Anar Oğuz – Fərari Obraz (Həyatın anamsızlığı və masturbasiya üzərinə)

Gecə tavandan sıçrayıb özünü qəhvəmə atan qara böcək boğulub öldü. Mistik həzz aldım. Qəhvəmi içib yatağa uzandım. Mövzudan asılı olmayaraq, əgər sənin arzuladıqlarını, başqası yerinə yetirərkən izləyib, mistik həzz alırsansa, mastrubasiya edirsən.

Məsələn, yeni dünyada insanlar bir-birinin həyatına baxıb, arzuladıqlarını sosial mediada izləyib, gizli-məxfi xoşbəxtlik tapırlar. Bu da bir növ, virtual mastrubasiyadır… daha da saymaq olar, amma düşünürəm ki, məsələ artıq sizə aydındır.

Geyinib evdən çıxdım. Gedəsi bir yerim olduğuna görə yox, hekayənin müəllifi belə istədiyinə görə. Ağa deyir, sür dərəyə, sür dərəyə!

Köşkdən siqaret alıb, şəhərə yollandım. Ürəyim içmək, dəli kimi içmək və sevişmək istəyirdi. Birinci ilə ikinci mümkün idi. Üçüncüyə pulum çatmırdı.

 “Ümumiyyətlə, müdir kimdir ki, mənim üstümə qışqırır?” Cümləsinin badına gedib, işdən qovulmağım iki-üç gün olardı. Pulum və səbrim tükənmək üzrə idi.

Məndən vəzifəcə də, yaşca da, boyca da böyük olan müdirimin qarşısında yekə-yekə danışdığımı bütün tanışlarımla detallı şəkildə bölüşmüşdüm. Hər şeyin pul olmadığını, həyatda puldan önəmli şeylərin olduğunu qətiyyətlə vurğulamışdım. Pul çox şey olsa da, hər şey deyil demişdim.

Tanışlarım da haqlı və “kişi adam” olduğumu demişdilər. Özümü təsdiqlədikdən sonra problemlərimlə baş-başa qalmışdım.

Əslində, müdür elə də pis adam deyildi, adamın üstündə müəllif var, yaxşı adam idi. Amma aqressiv idi, qışqırırdı, bağırırdı, elə olurdu ki, söyürdü. Mənim də bir mənliyim, şərəfim var. Neynəməli idim?

Nə isə… Ürəyim içmək, dəli kimi içmək və sevişmək istəyirdi.

Cibimdə isə sadəcə 1000 avro var idi. Bununla gecəni istədiyim kimi keçirə bilərdim. Amma Azərbaycana pul göndərməli idim. Anamın əməliyyatına görə 1500 manat lazım idi. Bu da edirdi, hardasa 800 avro. Yəni, 200 avrom var idi və ayın axırına 20 günüm. Anamın böyrəkləri sıradan çıxmışdı, vaxtında anatomiya oxusaydım, vəziyyəti sizə daha yaxşı izah edə bilərdim. Amma oxumamışam. Əməliyyatla təmizlənməli idi. Bu qədər bilirəm.

“Toloşi” küçəsində açıq bar tapıb oturdum. İki filtrsiz pivə içdim. İçəridə imkanlı yazılmış obrazlar əylənirdi. Fahişələr tüstülü barda şikarlarını rahatlıqla seçirdi. “Back to black” canlı ifa olunurdu. Qızın səsi qəşəng, özü çirkin idi.

 Köhnə sevgilimi xatırladım, siqaret yandırsam da, əzab çəkdim. Sonra anam yadıma düşdü. Ağladım. Həyatın nə qədər fani olduğu ilə bağlı düşünməyə çalışsam da, alınmadı.

Özümdən niyə bu qədər bədbəxt olduğumu soruşdum, cavab tapmadım. Amma mənlik bir şey yoxdur. Mən ki, özüm seçməmişəm bu hekayəni?

 Məncə, müəllif, özünü təsdiqləmək üçün, darıxdığı üçün, ya da nə bilim, əylənmək üçün yazır bu obrazları. Mən də arada qaynayıram. Başqa obrazlara baxanda paxıllığım tutur, müəllifin ədalətsiz olduğunu düşünürəm.

Məsələn, Meursault? Tanıyırsınız da? Anasının ölümünə belə laqeyd qalan fəlsəfi obraz, nihilizmin zirvəsi. O hara, mən hara?

Mən anamın ölmə ehtimalı ilə sarsılıram. Sonra özümü guya ‘daxili sakitliyə’ bağlayıram, yata bilmirəm, əzab çəkirəm, bayağı obrazların dilindən desək, xatirələr yaxamı buraxmır. Amma əslində ‘müəllif məni niyə belə yazıb?’ sualını tüpürə-tüpürə içimdə gəzirəm. Qətiyyən zəngin varoluş deyil bu. Müəllifhaqqı deyil. Bu qədər emosional və bədbəxt yazılmalı idim mən?

Charles Ryder? Oksford, şərab, təsvir olunmaz aristokratlıq.

Mən isə evdə hərdən pivəyə 95%-lik spirt qatışdırıb içirəm ki, pul az getsin. ‘Şərəfim’ naminə işdən çıxıb indi Tiktoka, filmə, pornoya baxıb az-maz mistik həzz alıram.

Mistik həzzin nə olduğunu bilmirsinizsə, belə izah edim, bu həzzdə ağrı, kədər və xatirələr sizdən çox uzaqdır. Məsələn, porno izləyəndə mistik həzzə çata bilərsiniz. Onda ayrılıq əzabı çəkməzsiniz, köhnə sevgilinizlə bağlı xatirələr yaxanızı buraxar. Ümumiyyətlə, həyat qozunuza da olmaz. Pis tərəfi odur ki, mistik həzz qısa müddətlidir.

Bu dəmdə iki fahişə yaxınlaşıb, məni dərin düşüncələrdən ayırdı. Kövrək halda sifətlərinə baxdım. Sırtıq təbəssümlə məni süzüb, üzümü güldürə biləcəklərini dedilər. Haqlı idilər, amma mənim sadəcə ağlayacaq qədər pulum var idi. Bar yavaş-yavaş boşaldı. İçəridə üç-beş cavan oğlan sızmışdı, barmen fincanları yuyurdu.

İki ədəd də filtrsiz pivə içdim. Başım yelləndi.

Balansımı yoxlamaq üçün aplikasiyaya daxil olanda bir avronun iki manat əlli qəpik olduğunu gördüm. İlahiii! Mən ki, sadəcə pivə içmişəm. Bu nə kayfdır?

Dəfələrlə yoxladım, yox, həqiqətən də avro qalxmışdı. Sevincimdən neynəyəcəyimi bilmədim, mənim “2500” manatım var idi. Anama 1500 manat göndərsəm də, 500 avrom qalırdı. Müəllifin ani jesti məni kədərləndirmişdi. Necə də xoşbəxt olmuşdum.

İçkilərin pulunu ödəyib, fahişələrin getdiyi istiqamətdə qaçmağa başladım. Gözümün yaşını, burnumun suyunu silə-silə, hıçqıra-hıçqıra qaçırdım. Həm də var gücümlə.

Arada başım fırlansa da, ayağım büdrəsə də, özümü itirmir, qətiyyətlə fahişələri axtarırdım.

Döngəni dönəndə məni üç it qarşıladı. Fahişə ardına düşmüş adamlar kimi qaçırdılar arxamca. Evə qədər qaçıb, tələsik qapını açdım. Ayaqqabılarımı çıxarmadan özümü yatağa atdım. Başım hərlənirdi. Pivə məni yaman tutmuşdu. Pivə məni acdırsa da, sevişə bilmədiyim üçün əsəbi idim. Yemək istəmirdim. Əgər müəllif məni türk seriallarının ssenarisinə yazsaydı və bu halda olsaydım, masada çəngəli və ya qaşığı yeməyin içərisində gəzdirər, uzun-uzun düşüncələrə dalardım. Amma yazmamışdı.

Siqaret yandırıb, telefonu götürdüm. Dayım zəng eləyib. Yəqin anam üçün pul lazım olduğunu xatırladacaqdı.

Vatsapp’a daxil olanda dayımın statusunda anamı şəklini gördüm. Baxmadım… yox, yox, müəllif bu qədərin də eləməz, belə yazmaz…

Əl açıb müəllifə yalvardım, eləmə dedim. Bu hissəni yazma dedim. Məni bu məkan və zamanda bu stuasiyada qoyma. Mənim kimi dərin işlənməmiş obraz bu hekayəyə tab gətirə bilməzdi. Yenidən vatsapa daxil oldum, anamın şəklini böyük xalam da paylaşmışdı, yenə baxmadım.

Bilirəm ki, baxsaydım, müəllif davam edəcəkdi.

Dayım zəng etdi. Açmadım. Bir də etdi, yenə açmadım. Əgər açsaydım anam öləcəkdi.

Otaq da var-gəl edə-edə düşünür, ortaya bir şey çıxara bilmirdim. Nəhayət, gecə saat 4-də bütün gücümü toplayıb dayımın statusuna baxdım. Anam öldü.

Səhərə qədər gözümə yuxu getmədi. Gecə boyu öz səsimdən yata bilmədim. Müəllifi nə qədər səsləsəm də, yalvarsam da hay vermədi. Ürəyim bulanırdı…

Bəlkə də, müəllif filan yoxdur? Mən dəli olmuşam? Elə bilirəm ki, hekayə obrazıyam?

Əlimdə ona aid heçnə yoxdur. Amma bunu bilə bilməzdim. Əlimdə olan tək həqiqət anamsızlıq idi.

Və bu kədərlə yaşaya bilməzdim. Heç bir bəşər yaşaya bilməzdi. Müəllifin nə düşündüyü qozuma da deyildi. İçmişdim, kədərli idim və bu kədərin qarşısını yanlız mən ala bilərdim. Hekayənin müəllifi o olsa da, mənim də azad iradəm var və bu hekayədən çıxa bilərdim.

Bütün cəsarətimi topladım. Hamama girdim, güzgüyə baxdım. Məndən qabaq çox adam bu fikrə gəlib, bəziləri bacarıb, bəziləri yox. Amma mən fərqində olan bir obraz olaraq bu ağrını sonlandıra bilərdim.

Müəllif indi mənim intihar səhnəm üçün orijinal tapıntılar, sarsıdıcı təsvirlər fikirləşir. Finalın uğurlu olması üçün həyəcanla yazır…

Amma artıq bəsdir. Bu mənim həyatımdır və bu qərarı yalnız mən verə bilərəm. Bu hekayədən çıxıb gedəcəm. Ədəbiyyat tarixində “fərari obraz” yoxdur, deyə düşünürəm. Bəli, finalı mən yazacam.

Həyat mənasız, amansız və kədərli ola bilər. Amma ona, həyatın ən təbii həzziylə cavab vermək lazımdır.

Elə də elədim. Şalvarımı endirib, ağlaya-ağlaya mastrubasiya etdim. Mistik həzzə çatdım. Rahatladım.

Əynimi geyinib, çıxdım.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir