“Böyümək”
Asif, Əli, bir də mən,
on bir tuş oynayardıq.
Top partlasa, savaşar,
günahkar axtarardıq.
İndi də savaşırıq,
amma ki, ön cəbhədə.
Burada hər şey fərqlidir:
öncə savaş başlayır,
sonra toplar partlayır.
Tanıyırıq günahkarı,
o isə bizi tanımır.
25.01.2025
Görmə qabiliyyəti olmayan Firuzəyə,
Mən də görmürəm dedim, küləyi, inanmadı.
And içdim Allaha,
Ona da inanmadı.
Bir işarə olmalı…
Amma su üzərində kimsə yeriməməli,
dəniz yarılmamalı və ay bölünməməli…
“Tao”
Bu yolların tozuna bulaşdırma, əzizim,
uzun kirpiklərini.
Bəlkə tanrı qoparır, “Sevir-sevmir” deyərək,
Bütün sevdiklərini?
Yığ yollardan gözünü, seyr edib göy üzünü, de ki, “səni, sevirəm”
Yanıb alışsın sinən.
Qoşul get arxasından, şəhadət barmağına,
qonan parabüzənin.
Sən də gedənlərinin arxasıyca yollama,
görürsən ki, bəzənib,
sənin dalınca gəlib, barmağından yapışıb,
aparmağa çalışır.
Qaç ekvator boyunca, bu dünya alma boyda
kiçilsə gözlərində,
doğru yolu taparsan bəlkə, diş izlərindən.
Tanrı səni gözləyir bütün əzizlərinlə.
****************
Ən dərin təmizliyi zaman edər evində,
Təmiz silər, süpürər bütün sevdiklərini.
Xatirəyə çevirib, divarlarından asar,
Boş evini bəzəyər.
Yavaş-yavaş doldurar evindəki yoxluğu,
İçindəki boşluğa.
Yaşamaq istəyəndə,
Divarından asdığı xatirələri sökər, unutdurar hamını.
“Unudulmaq insanın axilles dabanıdır.”
Zaman da ağrıları qarşılıqla sağaldar.
Sən muzdlu əsgər kimi yaşamaq istəyərsən,
Bütün sevdiklərini dabanından vurarsan.
Ya da ümid bəsləyib cır-cır qapı səsinə,
Onları gözləyərsən, amma zaman dayanar,
Qocalmaq əvəzinə evində köhnələrsən.
Özündən də bezərsən,
bütün sevdiklərinə qovuşmağa gedərsən,
Pəncərəyə çıxaraq sevincək əyləşərsən,
Zamanın sehirli süpürgəsinə…