Tut məni əllərimdən,
çək tutunduğun yerə.
Başın qarışanda, baş
çək unutduğun yerə.
Nə qədər ki ömür var
Ömür varsa əmir var!
Kim bir damcı su tökər?
Sən qurutduğun yerə?!
Həvəsini əbəs ver,
Azadlığa qəfəs ver,
Bəsdi, isti nəfəs ver
Buz soyutduğun yerə.
Kim bilir doğru yapar?
İtirdiyin kim tapar?
Götür, məni də apar
Oruc tutduğun yerə.
********
Sənsiz hər gecə üşüyürəm mən
Kimsəsiz olanın ocağı olmur.
Hirsimdən dünyanın üstünə cumum?!
Dünyanın da ucu – bucağı olmur.
Ən nikbin sevdalar gözlərdə olur,
günahsızdır bütün səssiz baxışlar.
Ən böyük ağrılar sözlərdə olur,
xoş sözlərimə görə məni bağışla.
Kölgə kirpiklərin hər gecə şəbnəm
Gözlərin görmədi parlaq günəşi.
Bir gözündə kədər, bir gözündə nəm.
Çəkdi düz ürəyinə dağ günəşin.
********
Dəftərim aylardır boş qalıb, yazı da yazmıram daha.
Daha bir faydam da yoxdur cəmiyyətə,
daha satacaq sözüm qalmayıb,
illər boyu mənimlə dostluq edən, çörək verən,
yalançı qələmim var.
Dünya dərd içində boğularkən,
xumarlana – xumarlana yazırdım mən.
Yaşamaqdan yaxşı heç nə yoxdur.
Mən hekayəsiz, macərasız,
maraqsız bir həyat yaşadım.
Yazdıqlarım da mənasız.
Dünyadan köçəndə isə hər kəs deyəcək, xoşbəxt bir adam itirdik,
amma kimsə mənim necə xoşbəxt olduğumu deyə bilməyəcək.!
********
Təşəkkür edirəm ayaqlarımın səsinə.
Ayaq deyil, ayaq səsi uzaqlara aparır məni
Baxma, bədənimi daşıyarkən yorulur.
Hər addımı bir not
Qəlbimin dərdlərinə sanki nəğmə oxuyur.
Təşəkkür edirəm əllərimin səsinə.
Tək əldən səs çıxmaz deyiblər
İnsanı əlindən tutanı lazım
Çətinə düşdüyüm zaman
öz əlim – öz əlimdən tutur.
Təşəkkür edirəm ürəyimin səsinə.
O, mənə yalan demir, yalan danışmır.
O, mənə həqiqəti güman danışmır.
Ağlım qarışır, beynim dayanır
Ürəyimdən gələn səs məni təhlükədən qoruyur.
Bir yığın sıxıntı, problem varkən
Təşəkkür edirəm qulağıma gələn anidən səsə
Ele bil göydən, səmadan deyildi nəsə.
Təşəkkür edirəm Allahım sənə
Məni böcək də yarada bilərdin
İnsan yaratdın!
********
Dinləyin məni dostlar:
İnsan gözünə baxa bilmirəm
Qəlbinin gözüylə baxışıram mən.
Dodağım altında pıçıldayıram
Bəlkə də sizlərə gülməli gəlir,
əslində dərdimi danışıram mən.
Söykənib pəncərə çərçivəsinə
Gecələr ulduz sayıram,
gündüzlər bulud.
Səmaya qalxıram xəyallarımda
Onlara qaynayıb qarışıram mən.
Diqqətim dağınıq, marağım məhdud
Yenə də tənbəl deyiləm çalışıram mən
Anacan əlimi tut buraxma nə olar?!
Yalnızkən taleyimlə barışıram mən.
AUTİZM nə seçimim, nə də günahım.
Öyrənməkdir sabaha ümid, pənahım.
Mənə görə üzülmə anam
Sev, qəbul et – başa düş məni,
düşün hər halımdan əlbət məmnunam.
********
Çox uzaqda qəribəlik var.
Qayaların üzərində bir cür ağac.
Enli yarpaq, iri gövdə, hündür ağac.
Əllərini göy üzünə qaldırmış,
gözləriylə asimana saldırmış.
O, qayanın başına kimsə çıxa bilmir ki.
Lap payızın fırtınası, küləyi, qasırğası
Ağacı yıxa bilmir ki.
Fərqi yoxdur yayı-qışı,
ağac yaşıl, yam-yaşıl.
Güllü, çiçəkli.
Necə də ecazkar görünür,
bir qadına bənzəyir şəkli.
Bu ağacı hər zaman vermir ki…
Qayaların arasından – gözlərimə düşən günəş aman vermir ki…
Doyunca baxım!
Məni heyran edir daş üzərində yaşıl ağac.
Tanrı səni yıxılmayan şah yaratmış…
********
Yenə tək dayanıb bu yer üzündə
Çevrilib kimlərə baxırsan belə?
Axı hardan tapır gücü özündə
Arxası səmadır, dənizdir nədir?
Baş açmaq olmur, bilinmir hələ.