Məzahir Mizan – Mən, deyəsən, dəli deyiləm

Bir şəhərdə… ancaq yaxşısı budur, şəhərin adını deməyək. Dünyada cürbəcür şəhərlərdən, qəsəbələrdən, kəndlərdən, sözün qısası, hər cür yaşayış məntəqələrindən qorxulu bir şey yoxdur. Yaşayış olan yerdə insan var, insan olan yerdə də dəli. Bu aralar, deyəsən, hər kəs dəli olur. Çünki psixiatr və psixoloq növbələrinə yazılmışam, amma ən yaxın növbə 3 ay sonradır. Bir də niyə həm psixoloq, həm psixiatr? Hansısa məqalədə oxumuşdum ki, bunlardan biri daha peşəkar, digəri isə gəvəzədir. Yaxşı, yaxşı! Məqalədə oxumamışdım, Instagramda görmüşdüm. Amma nə fərqi var ki e? Mən inandım. Tamamilə inandırıcı danışırdı və statistikalarla əsaslandırırdı.

Mən ümumiyyətlə həmişə çox danışmışam, bu başıma gəlmiş əhvalatlardan sonra lap gəvəzə olmuşam. Səni də yordum, sən Allah, üzrlü say. Indi danışıram nə olub.

Məzahir Mizan

Demək işdən çıxdım, amma evə gedə bilməzdim. Otaq yoldaşım sevgilisini evə gətirmişdi. Ona görə də işini bitirənə qədər gözləməli idim. İt oğlu bütün pulunu gecikdirici dərmanlara xərcləyirdi deyə mən də evə gecikirdim.

Həmişəki kimi 28 May metrosuna yaxın çay evlərindən birinə getdim – soyuq yanvar ayında küçədə sülənəsi deyildim ki. Elə çay və ağ alpengold sifariş etmişdim ki, gördüm içəri bir nəfər arıq, balacaboy kişi girdi. Bu soyuqda, bu şaxtada əynində sadəcə jaketi vardı. Düşündüm, yəqin bomjdur, amma paltarları çox da köhnə sayılmazdı. Demək olmaz ki, bu kişi çox gözəldi: üzünün bir tərəfi çopur idi, saçının qabağı tökülmüşdü deyə alnı böyümüşdü, üzünün rəngi də babasil xəstələrinin rəngində idi. Onu ofisiant qarşıladı, amma boş yerin olmadığını dedi. Yadıma bir şeir düşdü, amma müəllifi yadımda deyil. Bəlkə,  oradakı kimi bu yazıq kişi də hansısa çayxorun getməsini gözləyirdi ki, yer tapıb otursun. Katerin olmasam da, kişiyə yazığım gəldi, masama dəvət elədim. Sonra da deyirlər ki, şeir boş işdir. Gördünüz, necə empatiya qurdum?!

Gəlib qarşımda oturdu, ofisiant da stəkan gətirdi. Çay süzə-süzə adını soruşdum. Adının Akaki Akakiyeviç olduğunu dedi. Soruşdum ki, Azərbaycanda böyümüsən?

Dedi ki, yox. Sonra davam elədi: “Bu gün səhər oyandım ki, bu dildə danışmağa başlamışam. İnanırsan ki, danışdığım dilin adını da bilmirəm?”

İnanmadım. Artıq əmin idim ki, dəlidir. Həm də bu soyuqda ancaq dəlilər qalın geyimsiz çölə çıxarlar. Bir məqalədə oxuduğum fakt yadıma düşdü: dəlilər üşümürlər.

Danışmağa davam elədi: “Sənə bir sirr açacam, amma söz verməyini-zadı istəmirəm, kimə desən qozuma da deyil, onsuz sənə inanmayacaqlar. Deməli, adını eşitmiş olarsan, Qoqol? Eşitməmisən? Hər nə isə, bu məni yazan adamdır. Amma axmağın biri, axmaq, məni küçələrdə soyuqdan öldürmək istəyirdi. Amma demək istəmədiyim yollarla müəllifin əlindən qaçdım. Məni tapa bilməyən Qoqol da yazdı ki, məmurun ruhu dolanır küçələrdə. “Səfehin biri səfeh”.

Mən də oturub səy-səy buna qulaq asırdım. Bitirəndə özümü saxlaya bilmədim, bərkdən qəhqəhə çəkdim. Adminstrator yaxınlaşıb içimə soxmağımı istədi. Mənim də xətrimə dəydi. Hesabı istədim ki, ödəyim, çıxım.

***

Yox, yox, yox, dəli olmamışam. Bunlar hamısı sadəcə təsadüfdür. Cəmi 90 gün sonra psixiatrım hər şeyə cavab tapacaq. Amma bir problem var ki, o vaxta qədər dəli deyildimsə də, dəli olacam. Nə oldu belə həyəcanlandım?

 Kafedən qovulduğum günün səhərisi metro ilə işə gedirdim. Gördüm ki, bir kök kişi əyilib nəsə axtarır. Üzünü mənə çevirəndə dəli oldum!(Qorxdum yəni. Mən dəli deyiləm) Kişinin burnu yox idi. Yaxınlaşıb kömək etmək istədim. Soruşdum ki, nə axtarırsınız? Dedi ki, burnumu.

Hay da! Adam da heç burnunu itirər? Başını itirən görmüşdüm. Hətta eşitmişdim də: fransız inqilabında olmuşdu. Nə isə, nə isə. Axtara-axtara soruşdum ki, necə itib? Əlini cibinə atıb bir kağız çıxardı. Burun vida məktubu yazmışdı. Sonda bir cümlə var idi: “Mən nəfəs almaq üçünəm, başqalarının işinə qarışmaq üçün yox”. Bunu deyib yenə axtarmağa davam etdi. Sonuncu vaqonu da tam yoxlayıb növbəti stansiyada düşdü.

Amma bizim insanlar da çox qəddar olublar. Əyilib dayıya kömək üçün oturacaqların altına baxıram. Elə pis baxırdılar ki mənə, elə bil onların burunlarını indicə oğurlayacağam. Başa düşmürəm.

***

Yox, dəli olmamışam, yox, yox! Sadəcə stressdəndir, ya da ki, yorğunluqdan. Onları görməmək üçün evdən çölə çıxmıram, amma evə gəlirlər. Axır ki, vaxt tamam olur, sabah psixiatra gedirəm. Dünən xəstəxanadan zəng elədilər. Növbə götürən xəstələrdən biri ölüb.

***

Həkim beyin tomoqrafiyası çəkdirməyimi istədi. Analiz də verdim. Bir neçə saat sonra təkrar yanına çağırdı. Uzun-uzadı və terminlərlə dolu nələrsə dedi. Yaddaqalan bir şey deyildi, amma sizə demək üçün əzbərlədim:

“Ətraflı danışdığınız hallüsinasiyalar və tomoqrafiya nəticələrinə görə bu, ümumi psixopatoloji əlamətlər kompleksidir. Təəssüf edirəm ki, bu, paranoid tipli şizofreniyanın aydın klinik təsviridir.

O, resept kağızına nələrsə yazdı. “Bu, antipsixotik terapiya üçün reseptdir. Dərman qəbulu və nizamlı müayinə zəruridir.”

***

Xəstəxanadan çıxdım. Hava soyuq idi. Donurdum. Analiz verəcəm deyə yemək də yeməmişdim. Qarşıma çıxan ilk kafeyə girdim. Yemək sifariş verdim. Akaki yenə gəldi. Gecəyarısına qədər içdik.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir