Deməli, 3-4 gün əvvəl dostum mənə dedi ki, artıq 3-4 illik sevgilisi ilə münasibətlərini yeni mərhələyə keçirməlidirlər və evlilik təklifi etməyi düşünür. Amma bu təklifi necə etməsi barədə bir fikri yoxdur. Mən də ona səmimi şəkildə dedim ki, mənim belə şeylərdə başım işləmir, ümumiyyətlə, bu mövzulardan xoşum da gəlmir. Get, özünə uyğun birindən soruş, mən bilmirəm.
Uzun-uzadı söhbətlərdən sonra, heç olmasa, iki variant arasında seçim eləməyimi istədi. Çarəsizlikdən razılaşdım. Birincisi – klassik variant: diz üstə çöküb, yaxşı bir restoranda yemək yeyərkən “mənimlə evlənərsənmi?” deməsi, təbii ki, musiqi sədaları altında. İkincisi isə – son vaxtlar viral olmuş bir səhnə, adi kafedə yemək yeyərkən, oğlan üzüyü çıxarır, masanın üstünə qoyur, qız da götürüb açır, heç bir dingiş reaksiya vermədən başını yelləyib “hə, yaxşı” deyir, sonra üzüyü barmağına taxır, yumruqları bir-birinə toqquşdururlar, dodaqdan öpüşürlər və razılaşırlar.
Mən ona cavab vermədim. Dedim, bu sənin işindir, özün bilərsən, mən başqasının işinə qarışmağı sevmirəm. O da ikinci variantı seçdi, canımız qurtardı… Qızın da, dostumun da, elə mənim də.
Bu gün də işdəydim, (iş yerim şkodrada yerləşir) qəfil qışqırıq, hay-haray düşdü, alqışların səsi şkodranı titrətdi. Elə bildim ki, kimsə, həyatdan bezib özünü binadan aşağı atarkən hansısa, cəngavər onu bir həmlədə xilas edib. Dözə bilmədim. Telefonla video çəkən milləti yara-yara gəlib, gördüm ki, bir qaqaş dizüstə çöküb qıza almanca nəsə deyir. Camaatda ağlaşır, qışqırışır, alqışlayır.
Başqalarının işinə qarışmamaq üçün şəxsi fikirlərimi esse kimi yazıram. Siz, özünüz bilərsiniz. Bəlkə də problem məndədir, ola bilər… ol səbəb icazənizlə…
Deməli, kişi dizüstə çökür, cibindən qutucuq çıxarır, içində parıldayan brilyant üzük və bircə cümlə “Benimle evlenir misin?”. Hamı göz yaşları içində, musiqi yüksəlməkdə, kamera yaxınlaşmaqda, rəfiqələr ağlaşmaqda, mənə də, mənə də deməkdə.
Amma sual budur: bu jest həqiqətənmi sevginin göstəricisidir? On qadından doqquzu bu təklifi tövsiyə edir. Sevən adam belə edərmiş. Kimdir, sevən adam? Ümumiyyətlə, niyə sevən adama mənasını bilmədiyimiz bütün mücərrəd anlayışları yükləyirik? Sevən adam sadiq olar…xeyr! Olmaya da bilər…sədaqətli adam sadiq olar. Sevən adamın tək məsuliyyəti sevməsidir. O qorxaq da ola bilər, sədaqətli də, alçaq da, cəsarətli də. Yəni bu artıq fərdin şəxsi göstəriciləridir. Əgər biri qorxaqdırsa, sizi sevmədiyi mənasına gəlmir. Nəysə bu mövzuların başını buraxıb gələk bu həngamə jestə.
Hardan urcah oldu bu jest bizə?
Məşhur təsəvvürə görə, dizüstə çökərək evlilik təklifi etmək “cəngavərlərin xanımlarına göstərdiyi hörmət” ənənəsindən gəlirmiş. Ancaq tarixi mənbələr göstərir ki, orta əsrlərdə evlilik çox vaxt ailələrarası iqtisadi saziş idi və belə “romantik səhnələr” yox idi . Betrothal (nişan) mərasimlərinin sənədlərində də kişilərin dizüstə çökdüyü göstərilmir . Yəni bu səhnə, əslində, tarixi köklərə yox, daha çox simvolik mifologiyaya əsaslanır.
Cəngavər dizüstə çökəndə evlilik yox, sədaqət andı içirdi . Bu jest romantik yox, feodal loyallıq aktı idi. Qılıncına, hökmdarına, Tanrısına sədaqət! Bu səhnədə cəngavərin əlindən qılıncı alıb, briliyant üzük veririk, üzünü hökmdarına yox, xanımına çeviririk, pəh…. Bal kimi səhnə…
Hollywood tərəfindən romantikləşdirilmiş versiya budur.
Üzüyə gəlincə, ilk brilyant nişan üzüyü 1477-ci ildə Avstriya arşidükü Maksimilianın siyasi məqsədlə verdiyi hədiyyə idi . Bu addım aristokratik güc nümayişi idi, məhəbbət yox. Orta əsr kilsəsi də üzüyü “nikah müqaviləsinin möhürü” kimi qəbul edirdi .
Əsl partlayış isə yalnız XX əsrdə baş verdi: De Beers-in məşhur “A Diamond is Forever” kampaniyası (1947) . Yəni bizim düşündüyümüz “əbədi sevgi simvolu” əslində korporativ reklam məhsuludur. Sevgini kapitala bağlamaq üçün dahiyanə ideya! Əgər kampaniya “Neft sonsuzdur və sonsuz eşqin göstəricisidir” deyilsəydi, bəlkə də bu gün evlilik təklifində 20 litrlik benzin kanistrini dizüstə təqdim edəcəkdik. Təsəvvür edin də, əgər kasıbsınızsa, qıza iki ədəd beş litirlik inci su kanstirində benzin verirsiniz, o da həyəcandan ağlayır…
1920-ci illərin Hollivud səssiz filmlərində dizüstə təklif romantik jest kimi göstərildi . Bu, tamaşaçıya emosional təsir etmək üçün kino dramaturgiyasının bir triki idi. Lakin tamaşaçılar bu görüntünü “ənənə” kimi qəbul etməyə başladılar. 1960-cı illərdə isə artıq kütləvi şüurda belə oturmuşdu, nə qədər kreativ təklif edirsənsə, o qədər çox sevirsən… tamamilə cəfəngiyyatdır…
Bu modelləşmiş jest daha sonra qlobal miqyasda ixrac olundu. Türk seriallarında, Bollywood filmlərində, hətta Koreya dramalarında belə eyni səhnəni görürük. Beləliklə, “romantika” universal istehsal olunmuş və ixrac edilən bir məhsula çevrildi.
Postmodern baxışla desək, dizüstə brilyant təklifi – “simulakr”dır. Jean Baudrillardın terminləri ilə, bu jestin heç bir “orijinal reallığı” yoxdur. Nə cəngavərlərdə vardı, nə də xalq ənənəsində. Orijinallıq yoxdur, yalnız təsvirin təsviri var.
Bu gün sosial şəbəkələrdə yayılan təklif videoları artıq “sevgi aktı” deyil, tamaşaçıya oynayan sevgi performansıdır. “Like” yığmaq üçün edilən jest! Partnerin cavabı belə çox vaxt əhəmiyyətsiz olur, əsas odur ki, kamera çəkir və onları bəyənirlər. Rəylərdə subay qızlar sağ əlinizi başına sürtmək istəyir.
Beləliklə, dizüstə təklifin “tarixi” – romantikanın yox, reklam və pop-kültürün tarixidir. Bu jest, sevginin təbii ifadəsi yox, süni olaraq brendləşdirilmiş, Hollivud və De Beers-in “qurduğu” teatrdır.
Əgər həqiqətən orijinal və səmimi olmaq istəyiriksə, bəlkə də ən yaxşı evlilik təklifi, (əgər istəyirsinizsə), sadə üzüklə, dizüstə yox, sadəcə iki insanın, mədəniyyətin qoyduğu klişelərsiz “birlikdə yaşamaq istəyirikmi?” sualını verməsidir. Əgər istəmirsinizsə, bunu üzüklə və diziüstə çöküb səmimi şəkildə soruşa bilərsiniz, burası sizin biıəcəyiniz işdir. Amma banal səhnələrə qurban verməyin özünüzü.
Xırda detallara və anlıq ideayalara ömür söykəmək olmaz. Sevgilər….
Pərdə…