Məntiq elmində mühakimə üsulları Deduksiya, İnduksiya və Analogiya olmaq üzrə 3 yerə ayrılır.
Deduksiya- Ümumi prinsplərdən xüsusi nəticələr çıxarmaq deməkdir. Yəni əvvəlcədən qəbul edilmiş ümumi qaydalara əsaslanaraq konkret hallara dair məntiqi nəticələr əldə etmək deməkdir. Məsələn:
1.Bütün adamlar ölümlüdür
2.Sokrat adamdır
Nəticə: Sokrat ölümlüdür.
Burda Sokratın ölümlü olmasına deduktiv metodla qənaətə gəlirik. Bəs bu metod ədəbiyyatda işimizə yarayırmı?
Adətən, populyar ədəbiyyat nümunəsi hesab edilən dedektiv romanlarda deduktiv metod istifadə olunur. Belə ki, dedektivin ümumi müddəalar vasitəsi ilə xüsusi nəticə çıxarması deduksiyaya nümunə ola bilər. Misal üçün, Şerlok Holms ən kiçik detalları belə nəzərə alaraq, cinayətləri həll edir. Dedektiv əsərlərdə Deduksiya metodunun əsas mərhələləri bunlardır:
•Müşahidə – Holms, insanların geyimi, davranışı, əşyaları və ətraf mühitdəki dəyişiklikləri diqqətlə incələyir.
•Analiz – Topladığı məlumatları məntiqi şəkildə birləşdirir və mümkün ssenariləri nəzərdən keçirir.
•Nəticə çıxarmaq– Əldə etdiyi ipucları birləşdirərək, cinayətin necə baş verdiyini və kim tərəfindən törədildiyini müəyyənləşdirir.
Maraqlısı budur ki, bəzi şeir janrlarında da deduksiya metodundan da istifadə olunur. İlkin versiya olaraq Şekspirin 66-cı sonetinə nəzər yetirək.
Ölüm istəyirəm, dözmürəm artıq,
Mən baxa bilmirəm bu puç varlığa.
Nuru pəncəsində boğur qaranlıq,
Rəzalət yetişir bəxtiyarlığa.
Şərəf dustaq olub şərəfsizliyə,
Saflıq dərd içində göynəyir, əsir.
Kütlük əqlə gülür, yalan düzlüyə,
Gücün qollarına vurulub zəncir.
Yumruqla tıxanır ilhamın ağzı,
Əl açıb dilənir mənlik, ləyaqət.
Nadanlıq geyinib müdrik libası,
Hər yerdə saxtalıq, hər yerdə zillət.
Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq.
Sonet janrının strukturunda belə bir xüsusiyyət vardır ki, şeirin ilk üç bəndində ümumi məsələlər danışılır, yəni ümumi mühakimələr aparılır, son iki misrada isə nəticə çıxarılır. Villiyam Şekspir 66-cı sonetinin ilk üç bəndində dünyanın zalım olmasından,haqsızlıqdan, zülmdən, nadanlıqdan ümumi şəkildə bəhs edir, hətta şeir şairin ölümü arzulaması ilə başlayır. Sonda isə belə bir nəticə çıxarır. Zülmə və zillətə görə ölüm istəyir, lakin onu tək qoymağa qorxur. Son iki misrada deduktiv nəticə ilə yanaşı qarşılıqlılıq texnikasını istifadə edən Şekspir sanki şillə effekti yaradıb. Bu nümunə əslində dedukdiv metodun ibtidai versiyasıdır.
Adətən modernist poeziyada istifadə olunan deduksiya metodunu Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Vaqif Bayatlı Odərin, Bəxtiyar Vahabzadənin şeirlərində də görmək mümkündür.
Qəribə aləmdir… zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş…
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş…
Bir maşın sahibi gərək olanda
Sman hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Aptekdə satıldı bəlkə bir zaman.
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi bundan bir ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?
Ey həkim, gücünə inansan da
Dahinin beyninə qan sızdı birdən
Cahil də qəzaya düşdü həmən gün.
Cahilin başını öz bədənindən
Ayırdıq dahini yaşatmaq üçün!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum, qardaşı?
Dirilən kim oldu?
Bu ki, sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi, yaşayacaq bir nadan kimi…
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsilə
Yaşayan o dahi, yenə dahimi?
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa, özü sağmıdır?
Yaşamaq xətrinə fikri dəyişmək –
Məsləki dəyişmək yaşamaqmıdır?
Bəxtiyar Vahabzadə Baş şeirini amerikalı alim R. Uayt meymunun beynini
bədəndən ayrı uzun müddət yaşada
bilməsindən təsirlənərək qələmə alır. Şeirin strukturu sərbəst olduğu üçün şair bir çox metod və texnikadan istifadə edib. Misal üçün ritorik suallar verməsi ilə məsələyə analitik aspektdən yanaşıb. Bununla paralel şeirin əvvəlində məsələyə ümumi formada giriş verib, 17-ci misradan sonra isə ümumi məsələləri daraldaraq əsas hissəyə yəni problematik mövzuya gəlir. Son hissələrdə isə Bəxtiyar Vahabzadə ritorik suallar vasitəsi ilə deduktiv areal yaradaraq oxucuya beyin həmləsi metodu ilə müraciət edir. Qeyd etmək lazımdır ki, şair özü şeirdə nəticə çıxarmır, sadecə ümumi məsələlərdən xüsusi məsələyə keçid üçün areal ortaya qoyur, yəni şair məzmunu yoğuraraq, deduktiv metodla nəticə çıxarma üsulunu hazır edərək oxucunun özünün nəticə çıxarmasını gözləyir. Ümumiyyətlə, onu da söyləyək ki, modernizmdə müəllif əsas rol oynamır. Əsərlə oxucu üz-üzə olduğu üçün oxucu özü əsərdən ideya çıxarmalıdır.
İnduksiya- Ayrı-ayrı faktlardan ümumi nəticələr əldə etmək prinspidir. Deduksiya metodunun əksi kimi, induksiya konkret müşahidələrdən başlayaraq ümumi qaydalar formalaşdırır. Məsələn, bir neçə dəfə günəşin səhər doğduğunu müşahidə edərək, “Günəş hər səhər doğur” nəticəsinə gəlmək induktiv düşüncədir.
İnduksiya metodu ümumi nəticəyə gəlmək üçün konkret müşahidələrdən istifadə edən bir yanaşmadır. Bu metodun əsas mərhələləri aşağıdakılardır:
•Müşahidə və məlumat toplama– İlk olaraq, konkret hadisələr və faktlar müşahidə edilir və qeyd olunur.
•Nümunələrin təhlili– Toplanmış məlumatlar arasında oxşarlıqlar və fərqlər araşdırılır.
•Ümumi qaydanın formalaşdırılması – Müşahidə olunan nümunələr əsasında ümumi bir prinsip və ya qanun irəli sürülür.
•Hipotezanın yoxlanılması– Formalaşdırılmış ümumi qayda yeni nümunələr üzərində sınanır.
•Nəticənin təsdiqi və tətbiqi – Əgər hipoteza doğrulanırsa, bu qayda geniş tətbiq edilir və elmi biliklərə əlavə olunur.
Bəs bu metod ədəbiyyatda necə işə yarayır?
Adətən ədəbiyyatın II tip janrları sayılan esse, günlük, memuar, avtobioqrafiya janrılarında, eyni zamanda I tipdən sayılan realist romanlarda istifadə olunan bu metod yazıçının xırda-xırda müşahidə etdiyi məsələlərin oxucuya nəql etməsində görürük. Məsələn, Ferit Etgünün Yazmak eylemi əsərində 14 fevral 1980-ci ildə İstanbulda baş vermiş bir hadisə ümumi şəkildə oxucuya çatdırılır və həmin hadisə müxtəlif aspektlərdə detallarına qədər təhlil olunaraq xüsusi nəticələr əldə edilir.
Poeziyada daha çox haiku və heca vəznli şeirlərdə müşahidə edilən bu metod adətən oxucunu xüsusi təsvir dalğasında boğaraq sonda ümumi hissi və təsiri nəticələr əldə edilir. Nümunə kimi Səməd Vurğunun Azərbaycan şeirini örnək vermək olar. Şeirin əvvəli konkret şəkildə Azərbaycanın təsviri, təbiətinin gözəlliyi ilə başlayır və oxucu məzmunun bu detallarından yola çıxaraq mütləq formada vətənə sevgi ideyasını çıxarır.
Anonim bir şairin minimalist şeirinə nəzər yetirək.
Küçədə bir uşaq gülür,
Yağış damlaları saçına düşür,
Gözlərinə qonur günəşin əksi,
Deyəsən, dünya hələ də gözəldir.
Bu şeir nümunəsinin ilk üç misrası xüsusi və konkret müşahidələr əsasında qələmə alınıb, son misrada isə ümumi nəticə çıxardılaraq dünyanın gözəl olması qənaətinə gəlinir. Bir sözlə şeirin ümumi mənası dünyanın gözəl olmasıdır.
Analogiya- müxtəlif hadisələr və anlayışlar arasında əlaqə yaratma, oxşatma metodudur. Fəlsəfə tarixində ilk dəfə Aristotel tərəfindən istifadə olunmuşdur. Bədii əsərlərdən tutmuş, akademik məqalələrə qədər ən çox işlənilən məntiq üslubu sayılan analogiya poeziyada bədii təsvir və ifadə vasitələrində özünü göstərərək şeirlərə rəngarənglik qatmaqadır.
Analogiya prosesinin əsas mərhələləri aşağıdakılardır:
•Müşahidə və məlumat toplama – İki və ya daha çox obyekt arasında oxşarlıqların müəyyən edilməsi üçün ilkin məlumatlar toplanır.
•Oxşar xüsusiyyətlərin təhlili – Obyektlər arasındakı ümumi və fərqli cəhətlər araşdırılır.
•Analogiya qurulması – Müşahidə olunan oxşarlıqlar əsasında bir obyektin xüsusiyyətlərinin digərinə tətbiq edilə biləcəyi nəticəsinə gəlinir.
•Hipotezanın yoxlanılması – Analogiya əsasında irəli sürülən nəticə yeni nümunələr üzərində sınanır.
•Nəticənin təsdiqi və tətbiqi – Əgər analogiya doğrulanırsa, bu qayda geniş tətbiq edilir və elmi biliklərə əlavə olunur.
Miflərarası paralellikdə belə istifadə edilən bu metod bəlkə də məntiq üslubları arasında sərhəddi böyük olan metoddur. Misal üçün Roma, Yunan, Astek mifləri arasındakı bənzərlik, İran, Azərbaycan və ərəb şeiriyyatı arasındakı oxşarlıq, roman və german dillərindəki eyniklər və.s kimi mövzuları analogiya qurmaqla daha aydın şəkildə oxucuya təqdim etmək olar.
Poeziyada da sərhədd tanımayan bu üslub Qədim dövr Azərbaycan ədəbiyyatından düz müasir dövrə qədər şairlər tərfindən işlənilən metoddur. Qeyd etmək lazımdır ki,misralararası analogiyanın qurulmasında daha çox təşbeh işlək rol oynayır.
MəFAİlun-4
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-niysandan gühər verməz.
Füzulinin məşhur “Verməz” rədifli bu qəzəlinin məqtə beytində misralararası əlaqəni analogiya qurmuşdur. Şeirdə şair özünə xitab edərək deyir ki, dünyadan və ya bu zamandan birşey almaq , diləmək istəyirsənsə, ağlamaq lazımdı. Necə ki, sədəf aprel yağışından(yaz yağışından) su diləməsə, istəməsə mirvari bəxş eləyə bilməz.
FAilAtün-3, FAilun-1
Yümni-nətindən gühər olmuş Füzuli sözləri,
Əbri-nisandan dönən tək lölöi-şəhvarə su.
Bu beytdə də Füzuli mükəmməl şəkildə analogiya istifadə edərək misraları bir-birinə bağlamışdır. Şeirdə deyilir ki, bəxt və bərəkətin nətində gövhər (qiymətli daş-qaş) olub Füzulinin sözləri, necə ki, aprel yağışından yaranan hökmdara layiq mirvarilər kimi.
Modern poeziyamızda Bəxtiyar Vahabzadənin və Vaqif Səmədoğlunun şeirlərindən nümunələr verərək analogiyanı ən sadə və müasir Azərbaycan dilində göstərək.
Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir,
İnsan göydə Ay kimidir,
Görünməyən tərəfi var.
Yuxarıda qeyd etdiyimiz təşbehin köməyi ilə analogiyanın qurulması prosesini Bəxtiyar Vahabzadənin bu şeirində çılpaqlığı ilə görmək mümkündür. Şeirin son iki misrasında insanın daxili aləminin görünməzliyi Ayın digər qaranlıq üzünün görünməzliyi ilə paralelləşdirilərək oxucuya təqdim edilmişdir.
Vaqif Səmədoğlunun “Şeir kimi ölmək” şeiri ilə analogiyaya nümunə verək.
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm…
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq…
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
Bu şeirdə Vaqif Səmədoğlu şair kimi ölərək cisminin unudulmağındansa, şeir kimi ölərək sonsuza qədər yaşamaq istədiyini dilə gətirir. Analogiyanı şeirin xüsusiyyətlərində tamamlamaq üçün təşbehdən yəni bənzətmə qoşmasından istifadə edir.