmaq, az misra ilə dolğun fikir ifadə etmək, imagizm istiqamətinin yüksəlməsi, yaradıcılığın sadələşdirilməsi ədəbiyyatda kiçikhəcmliliyin sürətlə inkişafına zəmin yaratmışdır. Düzdür, modernizm dövründə minimalizm və maksimalizmin birlikdə inkişaf etməsini müşahidə edirik. Məsələn, Ezra Pound qısa və sadə şeirlər yazarkən, digər tərəfdən də Pol Elüar uzun və dəbdəbəli şeirlər qələmə alırdı. Təbii ki, bu modernizmin daxilindəki sənətkarların öz şəxsi üslublarından asılı idi, konkret şəkildə modernizmin hər hansısa istiqamətinə bağlamaq düzgün deyil.
Minimalizmin rəsmi şəkildə əsasının qoyulması ABŞ-də ABC incəsənəti kimi 1960-cı ilə təsadüf edir. Bu fəlsəfənin tərəfdarları sadəliyi tərənnüm edirdilər. Ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. Əksinə, maddi asılılıqlardan imtina etmənin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır. Müasir dövrdə texnlogiyanın inkişafı, məhsul çeşidliliyi və s. kimi imkanlar insanları çoxsaylı seçimlərə vadar edir. Bu seçimlər istər əxlaqi, istərsə də vaxtın dəyərləndirilməsi baxımından çox vaxt faydasız olur. Minimalizmin əsasında maddiyyatçılıqdan imtina dayanır. İnsanların maddi nemətlərə (paltar, yemək, texnoloji avadanlıqlar və s.) olan asılılığı onların özlərini həqiqətən qiymətləndirməsinə imkan vermir. Belə ki, biz pul qazanmaq üçün çox işləyirik, buna görə də özümüzə ayırmaq üçün vaxt tapa bilmirik. Halbuki, maddi olanlardan imtina edib, özümüzü dəyərləndirməyə başlasaq həyat daha da mənalı olacaq.
Azərbaycan ədəbiyyatında da biz minimallıq və maksimallıq mövzularını elə XX əsrin II yarısından sonra geniş şəkildə müşahidə edə bilirik. Belə ki, 60-lar və 90-lar nəslinin yaratdığı şeirlərdə (məsələn Vaqif Səmədoğlu və Xəlil Rza Ulutürk) həm minimallığı, həm də maksimallığı görmək olur. Belə ki, Vaqif Səmədoğlunun yazdığı “Allah gündə bir kərpic düşür ömrümüm sarayından” şeiri minimalizmin, Xəlil Rza Ulutürkün qələmə aldığı “Qaytar mənim qüdrətimi, Azərbaycan” şeiri maksimalizmə veriləcək ən bariz nümunələrdir.
Minimalizm strukturunun sürətlə inkişaf etməsi metamodernizm cərəyanına təsadüf edir. Metamodernizmdə sadəlik, qısalıq, az şeylərlə böyük şeylər yaratmaq ideyaları ön planda olduğu üçün minimallıq bu cərəyanın əsas estetik prinspinə çevirilmişdir. Yuxarıda qeyd etdiyimiz Roenin həmin o məşhur “daha az daha çoxdur” fikiri burda haqlı olduğunu göstərir. Müasir insan və onun həyatı sürətli olduğu üçün bədii ədəbiyyat və digər elit hobbilərə vaxt ayırması biraz çətindir. Bunun üçün də insan artıq maksimal şeylərə (əsərlər, kinolar, evlər və.s) meyil etməyin yerinə daha çox qısa şeylərə meyil salır. Misal üçün 2017-ci ildən sonra YouTube videolarının az izlənməsi, onun yerinə qısa videoların daha çox baxış yığması, hətta insan danışarkən belə xəbəri mübtədadan əvvələ keçirərək qarşı tərəfə cümlənin məzmumunu ilk olaraq çatdırmaq istəməsi, poeziyada qısa hecalara və misralara üstünlük vermək müasir dövrdə maksimalizmin çöküşü, minimalizmin inkişaf etməsi deməkdir. Az şeylərlə çox şey yaratmaq və ya az misralarla, sadə dildə böyük fikirlər irəli sürmək yüksək intellektə malik olmaq deməkdir. Misal üçün müasir intellektual oxucu üçün indiki dövrdə ərəb-fars sözləri ilə doldurulmuş şeirlər maraqlı olmamalıdır, çünki həmin sözlərin izahı və alleqorik mənalarının araşdırılmasına vaxt sərf edilməməlidir. Qısacası ən müasir dövrdə bir-birimizi anlamaq üçün, əsərlərimizi qavramaq üçün, qısacası xoşbəxt yaşamaq üçün intellektə malik olmaq lazımdır.
Maraqlısı budur ki, biz bu yazını qələmə alanda maksimalizmdən istifadə etmişik.