Orxan Hüseynov – İtmiş Boşluğun Axtarışında

Xəstəxanadan evə buraxılmağımdan üç gün sonra, bir otaqlı evimin tək nəfərlik çarpayısında, bütün bədənimə yayılmış boşluq hissiylə oyanıram. Bədənim üzərində son on gündür ki, hakimiyyətini qurmuş keylik hissini yenicə əvəzləmiş olan boşluq hissinə alışmağa çalışıram. Boşluq hissi bir neçə dəqiqə içində bədənimin müxtəlif hissələrindən yalnız bir nöqtəyə, məndən götürülüb başqasına verilmiş olan sol böyrəyimin yoxluğuna doğru sıxlaşır.

Yataqdan qalxmağa tələsmirəm. Ayağa qalxar-qalxmaz bədənim o boşluq tərəfindən udulacaqmış kimi hiss edirəm. Bu hiss məni o qədər narahat edir ki, gözlərimi tavana zilləyib yenidən yuxuya gedənə qədər yataqda yerimdən qımıldanmadan uzanmaq və ən azından növbəti səhərə sağ çıxmaq istəyirəm. Sadəcə düşünürəm və ilk olaraq təəssüf hissiylə zehnimdə canlandırdığım qərarlarımı verdiyim anları tavanda səhnələşdirirəm. O anlarda baş rolda olduğum yanılğısında idim, amma fərqində olmadan, hər birində ikinci dərəcəli qurban rolunu canlandırmışam.

Belə olacağını bilsəydim, bu addımı atmaz, bu xeyirxahlığı etməzdim. Əslində, hər şey yaxşı başlamışdı və istədiyim kimi də bitəcəyini düşünürdüm. Ta ki bu səhərə qədər. Bədənimin bir parçasının əksikliyindən yaranan boşluq hissi bir neçə həftədir qürurla yaşatdığım –və içində də özüm yaşadığım– illuziyama son qoyur.

***

Artıq üç həftədən çoxdur ki, transplantasiyadan əvvəlki həyat tərzimə davam etsəm də, ölüm qorxusu hələ də sol böyrəyimin boşluğunu doldurur. Hər gecə, səhər gözlərimi açdıqda, boşluğun yoxa çıxacağına və bədənimin sahibliyini geri qaytara biləcəyimə ümid edirəm, ancaq həmin gecələrdən açılan səhərlərin heç birində bu baş verməyib. Əksinə, bu gecələrin ertəsində, boşluğun bədənimdə daha da dərindən kök saldığı səhərlərə oyanıram. Bu səbəbdən, hər səhər oyandıqdan sonra, çarpayımda hərəkətsiz uzanıb itmiş orqanımın yerində əsən boşluğu dinləyir, onun ölümcül olub-olmadığını aydınlaşdırmağa çalışıram. Amma bütün günümü buna ayıra bilmərəm.

Reklam agentliyində işə başladıqdan üç il sonra götürdüyüm ilk məzuniyyət dünən bitdi. İş yoldaşlarımın nahar fasiləsində və ya özlərini çox məşğul və düşüncəli apardıqları kiçik işlərin arasında soruşduqları suallara cavab olaraq, qısa və soyuq formada səyahət etdiyimi deyirəm. Məndən səyahət zamanı çəkdiyim şəkilləri həvəslə və onlardan soruşmadan göstərməyimi gözləsələr də, ötəri və soyuq cavabdan sonra yenidən yeməyə və ya işimə qayıdır, onları özümdən uzaqlaşdırıram. Ancaq bu laqeydliyi göstərmək mənim üçün də çətindir. Onlara etdiyim xeyirxahlıqdan, hələ dünyada çox şeylər yaşamamış on bir yaşlı qızı dünyaya bağlamaq üçün, ondan ölümü uzaqlaşdırmaq üçün etdiyim fədakarlıqdan danışmaq istəyərdim. Amma artıq bunu edəcək cəsarətə sahib deyiləm. Daha doğrusu, utanıram.

Bu utancaqlıq birdən-birə ortaya çıxmayıb. Bir neçə gün əvvəl iki dostumla söhbətləşərkən, söhbətin bir yerində sol böyrəyimi təmənnasız olaraq, köməyə ehtiyacı olan, ancaq ailəsinin maddi vəziyyətinin bu köməyi gecikdirdiyi on bir yaşlı bir qıza bağışladığımı, onun həyatını xilas etdiyimi dedim. Əvvəl, bu qəfil bəyanatın onlarda susqun təəccüb yaratmasını izlədim, bunun ardınca isə, o təəccüb portretlərinə laqeydliyin tonlarının əlavə olunduğunu gördüm. Dodaqlarının arasında nəsə mızıldanıb sanki doğru üz ifadəsinə büründüklərindən əmin olmaq istəyirmiş kimi bir-birinin üz cizgilərini yoxladılar və heç nə olmayıbmış kimi mənim qısa bəyanatımdan əvvəl danışdığımız mövzuya qayıtdılar.

Bir neçə həvəslə müzakirə olunub vecsizliklə kənara atılan mövzudan sonra, dostlarımdan biri siqarət yandırıb belini oturacağına söykədi və siqaret tüstüsünün arxasından bir tanışının da əvvəllər donorluq etmiş olduğundan, lakin bunu təmannasız yox, pul qarşılığında etdiyindən və həmin pula bir neçə xarici ölkəyə səyahət edib qalan pulla da maşın aldığından danışdı. Yan-yana əyləşdiklərindən siqaretin seyrək tüstüsünün üzünün sol yarısını dumanlandırmış digəri də, deyilənlərdən həvəslənmiş kimi heç vaxt donorluq etməyəcəyini, etsə belə, xeyli miqdarda pul qarşılığında edəcəyini, əksinin sadəlövhlük olacağını dedi. Bu mövzu da həvəslə müzakirə olunduqdan sonra, laqeydliklə bir tərəfə atıldı və mən elə həmin gecə bu haqda bir daha kiməsə danışmamaq qərarı aldım.

***

Boşluq hissi dözülməz həddə çatıb. Ardıcıl üç gecədir ki, yata bilmirəm, ancaq qəribəsi ondadır ki, bunun əksikliyini də hiss etmirəm. Boşluq, yuxumu əlimdən alıb, əvəzində isə sonsuz kimi görünən qaranlığı içinə girib düşünmək üçün mənə bağışlayıb. Ötən gecənin qaranlığında bu boşluğa son qoymaq qərarı aldım. Bunun üçün sol böyrəyimi fədakarlıq edib bağışladığım on bir yaşlı qızın evinə gedib valideynləri ilə danışacam, sol böyrəyim olmadan yaşaya bilmədiyimi və bədən üzvümü geri istədiyimi deyəcəm.

Qərarımı həyata keçirmək üçün ilk addımım menecerimə yazıb xəstələndiyimi, xəstəliyimin yoluxucu olduğunu və bugün işə gələ bilməyəcəyimi demək olur. O isə dərhal cavab yazaraq, məndə xəstəliyin məzuniyyətdən qayıtdıqdan sonra başladığını müşahidə etdiyini, tam sağalmadan işə qayıtmamağımı, bütün həftəni evdə qalıb istirahət etməli olduğumu deyir. Onun bu mesajı mənə iş yerində ehtiyac olmadığını və daha da pisi, məni iş yerində, yanlarında görmək istəmədiklərini, məndən və içimdəki boşluq hissindən qaçmaq istədiklərini deyir. Bu ani məyusluq məni qərarımdan döndərmir və ikinci addımı atıram, yataqdan ehtiyatla qalxıb paltarlarımı geyinirəm və evdən çıxıram.

Sol böyrəyimin yeni evi şəhərdən kənarda, bir-birinə yaxın tikilmiş, boyası tökülmüş və ya paslanmış dəmir qapılardan birinin gizlətdiyi bir mərtəbəli həyət evidir. Qapılardan birini döyürəm, qırmızı boyası günəşin altında solmuş və yağışın bir neçə yerdən paslandırmış olduğu qapını. Təxminən iki ay əvvəl bu qapının qarşısında on bir yaşlı qızın atası ilə dayanmışdıq. Sol böyrəyimin qızı üçün uyğun olduğu məlum olduqda, məni evinə dəvət etmiş, bir otaqlı evinin və cılız həyatının bütün imkansızlıqları ilə tanış etmiş,bu imkansızlıqların təmtəraqla nümayiş olunduğu vaxt ərzində evin bir küncündə sakitcə uzanıb anasının başının üzərində ağlamasını dinləyən qızının yanına gətirmiş, təhsil aldığı məktəbdən, oradakı uğurlarından və gələcəkdə həkim olma arzusundan danışmış, sonda isə həyət qapısının qarşısında xeyirxahlığım üçün xeyli təşəkkür edib, məni yola salmışdı. İndi həmin qapının qarşısında dayanıb, heç vaxt bu qapının qarşısında dayanmamış olmağın xəyalını qururam.

Qapı açılır və gözlərinin yaşı qurumuş olan ananı görürəm. Məni gördüyünə təəccüblənir, hətta bir anlıq məni tanımadığını düşünürəm. Nəhayət, məni içəri dəvət edir, ancaq buna vaxtım olmadığını, tezliklə ölə biləcəyimi, bu səbəbdən də, on bir yaşlı qızına fədakarlıq edib bağışladığım sol böyrəyimi geri istədiyimi deyirəm. Üzündəki təəccüb ifadəsi daha da kəskinləşir. Bu kəskinlikdə onun məni tanımalı olduğundan da artıq tanımış olduğunu sezirəm. Bu haqda əriylə danışmaq üçün satıcı işlədiyi yaxınlıqdakı marketə getməli olduğumu deyib qapını tələsik bağlayır.

Marketdə on bir yaşlı qızın atasından başqa, əllərində alacaqları ərzaqları tutub kassanın qarşısında dayanan iki müştəri də var. Atası məni görən kimi gülümsəyir və piştaxtanın arxasından əlini uzadıb salam verir. Mənə şübhəylə baxan müştərilərə qızının həyatını xilas etdiyimi, xeyirxah insan olduğumu dedikdə, o iki nəfər də, başlarını razılıq əlamətində sallayıb qaşlarını qaldıraraq nəsə barədə bir-iki söz mızıldanırlar. Atası müştəriləri yola salandan sonra çay içib söhbət etməyi təklif edir. Mən isə, çox vaxtım qalmadığını deyib arvadına dediklərimi təkrara edirəm. Elə bu anda, sosial şəbəkələrin birində on bir yaşlı qızın təcili böyrəyə ehtiyacı olduğunu oxuduğum gün yorğun olduğumdan iş yerindən tək çıxıb evə tələsməmiş olmağı, taksidə gedərkən həmin elanı sona qədər oxumamış olmağı, elanı oxuduqdan sonra telefonu adi bir xəbər oxuyubmuş kimi yenidən cibimə qoymuş olmağı, evə çatdıqda elanda göstərilən nömrəyə zəng etməmiş olmağı, bu insanları tanımamış olmağı xəyal edirəm. On bir yaşlı qızın atası bir neçə saniyəlik donuq təəccübün ardından, ovuclarını piştaxtaya söykəyib qabağa əyilərək nə demək istədiyimi anlamadığını desə də, çatılan qaşlarından və itib havaya qarışan gülümsəməsindən hər şeyi aydın başa düşdüyünü, mənim də başqa heç nə demədən marketdən çıxıb getməyimi istədiyini duyuram. Lakin çıxıb getmək əvəzinə dörd nəfərlik gərgin səssizliyin mərkəzində dediklərimi təkrarlayıram. Digər ikisinə doğru dönüb sanki nə etməli olduğunu götür-qoy edirmiş kimi təəccübünü onlarla da paylaşır, yenidən mənə tərəf çevrilir, sərt və yüksək səslə marketi tərk etməyimi, ora bir də gəlməməli olduğumu deyib qapını işarə edir. Təkidimi davam etdirdikdə, bayaqdan sakitcə baş verənləri izləyən müştərilər, əllərindəki ərzaqları piştaxtaya qoyub qollarımdan yapışır və məni qızın atasının söyüş və hədə-qorxularının müşayiətində qapıya doğru itələyərək marketdən çıxarırlar.

Evə qayıdıram və yuxusuz gecələrimə əlavə olunan gecə boyunca boşluq hissimi izləyirəm. Yuxuya getsəm, bir də oyanmamaqdan qorxuram.

***

Artıq heç kimin məni xilas etməyəcəyini, ölümümün kimsəni qayğılandırmayacağını, hətta dünənki israrlı istəyimdən sonra on bir yaşlı qızın ata və anasının bunu sevinclə qarşılayacaqlarını, mümkün xilasın sadəcə öz təşəbbüsümdən gələcəyini yəqinləşdirdikdən sonra, on bir yaşlı qızı hər gün məktəbə gedərkən və qayıdarkən uzaqdan təqib edirəm. Məktəbə anası ilə yollanır, ancaq evə tək qayıdır. Rəfiqəsi yoxdur, ən azından onu təqib etdiyim beş gün ərzində hansısa yaşıdıyla və ya başqa biriylə bir dəqiqədən artıq danışdığına şahid olmamışam. Güldüyünü və ya kədərləndiyini görməmişəm, üz ifadəsi hər zaman sabit görünür. Evə qayıdarkən yolunu uzadır, kütlədən ayrılıb daha tənha yolla qayıdır və yol boyunca öz-özünə danışır. Bədəni cılızdır. Yaşını bilmədən təxmin etmiş olsam, altı və ya yeddi yaşında olduğunu düşünərdim. Dərisi ağ, saçları uzun və qaradır. Sol böyrəyim belə bir bədənə həbs olunub.

Bir az əvvəl dəmir qapıdan girib gözdən itdi. Mən isə əvvəlki günlərdə olduğu kimi qapıdan xeyli aralıda gözləyib, içəri girməkdə tərəddüd edirəm. Anası ondan bəzən yarım saat, bəzənsə bir saat sonra evə qayıdır. Küçə boş və səssizdir. Nəhayət, dəmir qapıya doğru gedirəm və ehtiyatla həyətə girirəm, sonra isə miskin görünüşüylə həyətin bozluğunu tamamlayan evə doğru addımlayıram. Pəncərədən on bir yaşlı qızın evdə tək olduğunu, arxası qapıya tərəf oturduğunu görürəm və qapını açıb içəri daxil oluram. Yalnız ona doğru bir neçə addım atdıqdan sonra, ayağa qalxıb qapıya tərəf çevrilir və günortadan sonranın yorğun dəqiqələrindən birində orda olmamalı olan, məkan və zamanda yolunu itirmişə bənzəyən bir adamın ona yaxınlaşdığını görüb yerindəcə donub qalır və tək yoxsa atası və ya anasıyla gəlmiş olduğumu yoxlamaq istəyirmiş kimi, qorxu dolu gözləri ilə ətrafı yoxlayır. Tək olduğumuzu anlasa belə, qışqırıb kömək istəmir, qaçmağa da cəhd etmir, sadəcə əllərimin nazik boğazına sarılmasını, var-gücüylə sıxmasını, qorxusunun yavaş-yavaş yoxa çıxmasını izləyir. Cansız bədəni döşəməyə uzadıb gödəkçəmin cibindən parçaya sarılmış bıçağı çıxarıram, cəsədin ağ köynəyini yuxarı çəkib bıçağın iti ucunu sol böyrəyimi möhürləyən yaranın üzərində gəzdirirəm və dərini dəlib keçməsini izləyirəm. Dəmir qapının açılmasını və evə doğru yaxınlaşan ayaq səslərini eşitdikdə, heç vaxt bu evə ayaq basmamış olmağı, on bir yaşlı qızın həyatını xilas etməmiş və onu öldürməmiş olmağı, bir qədər sonra qapının kandarında peyda olacaq gözlərin qarnı yarılmış tanış bədənin qan gölünün mərkəzində tənha ada kimi uzandığını və həmin qan gölünün sahilində əlində tutduğu qanlı cismi qarnına açdığı yaradan soxmağa çalışan məni görməyəcək olmasını xəyal edirəm. Ancaq bu xəyallardan daha vacib bir təsəllim var. Boşluq hissim tezliklə yox olacaq.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir