İsa Məmməd – Dördüncü Tuz

Yatağında uzanıb yaşarmış gözlərini üzümə zilləyən bu adamın bir gecədə itirdiyi evi geri qaytarmaq mənə bir ömürə başa gəlmişdi. Atam o gecə təkcə evi yox, uşaqlığımı, gəncliyimi, bir sözlə ömrümü qumarda uduzmuşdu. Bilirəm, bu heç kimə maraqlı deyil. Kim hansı həyatı uduzub, kim hansı divarın altında qalıb, bunlar hamısı sadəcə onu yaşayan insana maraqlıdır. Mənim isə yazdığım hər nə varsa, həyatın özü kimi mənasızdır. Bu yaşımadək bir evin sahibi ola bilməmək, kirayə ev pəncərələrindən yeni tikilən binaları izləmək, bir gün o binaların birindən bir mənzilə sahib olmaq arzusu ilə alışıb yanmaqla keçən bir həyat sizcə nə qədər maraqlı ola bilərdi ki?

Bəzən başıma maraqlı saya biləcəyiniz hadisələr də gəlirdi. Məsələn, 8-ci sinifdə oxuyarkən, sinif yoldaşım Ruslan ağzımın üstündən sillə vurmuşdu. Zərbənin şiddətindən üst dodağım partlamışdı. Əclaf bədəncə məndən çox iri idi. Çarəsiz qalıb, direktorun otağına qaçmışdım. Həmin anki hirslə qapını döymədən içəri girəndə anamı onun qucağında oturub sevişərkən görmüşdüm. Arxamca məni fikrimdən döndərmək üçün gələn Ruslan da bu “mənzərənin” şahidi olmuş, sonradan gördüklərini bütün məktəbə yaymışdı. Bu zərbəsinin şiddətindən də həyatım partlamışdı.

Anam o zamanlar məktəbdə xadimə işləyirdi.

Xadimə olduğuna görə heç vaxt utanmamışdım, amma o gündən sonra anam olduğuna görə utancımdan yerin dibinə girirdim. Bir sözlə, 14 yaşlı uşaq valideynlərinin səhvinin cəzasını çəkirdi. Bir-iki anlayışlı müəllimdən başqa hər kəs mənə rəzil bir insan kimi yanaşırdı. Sonradan anamın başqa “işləri” də üzə çıxmışdı. Sən demə o həm də şəhərin ən imkanlı adamlarından biri olan Əkrəm kişinin məşuqəsi imiş. Məktəbin zibillərini təmizləyən insanın öz zibilləri saymaqla bitmirdi. Sayəsində mən də zibillikdə yaşayırdım. Əkrəmin saysız-hesabsız obyektləri, evləri olmasına baxmayaraq qazancının böyük hissəsinin qumardan gəldiyini hər kəs bilirdi. Bütün bunların günahını isə sadəcə atamda görürdüm. Bəlkə də evimiz kimi anamı da qumarda Əkrəm kişiyə uduzmuşdu.

İnsanlar anası öləndə ölüm ağrısını öz bədənində yaşayar. Nə yalan deyim?.. mən anam öləndə sevinmişdim. O vaxtlar hələ 17 yaşım var idi. Ali məktəbə hazırlaşdığım vaxtlar idi. Həmin günlərin birində xəbər tutdum ki, anam Əkrəm ilə dağlıq zonaların birinə istirahətə gedərkən maşın yoldan çıxıb dərəyə yuvarlanmış, ikisi də hadisə yerindəcə gəbərmişdi. Atam isə qumardan əl çəkmirdi. Tumanına qədər uduzmuş adamın daha uduzacaq nəyi qalmışdı görəsən? Bu zibilin aludəçisi olmağını anladım, bəs adam heç olmazsa, ömründə bir dəfə qazanmazmı görəsən? Bunu başa düşə bilmirdim.

İndi isə qarşımda 66 yaşında hər şeyini itirib iflic olmuş atam, onun qarşısında isə 40 yaşında qarşısına qoyduğu məqsədi tamamlayıb ev almış oğlu. Və bu evdə ilk günümüz. Onu sorğulamaq, ailəmizə bütün bunları niyə yaşatdığını öyrənmək çox istəyərdim. Heyif ki, danışa bilmirdi. Suallarım divara dəyib özümə qayıdacaqdı. Ayağa qalxıb divardan asılmış babamdan qalma ov tüfəngini götürüb dolduraraq atamla aramdakı masanın üzərinə qoydum. Ona şərtləri açıqlayıb son qumarını oynamasına şərait yaratdım. Cibimdən bu gün evə gələrkən aldığım “дурака” kartlarını çıxarıb qarışdırmağa başladım. Atam aciz-aciz əllərimə baxırdı. Qarışdırıb qurtarandan sonra kartları bir onun önünə, bir öz önümə paylamağa başladım. Hərənin önündə üç kart olanda dayanıb kart dəstəsini kənara qoydum. Önündəki xal çox olan “oyunu” qazanacaqdı. Əvvəlcə özüm görməyəcək şəkildə onun önündəki kartları qaldırıb özünə göstərdim. Kartları görər-görməz gözlərindən yaş axmağa başladı. Bunun ilk dəfə qazanacaq olmağından yaranan sevinc göz yaşlarımı yoxsa həyatını itirəcək olmağından yaranan qorxu və kədər göz yaşları olduğunumu ilk baxışdan anlaya bilmədim. Növbə öz kartlarıma baxmağa çatmışdı. Əlimdə 31 xal var idi. Atamın önündəki kartları bir-bir açmağa başladım. Açığı bir az həyəcanlı idim. İlk kartı açdım – Tuz. İkinci kart – yenə Tuz.

Əllərim əsə-əsə üçüncü kartı qaldırdım. Gözlərimə inana bilmirdim. Bu da – Tuz.

Atam həyatında ilk dəfə qumarda qazanmışdı. Amma bu dəfə də oğlunu uduzmuşdu.

Bunlar həyat hekayəmin son sətirləridir. Yatağında uzanıb yaşarmış gözlərini üzümə zilləyən bu adamın qarşısındakı tüfəngi götürüb lüləsini çənəmin altına dirəyirəm. Birazdan atəş səsi qulaqlarınızda əks-səda edəcək.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir