Ebro vadisinin qarşısındakı təpələr uzun və bəyaz idi. Bu tərəfdə isə nə ağac vardı, nə də kölgə. Stansiya günəşin altında iki dəmiryolu xəttinin arasında yerləşirdi. Stansiya binasının divarına bitişik yerə binanın isti kölgəsi düşürdü və barın açıq qapısına bambuk muncuqlardan ibarət bir pərdə asılmışdı ki, milçəklər içəri girməsin. Amerikalı kişi və onunla birlikdə olan qız binanın çölündə, kölgədəki stolda oturmuşdular. Hava çox isti idi və Barselonadan gələn ekspress qatarı qırx dəqiqəyə gələcəkdi. Qatar bu qovşaqda iki dəqiqə dayanıb sonra Madridə gedirdi.

“Nə içək?” – qız soruşdu. Şlyapasını çıxarıb stolun üstünə qoydu.
“Yaman istidir”, – kişi dedi.
“Gəl pivə içək”.
“Dos cervezas”, – kişi pərdənin arxasına səsləndi.
“Böyük olandan?” – qapıdan bir qadın soruşdu.
“Bəli, iki dənə böyük olandan”.
Qadın iki bakal pivə və keçədən hazırlanmış iki bakal altlığı gətirdi. O, pivə və bakal altlıqlarını stola qoyub kişi və qıza baxdı. Qız uzaqdakı təpələrə baxırdı. Günəş altında təpələr ağ görünürdü, ətraf ərazilər isə qəhvəyi və quru idi.
“Onlar ağ fillərə bənzəyirlər”, – qız dedi.
“Mən heç ağ fil görməmişəm”, – kişi öz pivəsindən içərək dedi.
“Yox, görə bilməzsən”.
“Görə bilərdim, – kişi dedi. – Sadəcə sənin “görə bilməzsən” deməyin heç nəyi sübut etmir”.
Qız muncuqlu pərdəyə baxdı:
“Üzərində nəsə yazıblar, – qız dedi, – orda nə yazılıb?”
“Anis del Toro. Bu bir içkidir”.
“Yoxlaya bilərik?”
“Bağışlayın”, – deyə kişi pərdənin arasından səsləndi. Qadın bardan çıxdı.
“Biz iki “Anis del Toro” içkisindən istəyirik”.
“Su ilə?”
“Sən su ilə istəyirsən?”
“Bilmirəm ki, – qız dedi. – Su ilə yaxşıdır ki?”
“Yaxşıdır”.
“Su ilə istədiniz onda?” – qadın soruşdu.
“Bəli, su ilə”.
“Biyan kökü kimi dadır”, – qız dedi və stəkanı masaya qoydu.
“Hər şeydə belədir”.
“Hə, – qız dedi. – Hər şey biyan kökü kimi dadır. Xüsusilə də çoxdan gözlədiyin şeylər kimi, məsələn absentin (içki növü)”.
“Ay, yaxşı görək”.
“Sən başladın, – qız dedi. – Mən sadəcə əylənirdim. Yaxşı vaxt keçirirdim”.
“Yaxşı, gəl yoxlayaq və yaxşı vaxt keçirək”.
“Yaxşı. Mən cəhd etdim. Dedim ki, dağlar ağ fillərə bənzəyir. Məntiqlidir, hə?”
“Bu çox məntiqlidir”.
“Mən sadəcə yeni içki yoxlamaq istədim. Hər etdiyimiz budur, elə deyilmi? Nələrəsə bax və yeni içkiləri yoxla”.
“Hə, demək olar, belədir”.
Qız təpələrin o tayına baxdı.
“Bu təpələr çox gözəldir, – qız dedi. – Əslində, onlar heç ağ fillərə bənzəmirlər. Mən sadəcə ağacların arasından görünən rəng çalarlarını nəzərdə tuturdum. Başqa bir içki də içək?”
“Yaxşı”.
Sərin külək muncuq pərdəni masaya çırpdı.
“Pivələr dadlı və soyuqdur”, – kişi dedi.
“Əladır”, – qız dedi.
“Bu, həqiqətən, çox sadə əməliyyatdır, Jig, – kişi dedi. – Heç əməliyyat da sayılmaz”.
Qız masanın ayaqlarının dəydiyi torpağa baxırdı.
“Tanıyıram səni. Bunu heç hiss etməyəcəksən, Jig. Çox da böyük bir şey deyil. Sadəcə içəri bir az hava buraxırlar”.
Qız heç nə demədi.
“Mən də səninlə gələcəyəm. Hər zaman yanında olacağam. Sadəcə içəri hava buraxacaqlar. Ondan sonra hər şey tamamilə düzələcək”.
“Bəs ondan sonra biz nə edəcəyik?”
“Biz ondan sonra yaxşı olacağıq. Lap elə əvvəlki kimi”.
“Sən bunu haradan bilirsən?”
“Bizi narahat edən tək şey budur. O tək bir şey ki, bizi məyus edir”.
Qız muncuqlu bambuk pərdəyə baxdı və əlini uzatdı. İki muncuqlu ipi tutdu.
“Və sən düşünürsən ki, ondan sonra biz rahat və xoşbəxt olacağıq”.
“Əminəm ki, biz xoşbəxt olacağıq. Qorxmağına gərək yoxdur. Bu əməliyyatı edən çoxlu insan tanıyıram”.
“Elə mən də, – qız dedi. – Sonrasında hamısı çox xoşbəxt olub”.
“Yaxşı, – kişi dedi. – Əgər etmək istəmirsənsə, etmə. Razı olmadan etməyini istəmərəm. Amma bilirəm ki, bu çox sadə bir əməliyyatdır”.
“Bəs sən həqiqətən istəyirsən?”
“Məncə, edilə biləcək ən yaxşı seçim budur. Amma sən, həqiqətən, istəmirsənsə etməyini istəmirəm”.
“Əgər etsəm, sən xoşbəxt olacaqsan və hər şey əvvəlki kimi olacaq? Sən də məni yenə sevəcəksən, elədir?”
“Səni indi də sevirəm. Bilirsən ki, sevirəm”.
“Bilirəm, amma etsəm, ondan sonra yenə hər şey əla olacaq? Məsələn, ağ fillər kimi şeylər desəm, onda sən yenə bəyənəcəksən?”
“Əlbəttə, bəyənəcəyəm. İndi də xoşuma gəlir, amma indi sadəcə düşünə bilmirəm. Bilirsən də, nəsə məni narahat edəndə necə oluram”.
“Bəs mən bunu etsəm, onda sən heç narahat olmayacaqsan?”
“Hə, narahat olmayacağam. Çünki bu hədsiz dərəcədə sadə bir əməliyyatdır”.
“Onda edəcəyəm. Çünki önəmli olan yalnız mən deyiləm”.
“Necə yəni?”
“Dediyim kimi, özüm vecimə deyiləm”.
“Amma mən sənə önəm verirəm”.
“Bəli, bilirəm. Amma mən özümə əhəmiyyət vermirəm və bu əməliyyatı edəcəyəm. Sonra isə hər şey yaxşı olacaq”.
“Belə hiss edirsənsə, eləməyini istəmirəm”.
Qız ayağa durdu. Stansiyanın sonuna qədər yeridi. Qarşı tərəfdəki çayın sahilində taxıl tarlaları və ağaclar uzanırdı. Uzaqda, çayın o tayında dağlar görünürdü. Buludun kölgəsi taxıl sahəsinin üzərindən keçdi və o, ağacların arasından çayı gördü.
“Və biz bütün bunlara sahib ola bilərdik, – qız dedi. – Və hər şey bizim ola bilərdi. Amma biz hər gün bunu daha da mümkünsüz edirik”.
“Nə dedin?”
“Dedim ki, biz hər şeyə sahib ola bilərdik”.
“Biz indi də hər şeyə sahib ola bilərik”.
“Yox ola bilmərik”.
“Biz dünyalara sahib ola bilərik”.
“Yox! Ola bilmərik”.
“Biz hər yerə gedə bilərik”.
“Yox, gedə bilmərik. Heç nə artıq bizim deyil”.
“Bizimdir”.
“Yox! Bizim deyil. Bir dəfə əlindən alındısa, bir də heç vaxt geri ala bilmirsən”.
“Amma əlimizdən heç nə alınmayıb”.
“Biz gözləyib, görəcəyik”.
“Kölgəlik tərəfə gəl, – kişi dedi. – Sən belə hiss etməməlisən”.
“Mən heç nə hiss etmirəm onsuz da, – qız dedi. – Mən sadəcə bəzi şeyləri bilirəm”.
“Mən istəmirəm ki, istəmədiyin bir şeyi edəsən”.
“Bu mənim üçün də yaxşı bir şey deyil, – qız dedi. – Bilirəm. Bir bakal da pivə ala bilərik?”
“Yaxşı, amma sən bilməlisən kii…”
“Bilirəm, – qız dedi. – Bəlkə artıq danışmayaq?”
Onlar masaya əyləşdilər və qız vadinin quru tərəfindəki təpələrə baxdı. Kişi isə həm ona, həm də masaya baxırdı.
“Sən başa düşməlisən ki, – o dedi. – İstəmədiyin bir şeyi eləməyini istəmirəm. Və əgər bu sənə hər nə isə ifadə edirsə, mən tamamilə hazıram”.
“Bəs sənə heç nə ifadə etmir? Biz yaxşı yola gedə bilərdik”.
“Təbii ki, edir. Amma səndən başqa heç kimi istəmirəm. Heç kimi lazım deyil. Və bilirəm ki, bu əməliyyat da bekara şeydir”.
“Elədir. Sənin üçün bu tamamilə sadə bir şeydir”.
“Sənin üçün belə danışmaq asandır, amma mən bunu həqiqətən bilirəm”.
“Yaxşı, bəs mənim üçün bir şey edə bilərsən?”
“Sənin üçün hər şeyi edərəm”.
“Çox çox çox çox xahiş edirəm, olar ki, danışmayasan?”
Kişi heç nə demədi. Sadəcə stansiyasının divarına söykənmiş çantalara baxdı. Çantaların üzərində gecələdikləri hotellərin etiketləri vardı.
“Amma istəmirəm ki… – kişi dedi. – Mənim üçün bunun heç əhəmiyyəti yoxdur”.
“Qışqıracam indi”, – qız dedi.
Qadın pərdələrin arasından çıxdı, əlində iki pivə gətirib onları masanın üzərinə qoydu. “Qatar beş dəqiqəyə gələcək”, – qadın dedi.
“Nə dedi o?” – qız dilləndi.
“Qatarın beş dəqiqəyə gələcəyini dedi”.
Qız qadına ehmalca gülümsədi və təşəkkür etdi.
“Çantaları stansiyasının o biri tərəfinə aparsam yaxşı olar”, – kişi dedi. Qız ona gülümsədi.
“Yaxşı, get. Sonra gəl, pivəni bitirək”.
Kişi iki ağır çantanı götürdü və onları stansiyasının o biri tərəfindəki relslərə tərəf apardı. O, relslər boyunca uzaqlara baxdı, amma qatarı görə bilmədi. Qayıdarkən qatarı gözləyən insanların içki içdiyi bar salonundan keçdi.
Barda Anis içkisindən içdi və insanlara baxdı. Hamısı təmkinlə qatarı gözləyirdi. Kişi muncuqlu pərdədən keçərək çölə çıxdı. Qız hələ də masada oturmuşdu və ona baxıb gülümsədi.
“Özünü daha yaxşı hiss edirsən?” – kişi soruşdu.
“Yaxşı hiss edirəm. Mənim heç bir problemim yoxdur. Özümü yaxşı hiss edirəm”.
İngilis dilindən tərcümə – Məleykə Abbasova