Anar Oğuz – Game of Thrones, Topal Aynurə və Müşfiq Ötgün

Montenegrodan Azərbaycana qayıdandan üç-dörd gün keçmişdi. Üzərimdə hələ də pul var idi deyə, iş dalınca düşməmişdim. Vaxtımı əsasən oxumaqla, yazmaqla və serial izləməklə keçirirdim. Bu üç gün ərzində yenidən “Game of Thrones”un iki sezonunu izləmişdim. Dayısından əmələ gələn Joffreydən yenə zəhləm gedirdi.

O qədər zəhləm gedirdi ki, atamın Məkkədən gətirdiyi təsbihin ucundakı zülfüqarla onu rahatlıqla qətlə yetirə biləcəyimi düşünürdüm. Fantaziyamda ona üç dəqiq zərbə endirib, altı yerdən deşik açır, üstəlik bunu halal niyyətlə edirdim. Atamın otağına keçib, çəkməcədəki təsbihin ucundakı zülfüqarın itiliyini yoxladım — ucu doğrudan da iti idi.

Elə bu anda atam zəng vurdu. Axşam bibilərimin bizə gələcəyini, evdə olmağımın vacibliyini bir neçə dəfə təkrarladı. Bibilərimə dözmək çətin idi. Ən çox da hər gün WhatsApp statuslarında “Ezel” fon musiqisi ilə ailə inistutundan danışan Müşfiq Ötgünü paylaşan böyük bibimə. Məni hər görəndə mütləq deyir ki:

— Bala, bu nə saç-saqqaldır? Bişmirsən? Qırxdır tök əynə bunu. Gül kimi uşaqsan, bu nə vid-fasondu?

Heç vaxt başa sala bilməmişdim ki, saç-saqqal üz quruluşuna uyğun olmalıdır. Oval üzə demək olar ki, hər stil yaraşır, üçbucaqlarda yanlar sıfırlanmalı, mənim kimi kristal başlılarda isə saç uzun və dalğalı olmalıdır. Yoxsa tam qırxsam, qaz yumurtasına bənzəyərəm.

Nə isə… tez-tələsik geyinib evdən çıxdım. Yüngül içər, dostumgildə gecələyərdim.

Elə metroya sarı gedirdim ki, “Merakeş” kafesini gördüm. Tipik, açıq havada, üç-dörd daimi müştərisi olan, domino sədaları eşidilən, qəlyan qoxulu yer. Gün batsa da hava bürkü idi, burda sərin pivə içmək fikri yaxamdan yapışıb, məni içəri atdı. İçəri girib küncdə bir yerə keçdim. Menyuya göz gəzdirdim. Həmişəki şeylər idi. Kassaya yaxınlaşıb iki filtirsiz Xırdalan, bir çipsi, bir də qızardılmış pətənə sifariş verib yerimə qayıtdım. Çantamdan Kvinin “İbrahim” kitabını çıxarıb vərəqləməyə başladım.

Beş-on dəqiqəyə sifarişim gəldi. Onları gətirən — çəhrayı krop, mavi cins şortik, çiyindən dizinə qədər tatuajlı, incə bir sarışın qız idi.

Hardasa tanıyırdım bu qızı. Amma yaddaşımın hansı qovluğunda saxladığımı heç cür tapa bilmirdim. Bir anlıq içimə qəribə qorxu doldu — bəlkə qohumdu? Nənəmin bacısının nəvəsi filan. Bu dəqiqə yaxınlaşıb “dayıgil necədilər?” deyəcək və mən burada, bu ucuz, bayağı kafedə, pivə içən dayılar arasında, rüsvay olacağam.

O sifarişi masama qoydu, xoş gəlmisiniz dedi. Sonra başını qaldırıb diqqətlə baxdı. Elə bil o da haradansa tanıyırdı məni. Yaddaşını eşələyib çıxarmağa çalışırdı.

Mən də başımı qaldırdım. Göz-gözə gəldik.

Bir anlıq gözləri böyüdü, gülümsədi və dedi:

— Anar?

Mən də gözlərimi qıyaraq ona baxdım:

— Mənəm… Nərmin?

gülümsədi, başını tərpətdi.

— Tanımadın, hə?

Və o an yaddaşımın dərinliyindən onu çıxarıb tanıdım: bu, “həmin o” Nərmin idi. Birinci sinifdən bir yerdə oxumuşduq. Həqiqətən çox dəyişmişdi. Nərmini çox yaxşı tanıyırdım, ta məktəb illərindən. O, babası ilə qalırdı. Babası zəhmli, zəhmətkeş kişi idi. Nə vaxt görsəm, həyətdə-bacada nəsə təmir edir, yer belləyirdi. Nənəsi rəhmətə getmişdi. Atası ilə anası ayrılandan sonra anası Bakıda qalırdı —
deyilənə görə, müəyyən qazanc qarşılığında bədənini satan seks işçisi idi. Ona qəhbə desək, haqqına girmiş olmarıq.

Daha sonra mən Bakıya köçəndə, Əhmədlidə yaşamağa başlayanda Nərminin anası Aynurənin haqqında saysız-hesabsız hekayələr eşidəcəkdim.

Atası isə Rusiyaya köçmüş, orada yeni ailə qurmuşdu.

Nərmis isə… o həmişə seçilirdi – gözəlliyi, bacarığı, istedadı ilə.
Əlifba Bayramında da “A” hərfi idi. Əxlaqın nə olduğunu bilməsəm də, onun əxlaqlı bir qız olduğunu qəti bilirdim. Məktəbdə bütün “yaxşı oğlanlar” onu ciddi niyyətlə sevirdi. Onu fırlatmaq, hissləri ilə oynamaq heç bir oğlanın ağlına gəlməzdi. Mən də onu sevirdim. Hətta dəlilər kimi.

Məktəbdə uşaqlar axşam seriala baxır, səhər gəlib serial müzakirəsi aparırdılar. O vaxt Kaybolan Yıllar populyar idi. Bütün sinif izləyirdi, bircə mən yox. Evdə gedib, dalaşırdım ki, kanalı çevirsinlər, mən də baxım, amma alınmırdı. Atamın türk seriallarından zəndeyi-zəhləsi gedirdi.
Beləcə, Nərminlə söhbət etməyə mövzu tapmır, əzab çəkirdim.

Yeddinci sinifdə oxuyurdum. Bir gün (31 may günü) dostlarım mənə bir məktub gətirdi. Dedilər ki, bunu Nərmin verib, sənə çatdırmağımızı istədi. Üzərində qırmızı qələmlə “Anara” yazılmışdı. Evə gəlib tərləyə-tərləyə məktubu çıxardım. İçərisində mənə qarşı hissləri olduğunu, məni çox sevdiyini açıq-aşkar yazmışdı.

Çox sevinmişdim, yerə-göyə sığmırdım. Elə həmin yay nənəmgildə qalacaqdım. Bilirdim ki, orada Kaybolan Yılların diski var. Üç ay yay tətilində dayanmadan seriala baxdım. Artıq bütün səhnələri əzbər bilirdim.

Bir dəfə bacım pis yuxu görmüşdü. Oyanan kimi nənəmə danışıb, ağlamışdı. Nənəm isə demişdi: “Yatmazdan qabaq nə düşünürsənsə, yuxuda onu görürsən. Sən yəqin dünən baxdığımız filmin təsirindəsən.”

O gündən sonra hər axşam yatmazdan əvvəl Nərminlə bağlı xəyallar qurur, onu düşünürdüm. Yuxuda görmək istəyirdim. Amma nə qədər əlləşsəm də, alınmırdı. Nərmini yuxuda görə bilmədiyimə görə sevgimə şübhə edirdim.

Məktəb açılmağına az qalmış bərbərə gedib Əsmərin şəklini göstərmişdim. Saçımı onun kimi kəsdirmişdim. Alınmışdı.

O qədər inanmışdım ki, Əsmərə oxşadığıma, əmin idim — hətta düşünürdüm ki, Ezo bizi görsə, ayırd edə bilməzdi.

Nəhayət, məktəb açıldı. Məktəbə qayıtdım. Amma uşaqlar gəlib dedilər ki, məktubu əslində özləri zarafatla yazmışdılar. Nərminin bu işdən xəbəri yox imiş. Sarsılmışdım. Onlar bu tərbiyəsiz zarafatı etmiş, amma “zarafat eləmişdik” deməyi unutmuşdular.

*

Nərminlə uzun-uzadı dərdləşdik. Sən demə, mən doqquzuncu sinifdən çıxıb, Bakıya köçəndən sonra, Nərmin də məktəbi bitirib ərə gedib. Babası can üstə imiş. Qız tək qalmasın deyə elçilərə hə deyib.
Nərmin də səsini çıxarmayıb.

Oğlan çox sevirmiş, dəyər verirmiş.

Amma sonradan oğlanın atası ilə anası, Nərminin anası Aynurənin… müəyyən məvacib qarşılığında bədənini satan seks işçisi olduğunu öyrənəndə, qızı rədd eləyiblər. Oğlanın valideynləri onunla boşanmağını istəyiblər. Amma oğlan Nərmini həqiqətən sevdiyi üçün onu da götürüb Bakıya köçüb. Valideynləri ilə bütün əlaqəsini kəsib.

Sonralar o oğlan müharibə dövründə əsgərliyə çağırılıb. Əvvəlcə pul verib saxlattırsa da, müharibə vaxtı bu mümkün olmayıb, onu əsgər aparıblar. Və müharibədə itkin düşüb. O vaxtdan bəri bir xəbər, bir səs-soraq yoxdur.

Nərmin isə Bakıda yaşayır. Özünə balaca bir yer götürüb, işləyir. Sevgiyə inanmır, məntiq evliliyi qurmaq fikirdədir.

Həqiqətən sarsılmışdım. Nərminin yoldaşında böyük cəsarət var idi. Çünki Aynurə sizin o sıradan bildiyiniz seks işçilərindən deyildi. Onu bütün aləm tanıyırdı. Çox məşhur idi.

Onun bir ayağı axsayırdı, ona görə də hamı ona Topal Aynurə deyirdi. Bütün Əhmədli, hətta demək olar ki, bütün Bakı onu tanıyırdı.

Mən əsgərdə olanda, baş leytenant Qaziyev bir dəfə məndən soruşmuşdu:

— Hara uşağısan?

Əhmədli deyən kimi:

— Ooo, sən də Topal Aynurənin teritoriyasındansan, hə? Demişdi.
və hamı gülmüşdü.

Dəhşətə gəlmişdim. Topal Aynurəni Naxçıvanda belə tanıyırdılar.

Həqiqətən, o oğlan Nərmini çox sevirmiş. Yoxsa bunlara tab gətirmək olmazdı. Mən isə bu görüşdə Nərminə daha çox yazığım gəldi. Onun bu qədər gözəl olduğu halda, tək yaşadığına və belə bir kafedə işlədiyinə nədənsə inanmaqda çətinlik çəkirdim.

Əxlaqın nə olduğunu dəqiq bilməsəm də, onun əxlaqlı olduğuna artıq şübhə edirdim.
Düşünürdüm ki, bəlkə də anasının yolunu gedir.

Söz arasında, sanki təsadüfi bir mövzu kimi soruşdum:

— ananla görüşürsən?

Dedi:

— Yox.

Sonra əlavə etdi:

— Rəhmətə getdiyini eşitdim.

Mən də avtomatik dedim:

— Allah rəhmət eləsin.

O isə gözlərini bir nöqtəyə dikib, sakit səslə dedi:

— Çətin…
Nəysə, bu söhbətləri boş ver, — dedi. — Bəs sən nəylə məşğulsan? Haralardasan? Yaman dəyişmisənn, — deyə əlavə etdi.

Mən də bir az özümdən danışdım. Nəyin necə olduğunu, xaricdən təzə qayıtdığımı, bibilərimə görə evdən qaçdığımı dedim. Və güldüm.

Nərmin qəhqəhə çəkdi. Elə qəhqəhə çəkdi ki, elə bildim, bu dəqiqə ayağa durub, ağsaya-ağsaya yeriməyə başlayacaq.

Atamdan yeddinci cavabsız zəng gəldi.

— Arvaddı? Aç da bəlkə doğrayırlar qızı— deyə kinayəli şəkildə gülərək soruşdu.

— Yox, — dedim. — Həyatımda heç kim yoxdur. Ümumiyyətlə, bu söhbətlərdən uzağam. Yaxın vaxtlarda da evlənməyi düşünmürəm. Atamdı bibilərimə görə çağırır yəqin, boş ver.

— Həmişəki Anar… — dedi.

Bir az keçdi, sonra əlavə etdi ki, artıq kafe bağlanacaq. Əgər evə getmək istəmirsənsə, bizə gedə bilərik. Həm bibilərinə məruz qalmazsan, həm də bir az dərdləşərik.

Tərəddüd etmədən razılaşdım. Yavaş-yavaş durduq, o kafeni bağladı. Sonra ikimiz kafedən çıxdıq. Onlara tərəf yönəldik.

— Qaynanan ölüb özü də? bu nə saç-saqqaldır? — dedi. — Bişmirsən bunun içində? Əli ilə çiynimə vurub güldü.

Ona geniş şəkildə izah etdim ki, saç-saqqal üz quruluşuna görə kəsilməlidir. Üz ovaldırsa, demək olar, bütün stillər yaraşır. Üçbucaqdırsa, yanlar sıfırlanmalıdı. Mənim kimi kristal başlılardansa, uzun dalğalı olmalıdır. Yoxsa tam qırxsam, qaz yumurtasına oxşayaram.

Elə də yaraşar sənə dedi, gül kimi uşaqsan.

Qaranlıq küçədə addımlayırdıq. Daxilimdə qəribə bir qorxu vardı. Bilirdim ki, yoldaşı müharibədə itkin düşüb. Amma qorxurdum ki, bu dəqiqə hardansa çıxacaq, məni təpiyinin altına salacaq. İt kimi döyəcək.

Bloka girib, pilləkənləri qalxmağa başladıq. Üçüncü mərtəbədə qalırdılar.

Evin qapısını açanda soruşdum:

— Uşaq yoxdur?

— Yox… bizim uşağımız olmurdu, — dedi.

Problemin kimdə olduğunu soruşmağa utandım. Susdum.

O içəri keçdi, işıqları yandırdı. Qapıdan girən kimi siqaretlə vanil ətirinin qarışığı burnuma dəydi. Dəhlizdəki güzgünün kənarı çatlamışdı, altındakı plastik güllərin yarpaqları toz içindəydi. Güzgü stolunun üstü dolu idi — açıq qalmış pomadalar, fırçalar, şüşələri yarımçıq parfümlər. Divarda bir şəkil asılmışdı, yoldaşı idi deyəsən. Gözünü zilləyib mənə baxırdı. Qorxub yerimi dəyişdim. Yanında dua yazısı vardı, əyilib sallanmışdı, lentlə bərkidilmişdi. Elə bil bu evdə hər şey birtəhər qalmışdı. Az sonra Nərmin çayla gəldi. Oturub içməyə başladıq.

Birdən, qəfil mənə dedi:

— Yadına düşür? O vaxt uşaqlar sənə mənim adımdan, yalandan məktub yazmışdılar…

— Hə, yadımda… — dedim. Azca utandım, gözlərimi qaçırdım.

— Əslində… o məktubu mən yazmışdım.

Amma… — davam etdi, — üç ay yay tətilində fikirləşdim ki, bu yersizdir, utanmışdım. Bu hərəkəti özümə yaraşdırmırdım. Ona görə də uşaqlardan xahiş etmişdim ki, sənə desinlər, guya zarafat imiş.

Nə deyəcəyimi bilmədim, bir az utanaraq gülümsədim.
— Ehh… uşaqlıq illəri… — dedim, başımı yelləyə-yelləyə çaydan bir qurtum aldım.
Gözlərimi stəkanın içində gizlədim. Nərminin yoldaşı arxada divardan mənə baxırdı.

Nərmin çayını içib qurtardı, gəlib yanıma oturdu.
— Gözlə, sənə şəkillərimizi göstərim. Məktəb vaxtımızdan, hələ də saxlayıram, — dedi.

Çox yaxında oturmuşdu. Elə yaxın ki, aramızda atama Məkkədən hədiyyə gətirilmiş təsbihin üstündəki zülfüqar qədər məsafə qalırdı. İki başlı söhbət idi həm də.

Telefonda ibtidai sinif müəlliməmizlə kollektiv çəkdirdiyimiz şəkili göstərdi – bax, məktubu gətirən uşaqlar, Elnurgil, dedi, gülümsədi.

Məcburi mən də gülümsəməyə çalışdım.

  • Həəə, elə zarafat olar? Zalım uşağları.

Nərmin başını mənə tərəf döndərib:

— Bəs, zarafat olmadığını bilsən, neynəyərdin? — dedi. Dodaqlarıma baxdı.

Özümü saxlaya bilmədim, öpüşdük.

Telefonda şəkil açıq qalmışdı, bütün sinifin önündə, Nərminun paltarlarını əziyyət çəkmədən, bir həmlədə, peşəkarcasına çıxardım. O da məndən geri qalmadı…
Səhərə qədər məktəb illərindən qalan bütün hisslərimizi öldürdük.
(Detallara girmirəm — orta-statistik intim əlaqə idi.)

Səhər tezdən duşdan çıxıb:

— Mən işə gedirəm, — dedi. — Sən qapını bağlayıb rahat çıxarsan.

Əynini geyinib, ağsaya-ağsaya getdi.

*

Yavaş-yavaş qalxıb mətbəxə keçdim. Çaykini doldurub qaynamağa qoydum. Vanil və siqaret qoxusu bir az da kəskin idi bu səhər.

Divanda uzanıb televizorda “Game of Thorons” açdım. Səhnədə Joffrey Ned Stark’ın boynunu vurdurub, taxta çıxırdı. Ətrafdakı camaat qışqırırdı, sevinc içindəydi. Divardakı kişi həyəcanla ekrana zillənmişdi, əlində olsa, atama məkkədən hədiyyə göndərilmiş təsbihin üstündəki zülfüqarla Joffreyə üç zərbə vurub, altı deşik açardı.
Mən isə bunun sadəcə bir serialdan ibarət olduğun bilirdim, təsirlənməli bir şey yoxdur.
Əlimi uzadıb telefonu götürdüm. WhatsApp-ı açdım. Atam on bir dəfə zəng vurmuşdu. Böyük bibimin status qoymuşdu, Kara sevdanın fon musiqisi ilə Müşfiq Ötgün danışırdı:

“- Kişinin funksiyası ailəni qorumaq, onu maddi baxımdan təmin etməkdir. Qadının funksiyası uşaqların tərbiyəsiylə məşğul olmaq, evdəki o yuvanı, isti atmosferi yaratmaqdır. Qadın evdə feminin bir harmoniya yaratmalıdır ki, əri və uşaqları özünü komfortda hiss etsin. Amma indi elə bir durumdayıq ki, qadınlar da işləmək məcburiyyətindədilər. Ona görə də, ailəni maddi cəhətdən  tək başına dolandırmaq kişinin işi olmur. Kişi də kompleks, stres keçirir. Çünki bu, təbiətinə uyğun deyil. Ona görə də, xəstəlik tapırlar.”

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir