Dərya İsaqlı – Şeirlər

Son günlər,
payızdır cismimdə.
Saçım yarpaq kimi
t
ö
k
ü
l
ü
r,
Yağışlar
y
a
ğ
ı
r
bulud gözlərimdən.
Dünən gecə xəstəxanaya getdim,
Üzümə baxmadan,
Xərçəngsən dedilər.
Şablon sözlər “6 Ay”
Baxdım və güldüm sadəcə.
Külək əsdi, soyuqladım.
Sonra,qar
Y Ğ I
A D
ruhum dondu.
Hiss etdim,
yaxındadır “Qış yuxusu”.

Xəyanət

Meteorit səmadan düşən kimi,
Gözümdən düşdün.
O kainatın qarasından düşdü,
Sən gözümün.
Lənətlənmiş adam kimi,
Səndən uzaq dursun, hər kəs.
Cismin və ruhun həsrət qalsın, sevgilərə,
Mənim sənə qaldığım kimi.
İt gözlərdən, çıx yaddaşlardan,
Unudulmuş şeirlər kimi.
Sənə layiq olan sürgündür,
Qəlbimdən əbədi sürgün.
Məndən uzaq dur,
Yaza bilmədiyim sözlər təki.
Özümə nifrət edirəm,
Lənət olsun, səni sevirəm.

Sərbəst şeir

Kainatın hər yerini gəzə bilsəm,
Yenə sənə gələrdim.
Səni vətən bilərdim.

Ölsəm və dirilsəm,
Yenə sənə dönərdim.
Əbədidir, deyərdim.

Öləndən sonra ruhum dəyişsə cismin,
Çiçək olub, sənin qapında bitərdim.
Sənin olduğumu bilərdim.

Körpə uşaqlar kimi gülə bilsəm,
Sən güləndə gülərdim,
Səni xoşbəxt görərdim.

Yağış damlası kimi, göydən düşsəydim,
Ovcuna düşərdim,
Əlinlə öpüşərdim.

Kim olsam, hara getsəm,
Ölsəm və dirilsəm,
Həmi cism dəyişsəm,
Yenə səni sevərdim.

Şizofren rəssam

Siqaret kimi alışıb yanıram,
Tüstü kimi ruhum göyə yollanır,
Kötük tək cismim yerə tullanır.

Buludam, yağış kimi göz yaşım yağır yastığıma.
Saman tayası ipə dolandığı kimi dolanıram yorğanıma,
Lövbər atıram gəmilər kimi yatağıma.

Yaşadığımız həyat qədər sıxıcısan, deyirlər,
Keçmiş günlər qədər sevimli deyilsən,
İndiki zaman kimi inadkarsan, deyirlər mənə,
Bəlkə də haqlıdırlar…

Nifrət edirəm, sevə bilmirəm,
Hamı qəribə görünür,
Şizofren rəssamın çəkdiyi rəsmlər qədər.

Göyərçin

Bir neçə kefli axmağın
əllərində çırpınırdı göyərçin.
Son nəfəsin vermək istəmirdi;
o ölsə, hər şey bitəcəkdi.
Bəlkələr gərçək,
gerçəklər bəlkə olacaqdı.
Qızıl gül kimi,
qızıla boyanacaqdı hər yer.
Bir göyərçin deyildi o;
ümid, yaşam, gözəllikdir.
Körpələrin səsidir!
Göyərçinin hər dəfə
lələkləri qopanda,
həyatın rəngi dəyişir.
Fəryadlar qopur küçələrdə,
səslər göyə yollanır.
Yerdən göyə yağmur yağır.
Hər əsrdə neçə göyərçin ölür!
Bəlkə də bu sonuncusudur.
Onu alaq axmaqların əlindən,
çıxaraq qəfəsindən,
şövq alaq nəfəsindən.
O çoxalsın,
yer-göy göyərçin olsun.
Bizi alsın qanadı altına,
azad olsun, azad olsun!

Anamın yıxıldığı ağac

Anamın meyvə dərərkən,
yıxıldığı ağacı kəsmişəm.
Onu kəsmək borcum idi sanki.
Anamı bu şəkildə qurtardım sanki.
Ruhumu arındırmış kimi hiss edirdim.
Özümü yerə-göyə
sığdıra bilmirdim.
Nədi-nədi,
anama ziyan verəni kəsərək öldürmüşəm.
Övlad olmaq,
ananı sevmək,
onu qorumaq,
onun yıxılmayacağı
ağaclar əkmək,
ona meyvəni
öz əllərinlə dərmək…
Necə,dəyərli hissdir.
Balta belə,
mənim kimi hiss etmişdi.
Ağaca vurduğum hər zərbədə,
neçə-neçə
gələcəkdə doğulacaq
meyvənin yaşamına son verdim.
Öz anam üçün başqasının
anasına qıydım.
Öz gələcəyim üçün
başqa gələcəkləri bitirdim.

Bizdən qalan

Gəl, gedək buralardan,
Heç kimin olmadığı bir yerə.
Nə yerə yaxın olsun, nə göyə,
Tanrı bizi qonaq etsin,
O da bizi tərk etsin,
Əbədi səssizlik bizim olsun.
Şeir yazılsın gedişimizdən,
Hekayələr danışılsın qovuşmamızdan,
Köhnə sevgilər yalan olsun.
Bizi yazsın yazanlar,
Bizi çəksin rəssamlar,
Biz olmayan yerlər biz olsun,
Unudulsun varlığımız,
Bizi əfsanə bilsinlər.
Bizdən qalan
Nağıl olsun,
Şeir olsun,
Söz olsun,
Eşq olsun.

Bir parça şeir

Səni gördüm bu yaxında,
Yenə şeir kimi bəzənmiş,
Misra-misra yeriyirdin.

Zinət əşyaların sözlər kimi idi,
Hər biri ayrı mənada,
Hər biri min zövqə uyğun.

Külək saçına heyran görünür,
Səki kənarında çiçəklər
Səni qısqanclıqla izləyirdi.

Duruşun qəzəl kimi,
Saçların beyt-beyt,
Libasın olmuşdu rədif.

Sonrası deyil yadımda,
Çıxmış ağlımdan öz adım da.
Sənin xəyalın və bir parça şeir –
Yalnız bunları saxladım yanımda.

Xəstəxana

Xəstəxanaya yollandım.
Ciyərim uzun zamandır məni narahat edirdi.
Qapıdan yenicə daxil olmuşdum ki, gördüm,
hər tərəfdə adamlar var.
Koridoru zəbt ediblər.
Hərkəs susmuşdu,
bircə o səslənirdi:
vərəmdən əziyyət çəkən,
durmadan öskürən körpə…

Sərbəst şeir

Keçirəm,
sevgilim yaşayan evin önündən,
Gündə 10 dəfə,
atası bilmədən kim olduğumu.
Gözümə baxır,
sevgilim pəncərədən,
Üzümə baxır atası,
qapının önündə qonşuyla nərd oynayarkən.
Utanmaq hissimi itirirəm yavaş-yavaş…
Atası məni çağırır:
“Deyəsən, indi düşəcək qaça-qaç!”
Şübhələndirmək olmaz,
cavab verim ən azından.
“Bəli, cənab!” deyim.
“Qızınızı sevirəm” yox-yox, bu deyildi.
“Yolumu itirmişəm, haradan gedim bilmirəm.”
— Haradan gəlirsən? Hara gedirsən?
— Yoxluqdan gəlib sevgimə gedirəm.
— Yox-yox, bu da deyildi…
— Evdən gəlirəm, dostumun evinə gedirəm.
İtirdim yolumu, dolanıram burada.
Nə telefon üzərimdədir, nə də pulum var.
Bu vaxt telefon çalır,
üzüm qızarır.
Kişi nəsə demədən,
qaçıram küçədən.
Arxamca baxır,
iki qəribə hiss etdirdiyim adam.
Gülür mənə sevgilim,
eşitməsəm belə bilirəm ucadan.

Bu gün də acam

Uşaqlığımı keçirdim, Azərbaycan,Azərbaycan deyə-deyə,
Söydüm faşizmi,qeyd etdim qələbəni
Bir qədəh şərab içdim sevindim,
20 yaşıma girdim qısacası 9 may günü.
Utandım,uğursuz keçən 20 ildən.

Şükür ac deyilik deyən yaşlı babamın borcları qədər təsəlli doldururam cibimə.
Bizə baxmış, “Bala, siz gün görürsüz” deyən nənəmin kədəriyəm sanki mən.
20 yaş,məni kədərə bürüyürsən!

Susmaq istəyirəm!
Ancaq dilimin ucundan atlayır sözlər şeirə çevrilərək,
ölürəm hər gün işsizlikdən.
Qarmaqarışıq duyğular…
Sanki işim olsa susacam bu qudurğanlığa?
Mən susa bilməyən susqunam!
20 illik məhkumam!

Demokratiya, Demokratiya, Demokratiya…

Mən tox olan acam.
Məni bağışla, bağışla.
Əlimdə deyildi,olmadı…
İstədim,çox istədim,
sənə miras qoyub getmək.
Mənim gələcəkdə doğulacaq körpəm,
balacam,
lənət olsun bu gün də acam…

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir