Yad
Mən sənin eşqinə bürünmüş adam.
Mən sənsiz çılpağam, mən sənsiz yadam –
bu boz küçələrə, bu soyuq qışa,
asfaltı yumaqdan bezən yağışa,
sevincə, kədərə, qəmə, ağrıya,
yerdə adamlara, göydə Tanrıya.
Sənsiz ağırlığam yer kürəsinə,
Qayıt, darıxıram, and olsun sənə..
Alkoqolik
İçkili vəziyyətdə tapmışam özümü
adını bilmədiyim bir parkın skamyasında.
Kənardan dayanıb baxıram:
Həyatı – sanki baş qəhrəmanı ilk səhnədə öldürülmüş bir kino.
Gözləri uzaqları ölçür,
fikri gedənləri qaytarır.
Qulaqcığında “I found my love in portofino”.
Önündə söyüd ağacı,
içində sallanmaq arzusu.
Düşünür ki,
apteklər nə əcəbsə kəndir satmır.
Başının içi ölkə gündəmi kimi,
hər şey var,
təkcə gülləsi çatmır.
Günəş batdıqca batır o da fikrinin bataqlıqlarında,
ayağa qalxa bilmir.
Alıram içi dərd dolu dərini çiynimə,
gətirib atıram anamın qabağına.
Anacan, bağışla bunu,
ürəyi təmizdir, səni sevir,
amma həyata ayıq baxa bilmir..
Sən, Mən, Allah
Mən səndən
onların Allaha tutunduğu kimi tutundum;
toxunmadan,
görmədən,
yoxluğunda.
Sən mənə
Allahın onlara baxdığı kimi baxdın;
laqeyd,
səssiz,
uzaqdan..
Ölümdən sonra
Yeni doğulmuş ümidlərinin önünü qoca bir ölüm kəsər.
Atılarsan boşluğa, yoxluğa, heçliyə.
Baxasan torpağın üstündəkilərə, qışqırasan:
“Ayılın! Burda ərəb nağılları kömək etmir heç nəyə”.
Sonra baxasan yasında oturanlara;
Biri var-yoxuna söymüşdü,
birini son dəfə səndən borc alanda görmüşdün.
Biri yeməyə gəlib,
birini tanımırsan, heç bilmirsən nəyə gəlib.
Baxasan evində yetim qalan əşyalara;
Toz basıb “sabah oxuyaram” dediyin kitabları.
Yalnızlığını üzünə vuran divar saatı da susub çoxdan.
Pəncərənin sol küncündə bəslədiyin hörümçəyin toru qalıb təkcə.
Köhnə paltonun üzərindəki xatirələrin ağırlığına dözməyib, qırılıb asılqan.
Artıq azadsan, torpaqsan bir kəndlinin tarlasında.
Azadlıq ən son baxacağın yerdə gizlənmişdi –
ölümün arxasında.
Göndəriş
Bax, doyunca bax və gül halıma.
Bax çarəsizliyimə,
gör yorğunluğumu,
gül kədərimə.
Məni bura sən göndərdin,
mən özüm istəmədən.
Məni bura sən göndərdin.
Axı niyə?
Axı nədən?
Görmürsənmi ruhum üçün
çox cılızdır bu bədən?
Bilmirəm nə vaxtadək sındırıb, əyəcəksən.
Amma bir gün, amma bir gün
qarşına elə haqlı səbəblərlə gələcəm ki,
“bağışla” deyəcəksən.
Yəhuda öpüşü
Sən Yəhuda öpüşü qondurdun dodağıma,
Mən müqəddəs deyiləm, qeybə necə çəkilim?
Ən uzağı çarmıxa çəkəcəklər bu qurumuş bədəni,
Açacam qollarımı, yenə qucaqla məni..
Yenə də inanacam səmanın mavi olduğuna,
Başım üstə qara bulud addım-addım izləyəndə.
Həyatın rəngarəngliyinə inanmağa davam edəcəm,
Bomboz küçələri gəzib, boş-boş səni gözləyəndə.
İnanacam ölülərin belə bir dünyada bir daha yaşamaq arzusuna,
İnanacam dəlilərin beynindəki yalanına, doğrusuna,
İnanacam məmləkətin gəncliyinin oğrusuna,
Təki sən gəl, inanacam insanların tanrısına.
Bitsin artıq ruhumdakı bu amansız müharibə.
İçimdəki uşağı da öldürməyə gəlmir əlim.
Təki sən gəl, təslim olum, ya da çəkmə heç əziyyət,
İçi səninlə dolu kəlləmi gətirəcəm, yerini de, hara gəlim?
Xarabaqalmış
Bu xarabaqalmışın hər yeri sənsən axı,
Üzünü görməməkçün hansı divara baxım?
Gəlmədən sənə yaxın, hansı dərdə deyinim?
Hansı köynəyə əlin dəyməyib? De, geyinim.
Bu xarabaqalmışın çölündə bir həyat var.
Mən o həyatdan uzaq, mən içimə qapalı.
Bir vaxt qurban olduğum yollara lənət olsun,
İndi səni qoparıb uzaqlara aparır.
Bu xarabaqalmışı sata da bilmir adam.
Nəyə yükləmək olar bu qədər xatirəni?
Balaca bir otaqdır, pəncərəsi üzümə,
Yatağın sən tərəfi yoxluğuna dirənir.
Bu xarabaqalmışın hər yeri sənsən axı..