Gülnar Qasım – Şeirlər

Uzat əllərini göyün üzündən,

Kölgəsi görünsə bəsimdir, vallah.

 Allaha məktub yaz, soruş özündən,

 De: “Yerə enməyim çətindir, allah?

********

Mən gecikən adamam,

Bir az sevdiklərimə,

Bir az da ümidlərin

Öləziyən səsinə.

Həyatın qollarında

Ölümə tələsən vaxt

Vidaya gecikənəm.

Anam çarəsiz ikən

Nidaya gecikənəm…

********

Gözümün yağışı,

mənə qarğış oldun,

yadlara alqış,

Qaladığın ocağında mən kimi

Hər gün bir parça alış.

Bulud olan məhəbbətim,

Ümid solan həqiqətim,

Saçın yolan mətanətim,

Sığınmağa ruh axtarır.

********

Yalnızlıq yerimə doğulub mənim,.

Bircə əvəzimə ölməyi qalıb.

Avazım içimdə boğulub mənim,

Ruhumu səmada görməyi qalıb…

********

Gəl, xoş gəlmisən, əzizim!

Sən allah, içəri keç.

Cümlələrə yaraşan bəzəkli sözləri seç.

Yoxsa mənim yerimə

Sözə cəza kəsibsən?

Səndən çıxmayacaq iş,

Nə əcəb gözə dəyibsən?

Elə səssiz durubsan

illərin inciyitək,

Elə bil bu dəqiqə

yüz il, min il ötəcək.

Yoxsa amansız həyat

yenə xətrinə dəyib?

Bəlkə, lal məhəbbətin

sənin qəddini əyib?

Əsassızdır küsməyin,

Elə sevməyin kimi.

Hərdən kədərlənib,

Hərdən gülməyin kimi.

Əşi, bəsdir, sən allah!

Kinin də təhəri var.

Guya bilmirdin ki sən

Eşqin də zəhəri var?!

Tanrının da gözü var,

Göydən izləyir bizi.

Elə hey dayanmadan

O da bizləyir bizi.

Gedirəm ki, son dəfə

Qucaqlaşım yağışla.

Bir az uzun danışdım,

Mümkün olsa, bağışla.

********

Arzulara qovuşmaqla,

Adamlara yovuşmaqla,

Ağrılardan sovuşmaqla,

Yalnız cismim xilas olur.

********

Yeknəsək düşüncələrin,

Bədbin arzuların,

Varlıqla yoxluğun,

Müdhiş sonsuzluğun ağuşunda

dəfn edin məni!

********

Görən, hansı ağacın altında basdırıblar diri-diri ruhumu,

Deyirlər, görən olub sevgi adlı duyğumu.

Ruhum basdırılsa da, sevgim yaşayır müdam,

Müti donuna girmiş azad adam…

İlahi, sözlər də tükənərmiş,

Arzular da qanına bələnərmiş!

Ya rəbb, hardan biləydim,

İnsanlar ölənədək məhəbbət dilənərmiş?!

Uçul, ey məhəbbətim!

Dağıl, ey mərhəmətim!

Tapdalandı qüdrətim,

Odlandı hürriyyətim…

Niyə susursunuz siz?!

Axı ömür payımı kiminlə dəyişdiniz?!

Salıb hansı küçədə,

hansı soyuq gecədə itirdiniz!

Məni bir qələmdəcə bitirdiniz…

Hər şeyi yumor sanıb,

lağ eləyən adamlar,

Yıxılacaq o damlar…

Özü də mən yıxacam,

Qılınc əvəzi sözlə!

Zaman çatacaq, gözlə…

“Gülnar Qasım – Şeirlər” için 1 yorum

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir