Mustafa Çələbi – Şeirlər

Başını avtobusun şüşəsinə söykəyən qız,

Nə keçir ürəyindən, niyə qəmlisən ?

Susma, bir danış…

Dodaqların danışmır,

Gözlərin eynəkdən o tərəfi görmür, ay qız

Fikirin kimin yanındadı, özün kimin yanında?

Harda düşəcəyin heç olmasa yadındadı?

Başını avtobusun şüşəsinə söykəyən qız,

Mən düşürəm, sənə yaxşı yol!

Bəxtindən küsəndə öz saçlarını yox, Taleyinin saçlarını yol…

Keçmiş

Dekabr axşamı…

Hələ uşaq idik, topla oynayırdıq,

Şaxta kəsir, ara bir evə boylanırdıq,

Gecə yarısı evə gedib, danlanırdıq,

Çul düşmüş bədənlə yatıb,səhər oyanırdıq,

Sonra o gecələr olmadı, danlanıb, yatmadım,

O “dostlarımı” bir daha tapmadım,

Onlar atdılar, mən onları atmadım…

Allahdan plagiat

Nə çölə çıxıram, nə bir dostla görüşürəm,

Çiyinlərim davamiyyətsizlikdən əziyyət çəkir (lər)…

Mələklərim oturub boş-bikar,

Allaha yalvarır, işzizlikdən əziyyət çəkir(lər)…

İblis gəlir-gedir ağlıma,

Vəsvəsə əkir,

Bitirə bilmir əkinini, peşiman əlin çəkir.

Qapanmışam kimsəsizliyimə,

Allahın dediyinə susub,

Vurulmuşam kimsəsizliyinə.

Təkliyi Allahdan plagiat edirəm.

Bilinməz sirdaş

Oturmuşam ağacın altda

Sən yoxsan, bir ağacdır, bir də mən.

Dərdləşirik, mən danışıram, o titrəyir,

Sonra susur…

Babam keçən qışdan baltanı itləyir,

Sirdaşımı kəsmək üçün,

Sən getmişdin, onu da babam aldı əlimdən,

Yenə təkəm, yenə yalqızam.

Mənə bir mesaj göndər,

Qəlbimdə ümid toxumunu əkmək üçün.

Sevirəm tək oturmağı, İlahi,

Tək qalıram, sənə oxşamaq üçün…

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir