Cənnətdəki Hitler

“Rəbbin kimdir?”
Nə baş verdiyini, harada olduğumu anlamamışdım, eyni sual bir daha, amma bu dəfə daha sərt şəkildə səsləndi. Qorxudan özümü itirdim və canımı qurtarmaq üçün “Rəbbim Allahdır” dedim.
“Dinin nədir?”
Dayan, dayan. Bir dəqiqə. Deməli, mən ölmüşəm? Bunlar ki “qəbir imtahanı”nın suallarıdır. Elə isə, başımın üzərində gördüyüm bu iki ürküdücü varlıq da İnkir ilə Münkirdir. Həyəcandan dilim qatlanacaqdı. Özümü birtəhər toparladım. Mən ki dünyada bunlara inanmırdım. İnanmadığım şeydən qorxmağın da bir mənası yoxdur. Bu təsəllilər nəticəsində ürəklənib: “Dinsizəm” dedim. Bir-birlərinə baxdılar. Elə bil, 300 min ildə ilk dəfə belə bir cavabla qarşılaşmışdılar. Mənə tərəf dönüb bir ağızdan: “Səni pis aqibət gözləyir!” deyərək gözdən itdilər.
Mənə nə olduğunu xatırlamağa çalışırdım. Yaddaşım sanki torpağın üstündəkilərdə qalmışdı. Ölüm səhnəmi nə qədər cəhd etsəm də, gözümdə canlandıra bilmədim.
Dünyada ikən mömin həyatı yaşayan bəzi dostlarımın dedikləri gəldi ağlıma: “Bəlkə biz dediyimiz düz olsa? Onda nə edəcəksən?” Ay sizi oğraşlar, ömrünüzdə cəmi bircə dəfə haqlı oldunuz, o da ki, ən önəmli mövzuda! İndi yəqin ki, mən burda yananda, siz cənnətdə şərab içib, hurilərlə eyş-işrət yaşayacaqsınız.
Hələ mən Dostoyevskinin “Karamazov Qardaşları”nı da oxumuşdum. Ahh, İvan Karamazov, ahh. Kaş sənin də o məşhur “Allah yoxdursa, hər şey mübahdır. Əgər varsa, necə olacaq?” dilemmanı bir az sorğulayardım. Deməli, həqiqətən bir zamanlar var olduğum dünya bir imtahan imiş. Mən isə axmaq kimi cavab kağızını cırıb atmışdım.
Bunları düşündükcə içim daralırdı. Başıma nə gələcəyindən xəbərsiz idim. Hələ də ümid edirdim ki, cəhənnəm barədə söylənilənlər yalan olar. Ən azından həbsxana kimi bir yer olar və sadəcə azadlığım əlimdən alınar. Dünyada onsuz da buna alışmışdım.
Bu düşüncələrdən təzəcə ayılmışdım ki, kiminsə və ya kimlərinsə qollarımdan tutub arxası üstə sürüyərək məni harasa apardıqlarını hiss etdim. Başımı qaldırıb kim olduqlarına, hara apardıqlarına baxa bilmirdim. Bədənim hərəkətsiz qalmışdı. Axır ki, “seçdiyim” ünvana çatdırıldım.
Ayağa qalxanda məni bura gətirənlər (iki əcaib, qorxulu və hündür varlıq) qapıdakı nəzarətçi ilə ərəb dilində nəsə danışırdılar. Nəzarətçi də nəzarətçi ola ee. Əlini qaldıranda hava təzyiqindən yaranan külək üzümə sillə kimi dəyirdi. Vulkan püskürməsindən sonra axan lava kimi qırmızı və qara rənglərdə olan bədənindən isti buxar çıxırdı. Gözləri yox idi, daha doğrusu gözlərinin yerində bir boşluq var idi. Qəfildən mənə tərəf hərəkətləndiyini gördüm. Qorxumdan geriyə dönüb qaçmaq istəsəm də, qaça bilmirdim. Ayaqlarım tərpənsə də, hərəkət yox idi. Əlini atıb çiynimdən yapışdı. O an sanki çiyinlərimdən aşağı qaynar su töküldü. Dünyada olsam, bağırtım o dərəcə şiddətli olardı ki, millət yuxudan ayılardı. Amma orada səsim çıxmadı. Məni havaya qaldırıb qapıdan içəri tulladı. Arxamca da xırıltılı, amma gur səs tonu ilə: “Bura Bərzəx aləmidir, get qiyamətə qədər əzab çək!” dedi.
Yıxıldığım yerdən qalxıb ətrafa boylandım. Bura nə idi, İlahi? Elə bil, kimsə məni Azərbaycandan götürüb Ərəbistan səhralarına tullamışdı. Tək fərqi hər 5-10 metrdən bir içindən buxar çıxan gölməçələr və hər gölməçənin başına yığılan yüzlərlə insan idi. Nə edəcəyimi bilmirdim. Dilim-dodağım qurumuş, içim yanırdı. Ən yaxın gölməçəyə yaxınlaşdım. Ətrafdakılar üzümə bir saniyəlik baxış atıb, yenidən əllərini su ilə dolduraraq içməyə başladılar. Su ilə hər təmas etdikcə, əllərinin dərisi əriyirdi, amma yenə də acı içində su içməyə davam edirdilər.
Mən nə qələt elədim axı, mənim burada nə işim var axı? Beynimdə təvaf edən bu suallar da mənim içimi əridirdi. Hava yandırır, od yandırır, su yandırır, torpaq yandırır. Burda yandırmayan heç nə yoxdur, bir sözlə.
Bir az keçmişdi ki, iki qorxunc varlıq kütləyə yaxınlaşıb su içənlərdən bir nəfəri sürüyə-sürüyə harasa dartıb apardılar. Yanımdakı həmtaledən onların kim olduğunu soruşdum.
“Onlar Zəbanilərdir. Burda 19 nəfərdirlər. Cəza növbəsi çatanları aparıb xüsusi işgəncə verirlər,” dedi.
Yaşayacaqlarıma hazır olmaq məqsədilə: “Xüsusi işgəncələr necə olur?” dedim.
Xəfif gülümsəyərək: “Dünyada etdiyin günahlara görə dəyişir işgəncənin növləri. Məsələn, zina edənləri cinsi orqanlarından divarlara mismarlayıb, içki içənlərin boğazlarına əridilmiş qurğuşun tökürlər. Saçlarını örtməyən qadınları saçlarından, yalan-böhtan danışanları dilindən, haram işlə məşğul olanları isə əllərindən asırlar,” dedi.
İnana bilmirəm, əgər elədirsə, mən saçlarımdan başqa hər yerimdən asılacaqdım.
Bunlar ki, Allahın mərhəmətli adı ilə uyğun gəlmir. Allah öz yaratdığını niyə belə əzablara düçar etsin ki? Lənət olsun, burda belə ona inanmayacaq, onu inkar edəcək səbəblər axtarırdım. Açığı, haqqım da var idi. Çünki hələ də onu görməmişdim. Bəlkə elə bura da yeni bir dünyadır? Və mən ölməmişəm, sadəcə dünyamı dəyişmişəm? Amma ikidə sıfır etdiyim dəqiqdir. İlk həyatım da zibil kimi, bu da onun beş qatı. Gəl indi burda ölməyin yolunu axtar.
Beynimdə bu fikirləri götür-qoy edirdim ki, bir də baxdım uzaqdan tanış bir üz görünür. Ola bilməz, mən bunu tanıyıram axı. Yanındakılara da göz gəzdirdim və onları da tanıdığımı anladım. Hətta onları siz belə tanıyırsınız. Ortalarında gələn, ilk tanıdığım şəxs – Albert Eynşteyn. Ətrafındakılar da kim olsa, yaxşıdır? Səddam Hüseyn, İosif Stalin və Ziya Bünyadov.
Dəhşətə gəlmişdim, eyni zamanda isə böyük heyrət duyğusu içimə dolmuşdu. Səddam Hüseyn və İosif Stalini haradasa başa düşmək olar, çoxlu insan öldürüblər. Bəs Albert Eynşteyn və Ziya Bünyadov? Onlar ki, bəşəriyyət üçün çox böyük kəşflər edib, dünyanı və insanlığı inkişaf etdirmək üçün çalışıblar. İti addımlarla onlara tərəf yaxınlaşıb həyəcanlı səslə: “Sizin dördünüzü də tanıyıram!” dedim. Üçünün məni anlamadığını hiss etdim, təkcə Ziya müəllim başını yelləyərək: “Təşəkkür edirəm, oğul. Bizi buranın əksəriyyəti tanıyır,” dedi. Əlimi cibimə salıb şəkil çəkdirmək üçün telefonumu axtarmaq istəyirdim ki, bunu hiss edən Ziya müəllim gülərək “Bala, Qraham Bell burda hələ telefonu kəşf etməyi bacarmayıb,” dedi. Utanıb yerə girdim. Özümü bu dahi şəxsiyyətlərə elə qapdırmışdımsa, harada olduğumuzu unutmuşdum. Özümü vəziyyətdən çıxarmaq üçün bir sual gəldi ağlıma. Dərhal Ziya müəllimə üz tutdum:
“Müəllim, bəs Adolf Hitler ilə Karl Marksı harada görə bilərəm?”
Karl Marks ideallarımdan biri idi, Hitleri isə sadəcə maraq edirdim.
“Onlar Bərzəxin cənnət tərəfindədirlər, oğul. Onları görə bilməzsən,” deyə sakit tonda cavab verdi Ziya Bünyadov.
Yenə çaş-baş qaldım. Axı Karl Marks hara, Adolf Hitler hara? Nə əlaqəsi var onların bir-biri ilə və ya cənnətlə?
“Onlar necə cənnətə düşüblər ki?” dedim.
“Tanrının fikrincə Karl Marksın ideologiyası həqiqətə ən yaxın ideologiya olub və ona görə onu cənnətlə mükafatlandırıb. Hitlerin məsələsi isə tamamilə fərqlidir. O, Tanrının lənətlədiyi millətdən – yəni yəhudilərdən 6 milyonunu öldürdüyünə görə cənnətlə müjdələnib,” deyə cavab verdi Ziya müəllim.
Eşitdiklərimi beynimin süzgəcindən keçirməkdə çətinlik çəkirdim. Mən Ziya müəllimlə bunları danışarkən Albert, Səddam və İosif öz aralarında anlamadığım bir dildə söhbət edirdilər. Stalinin də məsələsi mənimlə dostlarımın məsələsi kimi idi. O da dünyada qazandığını düşünüb, burda Hitlerə əbədi olaraq uduzmuşdu.
Onlardan bir əl hərəkəti ilə sağollaşıb uzaqlaşdım. Hər dəqiqə dayanıb arxama, sağıma, soluma diqqətlə baxırdım ki, Zəbanilər gəlsə, qaçmağa imkanım olsun.
Elə bu vaxt arxamdan bağırtı səsi gəlməyə başladı. Dönüb gördüm ki, iki Zəbani bir nəfəri sürüyərək sürətlə harasa aparır. Yanımdan keçərkən xüsusi işgəncə üçün aparılan adamın Kurt Cobain olduğunu gördüm. Bəli, bəli, məşhur musiqiçi, Nirvananın vokalisti Kurt Cobain. Onu uzun sarı saçlarından tanımışdım.
Dünyada olduğum zamanlarda Kurtun “The Man Who Sold The World” mahnısını dəfələrlə dinləmişdim. Mahnıda insanın öz içindən parçalanıb dəyişməsi və keçmişdəki özünü tanımaması hissindən bəhs edilir. Yəni, bir insan öz keçmiş halı ilə qarşılaşır və onu tanımır. Və mahnının adı da buna uyğun idi deyə düşünürəm: “Dünyanı satan adam”. Kurt Cobain həqiqətən dünyanı satmışdı, yəni intihar etmişdi.
Gizlənə-gizlənə Zəbanilərin arxasınca düşüb onu hara apardıqlarını görmək istədim. Uzun bir yol qət etdikdən sonra Zəbanilərin Kurtu “İntihar edənlərin cəzaçəkmə məntəqəsi” adlı tikilinin qapısından içəri atdıqlarını gördüm. Ora yaxınlaşmağa ürək eləmədim. Amma içəridən gələn qışqırıq səsləri tükürpədici idi. Arxama baxmadan qaçaraq oradan uzaqlaşdım. Düşünürdüm ki, Kurt əgər bura düşəcəyini bilsəydi, yenə intihar edərdimi? Burası müəmma idi. Bəs Tanrının təkcə özünü öldürən insanı bu hala salıb, milyonları öldürən Hitleri cənnətə salması? Bu isə lap dərin müəmma idi.
Artıq qısa zaman içində cəhənnəmin hər üzünü görmüşdüm. Cənnət isə çox maraqlı gəlməyə başlamışdı. Görəsən orada başqa kimlər var? Oradakı həyat necədir? Bəlkə buradan oraya gizli bir qapı var? Bəlkə buradan qaçış mümkündür? Bu düşüncələrlə cəhənnəmin hər yerini gəzib cənnətin yolunu axtarırdım. Mən cənnət xəyallarına dalmışkən arxa tərəfdən qollarıma iki əl yapışıb məni yerə uzatdı. Əllərimdən tutub sürüməyə başladılar. Və gedəcəyim yerdə başıma gələnləri təxmin etmək gördüyüm şeylərdən sonra heç də çətin deyildi. “Buraxın məni, mən sadəcə cənnəti axtarırdım!” deyə-deyə ağlayıb yalvarmağa başladım. Çarəsizcə qışqırıb ətrafdan kömək istəyirdim. Zəbanilər isə son sürətlə məni harasa sürüməyə davam edirdilər. Mən qışqırıb imdad diləyimdə olarkən, qəfildən haradansa anamın səsini eşitdim. Axı bu ola bilməzdi, axı anam ölməmişdi. Ölsə belə, cəhənnəmə düşməzdi ki, o. Səs getdikcə mənə tərəf yaxınlaşırdı. Nə dediyini eşidirdim artıq:
“İsam, oyan, işə gecikəcəksən.”
Bu cümləni eşidər-eşitməz tər-qanın içində yatağımdan dik atıldım. Anam başımın üstündə dayanmışdı. “Nə olub, nə görmüsən yuxuda?” deməsinə macal vermədən “yaxşıyam, yaxşıyam” deyib dünyadakı həyatıma geri qayıtdım.
Axıcı hekayə idi, amma mövzu çox bəsit gəldi mənə. Sonluğun yuxu ilə bitməsi də olduqca çox işlənən çaşdırma taktikalarından biridir, məncə. Ümidvaram, daha yaxşılarını yazarsan, İsam. Uğurlar!
Əla, özdüyümdə o qədər dalmışdımki hekayəyə sonunu belə gözləmirdim😂
İsanın bundan sonrakı həyatı maraqlıdır. Davamı gəlsin görək
Bu cür mövzular riskli olmasına baxmayaraq çox yaxşı ifadə edilib, yuxu ilə bitməsi də maraqlı keçid olub. Belə hekayələr davamlı olsun oxuyaq🫠
Mövzu ağırdı, amma qələmə almağın maraqlı alınıb. Hər kəs bir gün bu haqda düşünür..
Əla davamı gəlsin ❤️