Məzahir Mizan – Şeirlər

İzmirdən fraqmentlər

Öyrəşməyə çalışıram

Bu səs-küylü şəhərin

Görmədiyim

Bilmədiyim axınına.

Öyrənməyə çalışıram

Üz tuturam

önümə çıxan sakininə

Mən yadam e anlamıram

Üz tuturam bu tərifli gözəlin

Doğmasına, yaxınına.

Niyə sevilir bu şəhər?

Sevməyin də mənim kimi

Lap az qala nifrət edin

Havasına, torpağına

Sahibinə, qonağına

Bu gözələ

İzmir adlı bu gözələ

Lap az qala nifrət edin.

ㅤㅤㅤㅤㅤㅤ

Bu gözəlin bər-bəzəyi hardadı

Küçələri iyrəndirir bu gözəli özündən

Sevilməli az yanı var:

Burnu saat qülləsi

Egey adlı, mavi rəngli olsa da,

Qoxu gəlir gözündən

Nə vaxt sərin meh əsir.

ㅤㅤㅤㅤㅤㅤ

Dar küçələr qəlbim kimi hər gün daha çox sıxılır

İnsanlar da dərd-qəm təki

O dar yerə yığılır.

Bağırmağa çalışıram dayanmadan

Səsim yoxdur

Heç öz qulaqlarıma belə yetmir

Qışqırsam da, susmasam da,

Unuduram təkliyimi

Məni kimsə eşitmir.

Səsim kimsəyə çatmır.

Sanki zəhləm gedən, nifrət etdiyim

Qonağa get deyirəm

“Hələ tezdir” deyir, getmir.

ㅤㅤㅤㅤㅤㅤ

Bir kimsəli bir adaya düşmüş kimiyəm

Əllərim boş, ürəyim boş.

Mən başqa dünyanın sakiniyəm,

Eh olmasa da xoş.

Ciddiyə almalıydım həmin məşhur sualı

Düşünməzdim başıma gələcək

Məni yoracaq bu halı

Həyatın qalmaqalı.

Götürməli olduğum

Üç vacib şey nə idi?

İndi fikrim dəyişib,

İndi-indi ağlım kəsir

Gələndə tapmalıydım:

Bir çimdik ümid,

bir kasa səbir,

bir də həvəsim

 ********    

Hey yuxarıda olmağına

çalışdığın,

hey yuxarı dırmaşdığın,

dəfələrlə aşdığın

                               bu dünya,

Adamların üz-gözünə

basa-basa qalxdığın,

İki addım öndəkinə

Tanrı kimi baxdığın

                               bu dünya,

              Nər

               di

              van

deyil,

         Pil

              lə

                 kən

                       dir

əzizim.

Və insanlıq pillələri

      yanlış qoyan adamların

           səhvlərinin əzabını çəkəndir,

                                                     əzizim.

********

Qanın it qanı deyil,

hər yuxudan duranda.

Yəqin ağrı da olmur

hər ürəyin vuranda.

Gecə rahat yatırsan,

kabus olmur qonağın.

Yaşadırsan hələ də

içindəki uşağı.

ㅤㅤㅤㅤㅤㅤ

Söyüb, yumruqlamırsan

güzgünü hər baxanda.

Düşünmürsən intihar

bir saniyə, bir an da.

Aşiq deyil dodağın

uzun bir ağ kağıza.

Aman verməz gözlərin

Bircə damcı yaş sıza.

ㅤㅤㅤㅤㅤㅤ

Altında rəqs edirsən

bəlkə yağış yağanda.

Mənimki həyat deyil

yəqin ordan baxanda.

Ağrı, qorxu, söyüş var,

hər günümün içində.

Bir də şeir yazıram,

hərdən belə içəndə…

********

Bu gün xüsusi gündür

ay əzizlərim, ay doğmalarım

yığışıb gəlin.

Bu gün xüsusi gündür

işdən çıxın, pivə məndən,

gəlib bizdə dincəlin.

Bu gün kağız verdilər,

üzərində möhürü, səliqəli imzası.

Böyük hərflərlə “TƏBRİK”,

Sonunda da nidası.

ㅤㅤㅤㅤㅤㅤ

“Bu ay yaxşı qul oldun

heç çıxmadı səs-sədan,

həm də yaxşı əsirdin

müdir gələndə qorxudan”.

Deyib əlimi sıxdı kostyumlu bir kişi.

O an sevinc qonaq gəldi,

yola salıb təşvişi.

ㅤㅤㅤㅤㅤㅤ

Görüm hardan asıram bu qiymətli kağızı,

gərək yuxarıda dursun

baxıb-baxıb fəxr eləyim özümlə.

Ya da çərçivələyim, iş masamı bəzəsin

Eh masam da köhnədir

təzə “təbrik”im üçün

gərək alım təzəsini.

ㅤㅤㅤㅤㅤㅤ

Aaa!!! Tapdım, tapdım!

Çıxarım o divarda

illərdir qarşılıqsız işləyən,

arabir daşını dəyişdiyim

köhnə, axmaq saatı.

Yazığım gəldi bir tərəfdən,

bu qədər müddətdir

bir “təbrik” kağızı almadan işləyir,

boş-boşuna itirir bu həyatı.

ㅤㅤㅤㅤㅤㅤ

Ora da yaman hündürdü,

gərək bir şey tapım tez.

Bəlkə iki stulu üst-üstə qoyum

Necə deyərlər? Eləyim sintez.

Hehehe nə qəşəng qafiyə oldu.

Bəsdir gəvəzəlik etdim, asmaq lazımdır artıq.

ㅤㅤㅤㅤㅤㅤ

(Stulları üst-üstə qoyur)

Ya Alllaaah! Qocalıram, ətağa.

(Saatı çıxarıb yerə atır)

Həə, indi hazırdır yeri.

Aaaaaa!!!!! Aaaaaaaa!!!

ㅤㅤㅤㅤㅤㅤ

(Stullar aşdı birdən

çıxdığı ən yüksək pillə vardı a

oradan düşdü qəfildən.

Təsadüfə bir bax e,

ömrünü həsr etdiyi A4 ölçülü kağız

düz düşdü sağ əlinə.

Kağız necə yüksəltdi,

Elə də atdı dərinə)

ㅤㅤㅤㅤㅤㅤ

(Yerə yıxılan adamın indi gəlmir nəfəsi,

nə də otaqda duyulur işləməyin həvəsi

Sanki yardım səsidir

illərdir qarşılıqsız işləyən

Köhnə, axmaq saatın səsi)

********

Və sənin bütün o həyatın

bəlkələrlə doludur;

bəlkə o da uduzub

bəlkə o da keçmişinə tutunur

bəlkə o da xatırlayıb ovunacaq…

ㅤㅤㅤㅤㅤㅤ

Və mənim bütün qorxularım

eyni sözün ətrafında dolanır;

bəlkə artıq unudub

bəlkə indi unudur

bəlkə bir gün unudacaq…

********

Çarəsizlik dünyası, ümidsizlik ölkəsi,

Neçə qəzaya şahid İzmirin sərt döngəsi,

Belə yorğun şəhərin işıq görməz küçəsi,

Uçuq-sökük evlərin örtülməz pəncərəsi,

Gecə evinə gedən cütlüklərin qorxusu,

Qəlblərə hücum çəkən zalım kədər ordusu,

Boğuşması duyulan quduz köpək sürüsü,

Alovlanan eşqlərin yol itirən tüstüsü,

Və daima yuxusuz, xəyalpərəst bir axmaq,

Bir də ürəyimdəki heç bitməyən darıxmaq,

Gecəniz xeyrə qalsın!

Dərdlərimi sayıram

Sayıram ki, azalsın…

********

Madam ki bu qədər

                    uzaqdasan sən,

Sən öz yolundasan,

                   mən öz yolumda.

Paralel düz xətlər də

kəsişmir ki, əzizim.

Əlimizdə deyil bu

Mütləq həqiqətlər də

dəyişmir ki, əzizim.

ㅤㅤㅤㅤㅤㅤ

Bir də inadkarlığım,

Bir də ki narsistliyim,

İnandığın hər şeyi

İnkar edirdim deyə

O dünyada yenə də

görüşmərik, əzizim.

Sənin tanrın belədir,

əmin ol eyni yerə

biz düşmərik, əzizim.

ㅤㅤㅤㅤㅤㅤ

Madam ki bu qədər

                         darıxırıqsa,

Sən də susursansa

                 mən susuramsa

utanma bir mesaj yaz.

Gəl rəqəmsal dünyada

Gələcək fikirləşək.

Gəl ikili kodlarla

Bu dünyada fırlanaq.

1-ləşək

0-lanaq.

********

Açılmayan pəncərə,

tərsinə dönən saat

bir də ki közərərək

yanan köhnə lampa

imkan vermir rahat olum.

ㅤㅤㅤㅤㅤㅤ

Pəncərə məni qorumur,

məndən çölü qoruyur.

yandırdığım ümidlərin tüstüsündən

otağım ölü qoxuyur.

ㅤㅤㅤㅤㅤㅤ

İki atın misalıdır

divardakı saatım

öz yolunu itirir.

mən keçmişə gedirəm

o da geri sürünür.

ㅤㅤㅤㅤㅤㅤ

Bir də mübarizə var burda

mən işığı yandırıram,

inadkar qaranlıq

otağı tərk etmək istəmir.

İşıq bir gün yanmayanda

qaranlığa yoldaş olub gedəcəm

bəlkə qorxur gecədən

bəlkə tək getmək istəmir…

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir