İnsan sözünün üstündə duranda qəhrəman olur. Fərqi yoxdur — bu, valideynlərinə, müəlliminə, vətəninə, dostuna, yoxsa özünə verilən sözdür. O an insan iradənin əsl mahiyyətini dərk edir və bu xüsusiyyət qarşıdakı mərhələləri keçmək üçün ən vacib yol yoldaşına çevrilir. İncəsənətdə, elmdə, siyasətdə ən tanınmış və sevilən bütün şəxsiyyətlərin ortaq nöqtəsi də məhz budur. Gah nala, gah da mıxa vuran adamlar unudulmağa məhkumdur. Yazıçılar romanlarındakı obrazları ayrı-ayrı işləyirlər. Hər obrazın bir hədəfi olur, o obrazlar nəyi, nə üçün etdiyini yaxşı bilir. Çox kitab oxuyan insanlara həmin xüsusiyyətləri sadalasalar, o saniyə tanıyacaqlar ki, söhbət hansı obrazdan gedir. Çünki əqidə — insan həyatında əvəzolunmaz bir tərzdir. Bir düşüncə sahibi olub onu reallaşdırmaq — saçının, gözünün rəngindən, yerişindən, geyimindən, hətta, dilindəki sözlərdən belə daha qüvvətlidir. Haqqında hər şeyi unuda bilərlər, amma mübarizən unudulmur. Çünki bu, hər kəsin istəyib, çox az adamın bacardığı klassik xarakter göstəricisidir.
Bəzən insanlar özlərini ovundurub deyirlər ki, “dünyaya bir dəfə gəlirik, bunu dəyərləndirməliyik”. Fədakarlığı məqsədsizliklə üzləşdirirlər. Mənəviyyatı yük hesab edib ondan qurtulmağa çalışan kütlə bir an gəlir ki, bioloji cəhətdən ağcaqanaddan fərqlənmir və səni özünə oxşatmağa çalışır. Sanki hamısının şüarları eynidir: “Dünyaya bir dəfə gəlirəm, doyunca qan içməliyəm”. Yəqin, elə buna görədir ki, çoxlarının idealı olanlar — istər real həyatdakı insanlar, istərsə də ədəbiyyatdakı obrazlar — əqidəsinə sadiq qalanlardır. Həyat yolu milyardlarla insanın illərlə üzdüyü bir okeandır. Dediyini edə bilənlər bir gün sahili görə bilirlər. Digərləri isə sadəcə üzürlər; bəzən boğulur, niyə üzdüklərini belə bilmədən həyatdan köçürlər. Bu, 35 yaşında minlərlə insanın sevgisini qazanmış biri ilə, 90 yaşına çatmış və sadəcə yaşına görə hörmət edilən bir insanın fərqinə bənzəyir.
Əqidə — xarakterin dayaq nöqtəsidir. İradə isə özünə hökm etməklə formalaşır. Beyin onsuz da hər şeyin rahatını axtarır. İnsanlar həmişə “başqa işin qulpundan yapış” deməyə hazırdır. Və bir insan olur ki, öz xəyalını özünə qalxan edir. Bu dünyadakı, öz xəyal etdiyi cənnətinə belə daxil olur. O, hamı kimi yaşamaq üçün doğulmayıb. Başını aşağı salıb, ona verilənlərlə kifayətlənəcək bir zəka sahibi deyil. O, istədiyini almağa gəlib dünyaya. Dediyindən dönsə, hamını xoşbəxt edən şeylər onu bədbəxt edəcək. Belə insanlar az olsa da, var. Bəzən bizə maraqsız görünən, bir saatlıq söhbətinə belə təhəmmül edə bilmədiyimiz, öz dünyasının qəhrəmanı olanlar var. Biz onların cənnətini təsəvvür belə edə bilmirik. Bəzi insanlar sadəcə yemək, işləmək və ailə qurub çoxalmaq üçün yaşayır. Onlar fərqli yolu tutanları axmaq kimi görür. Başqa cür xoşbəxt olmağın mümkünlüyü heç cür ağıllarına sığmır. Onlar bilmirlər ki, hər kəs xoşbəxtlik yolunu asfalt yol kimi görmür. Kimsə torpaq yollarla gedəcək; ayaqqabısı cırılsa, köynəyini çıxarıb ayağına bağlayıb yoluna davam edəcək.
Düşünəndə adamı necə həyəcanlandırır! İllər əvvəl yaşamış Sokratsan, Bethoven, Eynşteyn, Mariya Küri, Ziqmund Freydsən. Elə bir gün yoxdur ki, dünyanın hansısa yerində kimsə sənin adını çəkməsin. Yolun yarısında yorulan, ya hələ də əziyyət çəkdiyini görüb ruhdan düşən insan görəndə, ona bunları izah etmək istəyirəm. Eyni, bayağı zövqləri ilə, maddi nəsnələri ilə özlərinin yox başqalarının ən yaxşısı olmağa çalışanların, bir-birilə yarışaraq yaşayanların inandırmağa çalışdığı “həqiqətlər” doğru deyil. Mən hələ də ümidim azalanda, bunu hiss etdirməməyə çalışanda, xarici görünüşümlə məşğul olub başımı dik tutanda — Teslanı xatırlayıram. Bəzən bir günəbaxan görürəm, ya da buludlar elə bir şəkil alır ki, heyrət və sevinc eyni miqdarda süzülür ürəyimə. Sanki fırça ilə çəkilmiş, hələ qurumamış, burula-burula hərəkət edən buludları göstərib yanımda kim varsa, ona deyirəm: — Bu, Van Qoqun çəkdiyi buludlardandır!
Möhtəşəmdir. Uğurlar!
Ugurlar!