ASMR (Autonomous Sensory Meridian Response) fərdlərdə səs, vizual və ya toxunma stimulları nəticəsində baş dərisində başlayan və boyun və çiyinlərə yayılan xoş bir karıncalanma hissidir. Bir sıra tədqiqatlar göstərir ki, ASMR videolarına baxmaq insanların təşviş səviyyələrini azalda və rahatlama təmin edə bilər.
Məqaləmizin əsas mövzusu “ASMR videoları insanların təşviş səviyyəsinə necə təsir göstərir? ” sualına cavab tapmaqdır.
Araşdırmalar göstərir ki, ASMR ilə qarşılaşan insanlar videolara baxarkən ürək döyüntülərində azalma müşahidə edilir. Bu təsir ASMR-ə həssas olan şəxslərdə daha aydın müşahidə edilmişdir. ASMR videoları diqqətin yayınmasının qarşısını alır, diqqətin ana yönəlməsini asanlaşdırır və neqativ avtomatik düşüncələrin qarşısını almağa kömək edir.
ASMR təcrübəsi fərdlərə müxtəlif səslər və vizualların köməyi ilə rahatlıq, dinclik və emosional sərbəstlik hissi yaşamağa imkan verir. ASMR təcrübəsi parasimpatik sinir sistemini aktivləşdirərək fərdin fizioloji oyanma səviyyəsini azalda bilər və nəticədə rahatlama hissini artıraraq narahatlığın aradan qaldırılmasında rol oynaya bilər (Poerio et al., 2018). Buna görə də, ASMR videoları rəqəmsal mühitdə əlçatan olan aşağı qiymətli, yan təsirləri olmayan rahatlama üsulu kimi seçilir.
Woods və Turner-Cobb-un (2022) araşdırmasında ASMR məzmununun universitet tələbələrinin psixoloji sağlamlığına və ümumi rifahına təsiri qiymətləndirilmişdir. Tədqiqata davamlı olaraq ASMR videolarından istifadə edən 8 qadın universitet tələbəsi daxil edilib və məlumatlar müsahibə yolu ilə toplanıb. Təhlil əsasında iki əsas mövzu müəyyən edilmişdir: ASMR ilə qurulmuş şəxsi əlaqə və sağlamlığa təsirləri
İştirakçıların ifadələrinə görə, onlar stress və narahatlıq dövrlərində, xüsusən də yuxuya getməkdə çətinlik çəkdikləri zaman ASMR videolarına üstünlük verirlər. Tədqiqat zamanı ortaya çıxan əsas məqamlardan biri də ASMR videolarının ruminativ (təkrarlanan, mənfi düşüncələr) düşüncələrini azaltması və bu müddət ərzində diqqəti yayındırması olub. Bu şəkildə iştirakçılar rahatlıq olduqlarını və daha keyfiyyətli yuxuya sahib olduqlarını ifadə etdilər. Nəticə olaraq, insanların 75%-i ASMR videolarına baxdıqdan sonra daha asan yuxuya getdiklərini, 62%-i narahatlıq əlamətlərinin açıq şəkildə azaldığını söylədi. İştirakçılardan bəziləri bu təcrübəni meditasiya və hətta “gündəlik istirahət ritualı” kimi təsvir etdilər. Bu fərdi istifadə onu göstərir ki, ASMR təkcə qısa müddətli rahatlama təmin etmir, həm də uzunmüddətli zehni rahatlıq üçün istifadə edilən bir təcrübəyə çevrilə bilir.
İştirakçıların 50%-i gecə tək qalanda ASMR videolarının onlara “təhlükəsizlik hissi” verərək onlara kömək etdiyini bildirib. ASMR təcrübəsi fərdlər üçün özəl olduğu üçün fərdlər ya bu təcrübələri ətrafları ilə paylaşmadıqlarını, ya da tərəddüd etdiklərini bildirdilər. Bunlar da sübut edir ki, ASMR videoları təkcə əyləncə vasitəsi deyil, hətta narahatlıq və yuxu problemləri olan insanlar üçün ucuz, asan əldə edilən psixoloji dəstək metodu ola bilər (Woods & Turner-Cobb, 2022).
Fredborga (2017) görə , ASMR videoları xüsusilə yüksək nevrotik, həssaslıq və introvert insanlarda narahatlığı azaldan və rahatlaşdıran funksiyaya malikdir. Nəticədə, bu tədqiqat ASMR-nin effektiv rahatlama üsulu kimi psixoterapiya və psixo-dəstək proseslərinə inteqrasiya oluna bilməsi fikrini irəli sürür. (Fredborg, Clark, & Smith, 2017).
Lakin qeyd etmək lazımdır ki, ASMR hər kəs üçün eyni təsiri göstərmir. Bəzi insanlar bu cür stimullara qarşı hissiyyatlı deyillər və heç bir rahatlama hissi yaşamırlar. Bu baxımdan ASMR-in təşviş pozuntularının müalicəsində universal və yeganə bir metod kimi təqdim olunması doğru olmaz. Əvəzində, bu yanaşma fərdi xüsusiyyətlərə uyğun olaraq istifadə oluna biləcək əlavə bir müdaxilə forması kimi qiymətləndirilə bilər.
Gələcək tədqiqatların daha geniş nümunə qrupları ilə, eksperimental metodlardan istifadə etməklə aparılması, ASMR-in psixoloji təsirlərinin daha dərindən anlaşılmasına və klinik psixologiyada tətbiq sahələrinin müəyyən olunmasına töhfə verə bilər. Beləliklə, ASMR müasir dövrün artan stress və təşviş hallarına qarşı alternativ və əlçatan bir rahatlama üsulu kimi diqqətəlayiqdir.
Ləman Osmanlı, Psixoloq