Nofəl Arazi – Bulud

Avqust günəşinin qızmar şüaları pəncərənin şəffaf şüşəsindən süzülərək istidən tərləmiş bədənimi daha da yandırırdı. Yatağımda var-gəl edirdim, çarpayıdan durmağa taqətim yox idi. Sanki günəş hər səhər mənə həyatın necə dözülməz olduğunu bildirirdi. Bir tərəfdən qonşudakı göyərçinlərin səsi təbiətin simfoniyasına çevrilsə də, mənim əsəblərimə toxunurdu. Adi günlərdən biri olmasına baxmayaraq hər şeyin bir məna ehtiva etməsi məni getdikcə sıxırdı. Pəncərənin şəffaf şüşəsi olmasaydı, mən yuxudan oyanmazdım, bu düşüncələrə qapılmazdım da. Ya da günəşin qızmar şüaları otağıma süzülməsəydi, hətta bu səhər günəş çıxmasaydı bu fikirlər məni narahat etməzdi.

   Nəhayət, zorla da olsa, yatağımdan durub paltarımı geyindim. Köynəyimdə acı qəhvə, siqaret, ətir qoxuları bir-birinə qarışmışdı. Sanki bunlar fərqli düşüncələrin bir beyində təzahürü idi. Əl-üzümü yuyana kimi üzümü tük basdığından xəbərsiz idim. İndi xatırladım ki, niyə üzümü qırxmırdım, axı babamın ölümündən cəmi bir ay keçmişdi. Hələ qırxını gözləməli olacaqdım…

   Son günlərdə babam xeyli zəifləmişdi, onun arıq, çılpaq bədəni mənə “Nəsimi” filmindəki Nəsiminin edam səhnəsini xatırladırdı. Gözləri görməyəndə artıq həyatın onun görməli olduğu qədər maraqlı olmadığının fərqinə varmışdım. Ailədə buna sevinən tək mən idim. Hərdən həyətdə gəzişərkən qəhər məni tutur, bəlkə də gözləri görsə də, özü bilərəkdən görmədiyini söyləyir deyə düşünürdüm. Mən evə babamın öldüyü gündən üç gün sonra gələ bildim. Evdə hər kəs mənə qınayıcı nəzərlərlə baxırdı. Axı babamın ölümündən iki gün əvvəl mənə zəng edib evə qayıtmağımı demişdilər. Bacarmadım, pulum, imkanım, zamanım var idi. Amma gücüm buna yetməzdi.

   Bakıdan kəndə qayıdanda yol boyu buludlara baxırdım. Uşaqlıqda insanların öldükdə buluda çevrildiyinə inanırdım. İndi babam da buluda çevrilmişdi, oradan-yuxarıdan məni izləyirdi.

   Hələ doğulduğumdan bu yana babamın ağladığını görməmişdim. O, hər zaman “kişilər ağlamaz” deyirdi.

   Birdən bu fikirlərdən ayıldım, küçədən keçən maşınların səsi olmasaydı, ayılmazdım. Yaxşı ki onlar var, yoxsa insanlar düşüncələr içində batıb gedərdi. Pəncərənin pərdəsini çəkdim, sonra həyətə düşdüm, mağazaya tərəf addımlayarkən quru isti nəfəsimi kəsirdi. Artıq iki aya yaxın idi ki, yağış yağmırdı. Göz üzündə hərdən buludlar görünsə də, yağışdan əsər-əlamət yox idi. Sonuncu dəfə yağış iki ay öncə kənddən qayıdarkən yağmışdı. Hə, iki ay əvvəl kəndə baş çəkmişdim.

   Babamı acılamışdım, evdəkilərlə dalaşmışdım, artıq onlardan bezdiyimi, onların hər şeydə məna axtaran cahil xalq adlandırmışdım. Axı həqiqətən belə idi. Onsuz da atamın ölümündən sonra evdən soyumuşdum. Babamla dalaşmağımın da səbəbi elə bu idi. Necə ola bilər ki, insan öz övladının ölümündə məna axtarsın?

   Mağazadan iki çörək, bir qutu siqaret, bir qab acı kofe aldım. Yenidən evə qayıtdıqda ilk işim qəhvə içmək oldu, ardıyca bir siqaret, gecədən bəri külqabını boşaltmamışdım. Saydım, qabda düz 21 dənə siqaret kötüyü var idi. Mənim indiki yaşım qədər. Günortaya qədər daha üçünü çəkdim, qabda artıq 24 dənə siqaret kötüyü var idi, atamın ölərkən yaşının yarısı qədər.

   Bilmirəm, nədənsə gözümün qarşısında babam canlandı, onun acgözlüklə siqareti sümürməsi. Həmişə siqareti dişində əzərdi, sanki bütün demək istədiklərini dişiylə saxlayırmış kimi. Barmaqlarının arasında tutub saxladığı siqaret yandıqca bütün həyatı göz önündən keçir, içdiyi suyu belə qəndlə içməsi acı xatirələri basdırırdı.

   Bəzən öz-özümə düşünürdüm, həyat niyə bu qədər mənalıdır? Bu mənalı həyatdan bezməmək mümkün deyildi…

   Tez paltarımı dəyişdim, bir maşın tutub bir başa kəndə gəlməyi qərara aldım. Niyəsə, tez bir şəkildə babamın qəbrini görmək istədim. Səbəbini bilmirdim, düşünmək, bunda da məna axtarmaq istəmirdim. Yol boyu sadəcə buludları izlədim, babamın da atam kimi bir buluda çevrildiyinə özümü inandırdım.

   Kəndə çatdım, qəbristanlığın yanında maşından düşdüm. Anidən maşından düşməyimlə günəşin şüalarının gözümü qamaşdırmağı bir oldu. Dərim bu qızmar şüalar altında yanıb qovrulsa da, havadakı rütubət nəfəsimi açdı. İçimdə qəribə hiss var idi. Babamı öldükdən sonra ilk dəfə ziyarətə gəlirdim. Heç keçən səfər gələrkən belə qəbrinə baş çəkə bilmədim. Qürurum buna yol vermədi…

   Qəbirlərin arasından tez bir şəkildə babamın qəbrini tapdım, onu başdaşında görmək mənə çox ağır gəldi. Qəbrin önündə diz çökdüm, hönkürtüylə ağladım. Göz yaşlarım, hönkürtülü yalvarışlarım babama ağır gəlirdi. Mən onun sözünə əməl etmədim, bacarmadım, ağladım. Bütün bunların anidən baş verməsi, səbəbsiz yerə olmağı öz seçimim idi. İstədiyim həyat da bu idi, mənasızlıq!

   Başımın üstündə toplaşan bulud da ağladı, babamın göz yaşını ilk dəfə orada gördüm…

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir