İsa Məmməd – Şeirlər

Burda günəş yoxdur, burda yağışlar –

Kədərli Allahın göz yaşlarıdır.

Burda fikir yoxdur, burda kəllələr –

Ölü bədənlərin baş daşlarıdır.

Burda həyat yoxdur, burda yaşamaq –

Su altında nəfəs almaq kimidir.

Burda sevgi yoxdur, burda xoşbəxtlik –

Ölümlə üz-üzə qalmaq kimidir.

Desəm, Allah, yoxsan, bağışla məni

Axı görünmürsən haçandır, Allah..

Bizi bu dünyaya aldadıb, atıb

Özü baş götürüb, qaçandır – Allah.

********

“Seçilməmiş həyatda yaşamağa məcbur olunanlar”

Sanki gecikmişəm Allahın hüzuruna –

Heç kimin seçmək istəmədiyi ömür qalıb mənə.

Geydiriblər ruhuma bu bədəni,

yazıblar alnıma mündəricatımı,

atıblar dünyanın bir küncünə.

Tanımadığım iki nəfər tapıb,

vərəqlədikcə məni, doğmalaşmışıq.

Sonra da çəkilmişəm evin bir küncünə.

Yaşadığım illər ərzində

insan qalmağın bədəlini ödədim.

Ağır-ağır, ağrılı-ağrılı yapışdım həyatın bir küncünə.

Əlimdə nə qaldı? – İtirdiklərim.

Nə itirdim? – Qazandıqlarımı.

Yığdım günah çamadanımı çiynimin bir küncünə.

Nə isə, gecikirəm yenə Allahın hüzuruna –

yıxılıram torpağın bir küncünə..

********

Ana həmişəki kimi

hər kəsdən əvvəl oyanıb.

Evdəkilər yatıb.

Ana səhər yeməyi hazırlayır.

Həyat davam edir.

Evdəkilər yuxudan oyanıb.

Hamı bir nəfəri gözləyir –

ana da yuxudan ayılmalıdır.

Ana oyanmır…

Həyat davam etmir..

********

Bu müqəddəs gecədə

saatı dinləyirəm,

otağım zil-qaranlıq.

Yalnızlıq simfoniyası

ifa edir əqrəblər –

Tık..tık..tık..tık..

Bu müqəddəs gecədə

fikirlərim toqquşur,

əsəblərim çaxırdı.

Gözümdən dərd yağırdı..

Sizifdən öyrənmişəm

bu yükü daşımağı.

Bilmirdi heç kim axı –

Sənsizlik

allahsızlıqdan

daha

ağırdı..

********

Səndən sonra başladı içimdəki səssiz savaşlar.

Deyə bilmədim kimsəyə məğlubiyyətlərimi.

İtirmək qorxusunu da itirdim ən sonda.

İtirəcək başqa nəyim qaldı ki səndən sonra?

Səndən sonra alt-üst olan həyatım var,

göz yaşlarım məndən axır buludacan.

Söz verirəm sənə –

səni günəşin doğmağı unutduğu bir sabah unudacam.

Allah bağışlasın, sığdırdım bir qəlbə iki sevgini.

O mənim son çarəm, sən mənim ilk sevgilim.

Onu çox sevirəm, səndən sonra…

Batil düşüncələrin əsarəti altında qalan beynimlə

qatil bədənimin məhbəsində yatan ruhumun

uzlaşacağı gündür – Azadlıq.

Gözləyəcəm səni o günədək.

Gəlməsən, mənim üçün “səndən sonra”nın rəsmini çək.

Hansı rəngdən istifadə etməsən, mənəm həmin rəng..

“İsa Məmməd – Şeirlər” için 2 yorum

  1. Salam. Hisslərini təxmin etmək olur, lakin onların şeirlərə keçidini tam uğurlu saymaq çətindir. Hisslərin “şeirləşsin” deyə, onları daha da abartırsan. Çalış real olanı yaz, uydurma, nədirsə onu yaz. Hisslərini şeirə uyğunlaşdırma, şeiri hisslərinə uyğunlaşdır.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir