İşıq gələn tərəf – Anar Oğuz (Hekayə)

“İşıq gələn tərəf”

“Gənclərin sümürülüb, söndürüldüyü,

bu şəhər – divlərin külqabısıdır.”

Bakı

İşsizlikdən əziyyət çəkirdim. Hətta “əziyyət” sözü çəkdiklərimin yanında çox nazik səslənirdi.

İşsizlik insanı əvvəl dost mühitindən, sonra evdən, sonda isə öz içindən qovur.

Hər kəsə borcluydum. Qonşuya, dostlara, banklara, Azpulmanata, köhnə sevgilimin doğum günündə almadığım hədiyyəyə qədər. Necə deyərlər, itə də bir əppək borcum var idi.

Günorta on ikidə, birdə oyanıb ilk siqaretimi sümürəndən sonra iş axtarışına çıxırdım.

Özümü tərifləmək kimi çıxmasın, bacarıqsız da deyildim: iki il pizzaçı, bir ilə yaxın tantuniçi, bir neçə ay bərbər, il yarım da barista işləmişdim. Əlaqəsiz sahələr olsa da, hər birində yetəri qədər uğurlu sayılardım.

Əsasən barista və pizzaçı vakansiyaları ilə maraqlanırdım. Ancaq hər dəfə təklif olunan maaşla tələb olunan işin arasındakı uçurumdan işsizliyə yıxılırdım.

Evə qayıtmaq gün batanda yadıma düşürdü.

Axşamlar məhəllədə dostum Elşənlə bir az dərdləşərdik, o da məndən beş-betər vəziyyətdə idi. Bu qədər borcun içində kreditə gitara almışdı. Ödəyə də bilmirdi. Özünü söyürdü, təsəlli olsun deyə mən də söyürdüm.

Elə növbəti gün də eyni radələrdə oyanmışdım. Siqaretimi çəkib Feysbukda ismarıclara baxırdım.

Bir Çinli qız “Hellooo😋” yazmışdı. Az qaldı ondan da borc istəyəm, amma fikrimi dəyişdim. Nə də olsa qürür kasıbın son mülküdür, satmaq da olmur, daşımaq da.

Elə o vaxt, səbəbsiz-bəhanəsiz gəzərkən gözümə bir elan dəydi:

🇦🇱 ALBANİYADA PIZZAMEN AXTARILIR

• Maaş: 1500 avro

• İş saatı: 12

• Yatmağa yer var, yemək verilir

• Yol xərci qarşılanır

Rəyləri oxudum:

“Camaatı aldatmayın”, “Bezmişik belə fırıldaqçılardan”, “Qiyamət günü haqq qarşısında cavab verəcəksiniz…”

Gülümsədim. Sonra içimə qurd düşdü. Görəsən fırıldaqdır?

Bir neçə tanışım da bu kimi elanlarla xaricə gedib, altından fırıldaq çıxıb,

Beynim atam kimi danışmağa başladı: “Sənə kim verər 1500 avro? Üç dəfə pizza çevirmisən deyə Avropaya göndərəcəklər səni?”

İşsizliyin, kasıblığın bir mərhələsindən sonra insan artıq yaxşı xəbərə də pis baxır.

Düşünürsən ki, bu qədər düz yazılıbsa, yəqin hansısa yeri çox əyridir.

Albaniyanı tanımırdım. Xəritədə yerini soruşsan, tapmazdım.

Amma qəribədir, yenə də inanmaq istəyirdim. Çünki başqa çarə qalmamışdı.

İnternetdə bir az baxdım –

qəribə, unudulmuş, sanki Avropanın cibində qalmış bir ölkə idi.

Köhnə binalar, boz küçələr, günəşli dəniz kənarları, keçmiş sosialist havası…

Bir siqaret də yandırdım. Dərindən sümürüb nömrəni yığdım – nə olacaqsa, olsun.

…Lənət olsun, nömrəm də iki tərəfli bağlanıb.

Nömrəni “Xaricdə iş” adıyla yaddaşa salıb WhatsAppdan yazdım:

— Salam, pizzaçı vakansiyası ilə maraqlanıram.

— Salam, qardaşoğlu. Adım Sərxandır. İngiliscən var?

— Zəifdir, amma mətbəxi yola verə bilərəm.

— Hmm… bəs eləyər. Deməli, ev verir, yol pulun qarşılayır, üç min manata yaxın da pul verir. Bəy balası kimi yaşayassan. Səndən tələb elədikləri sadəcə pizza hazırlamaqdır. Mənim də hörmətimi eləyəcəksən – 500 avro.

— Avro?

— Avropadayıq da… manat var burda? Haha.

— Əvvəlcədən verməliyəm?

— Yarı-yarıya verərsən, sənə görə gözləyərəm.

— Çox sağ olun.

— İngiliscə CV göndər, biletini aldırım, çıx gəl.

— Oldu.

Pulu haradan tapacağımı düşünürdüm.

Mənə kredit düşmürdü. Qəfil, Elşəni və gitarasını xatırladım, gülümsədim.

Zəng edib, “gitaranı ver, mən ödəyərəm” dedim. İnanmasa da, çarəsizlikdən verdi.

“Yamaha” markalı gitaranın şəkillərini çəkib tap.az saytına yerləşdirdim.

Təzə olduğunu, sadəcə ehtiyacdan satdığımı, dəyərinin 1300 AZN olduğunu qətiyyətlə vurğuladım.

900 manat qiymət yazmışdım, iki gün keçmədi – 700 manata gitara kursuna satdım.

Sərxan biletimi aldı, mən də ona üç yüz manat beh göndərdim.

Sabah saat 04:10-da ölkədən çıxacaqdım. Həyəcanlı idim.

Bütün tanışlarım mənimlə məzələnirdi. “Başına oyun açacaqlar. Doğrayıb, orqanlarını satacaqlar” — deyirdilər.

İlin, günün bu vaxtında kimdir sənə üç minə yaxın pul verə, xərclərini də qarşılaya?

Onlara izah edə bilmirdim ki, məni doğrasalar belə, vəziyyətdən çıxarmış olurlar.

Gedib saçımı düzəltdirdim, təzə alt paltarı və corab aldım.

Yanıma üç kitab götürdüm: Tolstoy – Etiraflarım, Umberto Eko – Qızılgülün adı, Rafiq Tağı – Hekayələr.

***

İstanbul hava limanı

Təyyarəyə axırıncı dəfə əsgərliyə gedəndə minmişdim. Bu isə daha uzun bir uçuş olacaqdı. “Pegasus hava yolları” bizləri salamladı. Yerimi tapıb oturdum. İki gündür həyəcandan yatmamışdım, gözümü yuman kimi yuxu məni apardı.

İstanbul hava limanına endim. Gözləmə zalı ağzına qədər dolu idi.

Yerə uzananlar, bardyorda oturanlar, tualet axtaranlar, Wi-Fi üçün sıraya duranlar, siqaret çəkmək üçün yer soruşanlar…

Elə bil bura hava limanı yox, bir neçə xalqın eyni anda çaşqın düşdüyü kütləvi panika mərkəzi idi.

Təcili tualet tapıb ehtiyacımı ödədim. Qəhvə içmək istədim, amma qiymətlər 7-9 avro arası idi.

Nə edəsən, 2 avroya çay içmək qərarına gəldim.

Ortaboylu, əsmər, bığlı, türk seriallarındakı o “yavşaklara” bənzəyən satıcıdan çay istədim.

Üzərimdə xırda olaraq sadəcə 50 dollar vardı, xırdası yox idi.

Çay isə hədiyyə oldu – satıcı yavşağa oxşamadı.

İnternet üçün sıraya düzüləndə gördüm ki, milli10 aparatına bənzər bir maşına vəsiqəni göstərirsən, dörd rəqəmli kod alırsan və “Free internet”ə qoşulursan.

Görməmişlik kimi çıxmasın, bu sistemi ilk dəfə görürdüm.

İnternetə girib son mesajları cavablandırdım.

Atama harada olduğumu, dostlara isə niyə xəbərsiz getdiyimi yazdım.

Tək problem qaldı — təcili siqaret çəkib altı saatlıq gözləməyi harada edəcəyim.

Gözüm bir dükanın arxasında bitki məhsulları satan qıza sataşdı.

Sarışın, orta boylu, 25-30 yaşlarında, balıq ətli, kaman qaşlı, alma yanaqlı, bal dodaqlı qızdan soruşdum:

— Sigara içmek…

— Teras, hemen irelide, sağda, — dedi.

Ona təpədən-dırnağa təşəkkür edib uzaqlaşdım.

Teras dediyi yer MMA qəfəsinə bənzəyirdi.

Həftə içi 18:00-da 28 May metrosuna girirmiş kimi terasa girdim.

İt yiyəsini tanımırdı. Hər kəs fərqli markalı siqaret çəkir, fərqli dildə danışır, tüstünü fərqli istiqamətə üfürürdü.

Özümü siqaret çəkdiyim üçün danladım, başqalarını da söydüm.

Axı nə məcburdu bu qədər adam — yaşlı, cavan, kişi, qadın — MMA qəfəsinə bənzəyən bir terrasda tüstü içində boğulsun?

Siqaretimi çəkib çıxdım. Yenə özümü danlayıb, başqalarını söydüm. Özümə birtəhər yer tapıb oturdum.

Bədbəxtlikdən elə bir yerdə idim ki, ötüb keçənlər tez-tez nəsə soruşur, əsəbimi korlayırdılar.

Gənc oğlanlar, yaşlı kişilər, qoca arvadlar nə soruşsalar, qətiyyətlə “bilmirəm” deyirdim.

Gənc qızlara isə bacardığım qədər kömək edir, bacarmayanda nəzarətçiyə yönləndirirdim.

Qarşımda yerə ədyal sərib uzanmış bir qız — tattolu, sarı dred saçlı, bal dodaqsız, alma yanaqsız, kaman qaşsız, uzunboylu — məndən xahiş etdi:

— Əşyalarıma göz qoyarsan? Bir siqaret çəkim.

Həyəcanla “No problem” dedim.

Əslində mənə göz qoyan lazımdır. Guya indi əşyalarını oğurlasalar, nə edəcəm?

Qovalayası deyiləm, qovalasam tutası deyiləm, tutsam da nə edəcəm ki?

Heç nə! Qoyub göt-baş edəcəklər. Gərək qəbul etməzdim.

Tez durub uzaqlaşdım, təyyarəmin qapı nömrəsini tapıb orada oturdum.

Fürsət tapıb bir az da yatdım.

Oyandığımda hamı düzülmüşdü, vəsiqəsini göstərirdi.

Tez qaçıb MMA qəfəsinə bənzəyən yerdə bir siqaret də çəkdim. Əşyalarını mənə tapşıran dred saçlı, tattolu, kaman qaşsız, bal dodaqsız, alma yanaqsız qız məni görüb “fuck you, bitch” dedi. sonra təyyarəyə mindim.

“Pegasus Hava Yolları” yenə bizləri salamladı.

Yerimi tapıb oturdum. Yanımda iki türk oturmuşdu, birlikdə film izləyirdilər.

Stüardessalar təlimatlandırdı – elə incə-incə danışırdılar ki, əsnədim, yuxum gəldi.

Ayaqqabılarımı çıxarıb, yenidən yatdım.

Tirana

Məni hava limanında Emre qarşılamalı idi. Əsas əlaqəçi o idi – pullar ona çatır, o da işçilər arasında bölürdü.

Emre ilə salamlaşıb maşına mindik.

Emre – 38 yaşında, boyu uzun, saçı qısa, üzü həmişə təmiz. Subaydır, nişanı özü atıb. Bir müddət depressiyada qalıb, amma indi “çox şükür” yaxşıdır. İki ildir siqareti tərgidib, sağlam qidalanır. Axşam altıdan sonra yemək yemir, on birdən gec yatmır. Ən sevdiyi serial Ezel, ən sevdiyi müğənni Mabel Matizdir. Qadınlara güvənmir, işi evə aparmır.

Maşının pəncərəsindən şəhəri analiz etməyə başladım.

Şəhər gözlədiyim kimi deyildi. Yol boyunca sağlı-sollu təpələr, köhnə binalar, bir az da sovet qalıqları görünürdü. Bakıdan fərqli idi – bura daha az sıx, daha az tıxaclı, amma daha çox yavaş nəfəsliydi.

Dağların dənizə yıxıldığı bu şəhər daha çox böyük bir kəndə bənzəyirdi.

Ağaclar, çəpərsiz və bir-birinə yaxın tikilmiş evlər, parklar, otellər.

Velosiped sürən qocalar, uzun boylu, açıq saçlı gənclər – həm qızlar, həm oğlanlar.

Restoranlar sakit idi, adamlar tələsmirdi.

Şəhər darıxdırıcı ab-havası ilə ilk təsirini çox tez göstərdi.

Birdən içimdə qəribə bir narahatlıq oyandı. Həyəcanlandım.

“Birdən məni aparıb doğrasalar? İçalatımı çıxarsalar? Orqanlarımı satsalar? Kimin xəbəri olacaqdı ki?

Emredən icazə alıb, siqaret yandırdım,

Emre susmurdu. Yol boyu elə hey vurğulayırdı ki, “bax gör necə yaxşı eləmisən, çıxmısan o ölkədən. Kişi gərək risk eləyə, daşdan pul çıxara.”

Gəlib çatdıq qalacağımız evə.

Dörd ulduzlu otelin yanında bir otaqlı ev idi.

Qapının ağzında artıq 7 nəfər vardı. Mənimlə bir yerdə:

– 5 azərbaycanlı

– 2 alban

Hamımız bu bir otaqlı evdə qalmalı idik.

Əşyalarımı kravatımın üzərinə qoyub oturdum, başım ağrıyırdı və sabah artıq işdə olmalı idim.

Məni hələ ki, doğrayıb, içalatımı çıxarmamışdılar.

Hərəmizə bir pizza və bir coca-cola verdilər.

Yeyib-içdik, tanış olduq. Elvin nəşə çıxarıb uşaqlara təklif etdi.

Elvin – əslən ağsudan olsa da əhmədlidə böyüyüb. Arıq, çəlimsiz, saqqalı, əlinin üstündə “Memento mori” tatosu var. Qazi və solçu idi. Başında bir qəlpəni çıxara bilmədikləri üçün onunla yaşayır. Çıxarsalar öləcək.

Mən və albanlardan biri çəkmədi. Digərləri çəkdilər çənələri qızışdı.

Əsgərlik söhbətləri, qəhrəmanlıq hekayələri başlayan kimi aranı cırıb kravatıma uzandım. “Etiraflarım” dan beş-səhifə oxumuşdum ki, yuxu tutdu.

***

Səhər saat yeddidə oyandım. Tualet sırasında altıncı yeri tutmuşdum. Elə bil hər kəs gecə boyunca qorxulu yuxular görmüşdü və indi onlardan azad olmaq üçün sıraya düzülmüşdü.

Bura gəlməklə yaxşı iş gördüyümdən hələ də əmin deyildim. İçimdə qəribə bir hiss vardı — həyəcan, qorxu, utanc və yüngül ümidsizlik qarışığı. Elə bil mədəmə bir daş bağlamışdılar. Az qala altıma işəyəcəkdim.

Ehtiyacımı birtəhər yüngülləşdirən kimi, çölə çıxıb siqaret çəkənlərin yanına getdim. Hamı ilk iş günü üçün toplaşmışdı, hamı danışırdı, amma heç kim bir-birini eşitmirdi. Tanımadığım dillər, tanımadığım sifətlər.

Menecer bizə yaxınlaşdı. Adı Nina idi.

Nina – 28 yaşı var. Saçları sarı, gözləri rəngli, gözəl fiquralı və nişanlıdır. İşdə tələbkar və ciddidir. İşçilərlə zarafatı sevmir.

Məndən “Marqarita” hazırlamağımı istədi. Hazırladım. Dodaqlarını büzərək, ağzını əyə-əyə bir dişdək aldı. Sonra başını tərpədib “good” dedi. Yəni menyunu öyrən, sonra işə başla.

Azərbaycanlıların hərəsini bir otelə paylamışdılar. İşdə heç kimi tanımırdım, heç kimi başa düşmürdüm, heç kimi də sevmirdim. Utandığımdan yerimdə oturmurdum: nəyisə daşıyırdım, silirdim, düzəldirdim — təkcə “işə yaramayan” görünməmək üçün.

İşdəkilər mənimlə Albanca danışırdı. Alınmayanda ingiliscəyə keçirdilər. O da alınmayanda — mimika, jest, başını qaşıma, əlini sallama… Və nəhayət, bezib məndən zəhlələri gedirdi. Yanımda, gözümün içinə baxa-baxa danışır, amma nəyisə demirdilər. Və bütün zibili – qab yumaqdan tutmuş, döşəmə silməyə qədər – mənə gördürürdülər. Mən də qarşı çıxsam işdən çıxararlar deyə məcbur yerinə yetirirdim.

Evdə hələ dil açmamış balaca bacısı və ya qardaşı olanlar bilər — nəsə qələt olanda, təqsiri onun üstünə atırsan. O da yazıq, danışa bilmədiyindən, sadəcə başlayır ağlamağa. Evdəkilər də üzünü tumarlayıb deyir:

– Eybi yox, ağlama… bilməmisən də… a bucu-bucu…

İşdə də vəziyyət eyniydi. Sifariş səhv çıxan kimi günahı rahatca mənim boynuma atırdılar. Mən başa salmağa çalışırdım, amma Nina yenə o səslə, o “balacalara danışan böyüklər” tərzi ilə deyirdi:

– No problem, it’s okay… a bucu-bucu…

Əvvəlcə sakit olmağa, “çalışaram, öyrənərəm” deməyə çalışdım. Amma hər səhər o dörd divar arasında oyanmaq, tualet növbəsində dayanmaq, eyni sifətlər, eyni üz ifadələri, eyni bezginlik… içimi yeyib-bitirirdim.

Menecer Nina gündən-günə daha da tələbkar olurdu. Əvvəlcə səhv etdiyimdə gülümsəyib “no problem” deyirdi. İndi isə gözlərini bərəldib, dişlərini sıxıb pıçıldayırdı:

– Again? Again this mistake?!

Qabların sayını səhv yazdım — bir gün maaşımdan kəsildi. Mətbəxdə sousu səhv verdim — az qala aşbaz bıçağı mənə tullayacaqdı. Bir dəfə yerə su töküldü, arxadan ayaq sürüyərək gələn bir köməkçi yıxıldı. Üzümə baxmadan qışqırdılar:

– Are you blind?!

Ən çox da o “ayrı-seçkilik” adamın belinə balta kimi dəyirdi. Məsələn, eyni səhvi alban işçisi edəndə başa salırdılar. Mən edəndə — sanki qəsdən eləmişəmmiş kimi, üstümə qışqırırdılar. Hətta bir dəfə Nina başqa işçiyə:

– He is lazy… he is slow… he is not like us.

Dedi.

“Not like us.” Həmin axşam təkcə bədənim yox, ruhum da əldən düşmüşdü.

Bir gecə evə qayıdanda pilləkənləri çıxmağa taqətim olmadı. Dizlərim əsirdi. Gəlib kresloya çökdüm, ayaqqabılarımı çıxartmadan uzandım.

İçimdəki boşluq böyüyürdü. Hər gün işə bir az daha gec gedir, bir az daha yavaş hərəkət edir, bir az daha az danışırdım.

Bura daş qoyanı və məni işə düzəldəni hər gecə xatırlayırdım.

Bakı üçün də darıxırdım. Daha doğrusu, burda olmayanlar üçün. Dostlar, tanış səslər… heç olmasa “salam” deyəndə başa düşülmək. Bakıya qayıtmaq istəyirdim, hələ ki, sadəcə istəyirdim.

Bir axşam çıxdım, dənizkənarı gəzmək istədim. Elə yola çıxmışdım ki, gördüm Elvin bir polisə pul uzadır. Polis əlini itələyib bunun qoluna girir. Səssizcə baxırdım. Həmvətənimdi axı – kömək etmək istədim. Amma ingiliscəm zəif idi. Nə deyə bilərdim ki?

Polis Elvini maşına tərəf dartarkən, Elvin qəfil, cərasətini toplayıb:

– I’m a veteran!

Dedi.

Amma heç nə dəyişmədi.

Apardılar.

Səhəri Emrenin köməkliyiylə çıxdı, nəşə ilə tutulmuşdu, yüngül pul cəzası ilə buraxmışdılar. Hardasa min manatla söhbət bağlanıb, Emre ödəyib, bu da maaşda qaytaracaqmış. Maraqlı olmasa da təəccübləndim, pis oldum, onunla siqaret çəkdim.

Artıq planımı qurmuşdum. Maaşımı alıb, vacib borclarımı bağlayacaqdım. Sonra rahatca Bakıya qayıdıb yenidən iş axtaracaqdım. Maaş gününü iplə çəkirdim.

***

Bakıya qayıdış

Maaş günü çağırıb zərf verdilər. İçində artıq saatlarla birlikdə düz iki min avro vardı. Zərfi açanda gözlərim işıldadı. Elə bil içimdə illərdir gərgin duran bir ip qopdu – boşaldım. Bütün iş yoldaşlarımı birdən-birə sevməyə başladım. Günəş daha parlaq, hava daha təravətli gəldi. Hamıya enerji içkisi alıb evə qayıtdım, başım fırlanırdı – xoşbəxtlikdən.

Bu həftə işdən çıxacağımı demişdim. Paltarlarımı topladım, çantama yığdım. Biletimi aldım. Şəhərdə bir aydır getmək istədiyim “Uyvara” restoranına getdim. Yaxşıca yeyib-içdim – həm azadlıq, həm vidalaşma. Keflənmişdim, evə gəldim, əynimi soyunub özümü yatağa atdım.

Dərin bir yuxuya getdim – yüngül, rahat, heç nəyin ağırlığını daşımayan bir yuxu.

Yuxumda bakıda idim, dostlarımla yeyib-içərkən içəri Nina girdi, məndən əsəbi şəkildə “marqarita” istədi pərt oldum.

Səhər saat birin yarısı olardı, oyandım. Marketə düşdüm, səhər yeməyi üçün pendir, sosis, çörək və qəhvə aldım. Nə də olsa, bu şəhərdəki son səhərlərimdən biri idi – xüsusi bir şey olsun istədim. Kassaya yaxınlaşdım. On iki min lek – hardasa on səkkiz manat. Əlimi cibimə atdım…

Pul yoxuydu.

Başımda bir səs uğuldadı. Sakitcə aldığım ərzaqları bir-bir yerinə düzdüm. Ayaqlarımı cütləyib tələsik evə qaçdım. “Yəqin stolun üstündədir… ya da pencəyimin cibində.”

Evin altını üstünə çevirdim. Stolun altı, çamadan, şkafın arxası, yatağın altı… yox. Pul yoxuydu. Sadəcə gödəkçəmin cibində yüz avro qalmışdı. Lənətə gəlmiş yaşıl yüzlük.

Hər kəsə xəbər verdim. Uşaqlara dedim, iş yoldaşlarıma dedim, Ninaya dedim. Kamera görüntülərinə baxacağını dedi. Axşama yaxın mesaj gəldi: “Bir şey görünmür…”

Ayaqlarım yerə yapışmışdı, beynimə isə yavaş-yavaş reallıq süzülürdü: pul oğurlanmışdı.

Min səkkiz yüz avro – mənim Bakıya dönüş biletim, borclarımın açarı, “həll olunacaq hər şey” Elə bil biri həyatımı stolun üstündən götürüb cibinə qoymuşdu. Hələ Emreyə dörd yüz əlli manat verməli idim. Zəng edib vəziyyəti izah etdim, qal işlə gələn ay verərsən dedi. Özümü on ildir burda yaşayımış kimi hiss edirdim. Bir gün daha dözə bilməyəcəyimi dedim, anlayışla qarşıladı.

Sabah bakıya yola çıxacaqdım.

Cibimdəki yaşıl yüzlüyün iyirmi avrosuna pivə, cipsi, tum alıb evə gəldim. Mahnı qoşub həvəslə içməyə başlamışdım ki, telefonuma sms gəldi.

Ekranım parıldadı – Elşən. Gitaranın kreditini ödəyə bilmədiyim üçün həm səs, həm də ekran görüntüsü atmışdı.

“TK062456 nömrəli kredit borcunuz 49 manat təşkil edir, zəhmət olmasa bu gün ödəyin.”

Pəncərəni açdım. Küçədə külək yenidən qalxmışdı. Qarşıdakı marketin köhnə reklam afişasındakı qız başını asta-asta bulayırdı. Qara bir pişik, burnunu havaya qaldırıb, addım-addım dilənçinin yanından keçdi.

İşsizlik insanı əvvəl dost mühitindən, sonra evdən, axırda isə öz içindən qovur.

Hər kəsə borcluydum. Qonşuya, dostlara, banklara, Azpulmanata, köhnə sevgilimin doğum günündə almadığım hədiyyəyə qədər. Necə deyərlər, itə də bir əppək borcum var idi.

“İşıq gələn tərəf – Anar Oğuz (Hekayə)” için 3 yorum

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir