Minimalizm adından da göründüyü kimi kiçikhəcmliliyi müdafiə edən struktur formasıdır. Bu forma özünü incəsənətdə rəng palitrasının məhdud (ağ, boz, bej rənglərin) istifadəsi, poeziyada misra sayısının və uzunluğunun az olması ilə daha çox diqqət cəlb edir. Bu yanaşmanın əsas struktural fundamenti sadə formalardan ibarət mürəkkəb mənalar yaratmaq prinsipinə əsaslanır.

Minimalist incəsənət formaca sadə olsa da, ontoloji olaraq çoxqatlıdır. Objektin öz varlığına dəlalət etməsi, yəni heç bir simvolik və ya narrativ yük daşımadan yalnız öz maddi strukturuyla məna ifadə etməsi bu üslubun əsas xüsusiyyətidir. Bu baxımdan, Donald Judd-in “specific objects” anlayışı xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, minimalist strukturlar tez-tez semiotik azlıq (az simvol, az məna xəttləri) ilə xarakterizə olunsa da, bu estetik strategiya tamaşaçıda, oxucuda və ya dinləyicidə kontemplativ bir reaksiya doğurur. Sadəlik vizual informasiyanı azaltdıqca, subyektiv təhlil imkanlarını artırır. Beləliklə, məna obyektin strukturunda deyil, onunla qarşılıqlı münasibətdə yaranır. Məsələn, memarlıqda və vizual sənətlərdə minimalizm material və məkan anlayışını yenidən tərif edir. Tadao Ando və Lüdviq Mies van der Roe kimi memarların işləri boşluğun və işığın struktur element kimi istifadə olunmasının nümunələridir. Burada məqsəd, materialın öz ontoloji statusuna hörmətlə yanaşmaqdır. Yəni beton, şüşə və ağac dekorativ deyil, ontoloji ifadə vasitəsidir. Musiqidə minimalizmi Steve Reich və ya Philip Glass kimi musiqiçilər təkrarlanan ritmlər və sadə harmonik strukturla zamanın və dəyişməyin təcrübəsini ortaya qoyur. Bu struktur bədii zamanın təkrarlanan fraqmentlərlə necə təşkil olunduğunu göstərir.
Romanda minimalizmin strukturu, ənənəvi roman formalarından fərqli olaraq sadəlik, səssizlik və detallardan imtina üzərində qurulur. Bu yanaşma, oxucunun təxəyyülünü və iştirakını ön plana çıxarır.
Minimalist romanlarda dil maksimum dərəcədə sıx və funksional olur. Təsvirlər qısa, dialoqlar konkret, daxili monoloqlar isə çox vaxt dolayı yolla verilir. Hər cümlə, hətta hər söz, strukturun bir hissəsi kimi düşünülür. Ernest Hemingway-in “İceberg Theory” (Buzdağı nəzəriyyəsi) bu yanaşmanın əsas fəlsəfəsidir: mətnin görünən hissəsi sadədir, amma altında dərin mənalar gizlənir. Bu romanlarda hadisələr çox vaxt adi səviyyədə özünü göstərir Bəzən süjet və kompozisiya sadecə ekspozisiya ilə hərəkət edir. Böyük süjet dönüşləri, dramatik kulminasiyalar yerinə, mikro hadisələr və daxili dəyişikliklər izlənilir. Məkanlar isə çox vaxt məhduddur bir otaq, bir küçə, bir şəhər və.s
Personajlar çox vaxt az sözlərlə, lakin çoxqatlı şəkildə təqdim olunur. Onların daxili dünyası oxucuya birbaşa deyil, davranışlar, susqunluq və qeyri-verbal ipucları ilə ötürülür. Bu, oxucunu aktiv interpretasiya prosesinə cəlb edir. Firəngiz Kərimzadənin “Vicdan qəbristanlığı” romanını buna nümunə vermək olar.
Minimalist romanlar çox vaxt qısa fəsillər, boşluqlarla dolu dialoqlar və qrafik sadəliklərlə seçilir. Mövzular çox vaxt yalnızlıq, mənasızlıq, gündəlik həyatın absurdluğu kimi varoluşçu motivlər ətrafında cəmlənir. Bu mövzuların təqdimatı isə emosional yüklü, lakin ifadə baxımından təmkinli olur.
Poeziyada minimalizmin strukturu:
Poeziyada minimalizmin strukturu forma və məzmun baxımından az sözlə çox məna ifadə etməyə yönəlmiş estetik bir yanaşmadır. Bu üslub, ənənəvi poetik strukturlardan fərqli olaraq, sadəliyi, sükutu və mətnin özündən çox oxucunun təcrübəsini ön plana çıxarır.
1. Dil və sintaksis
Minimalist poeziyada dil maksimum dərəcədə sadələşdirilmiş şəkildə özünü biruzə verir. Cümlələr qısa, konkret və çox vaxt təsvirə deyil, duyğu və hisslərə yönəlikdir. Sintaktik strukturlar sərbəstdir, klassik qafiyə və vəzn qaydalarına tabe olmamaq minimalizmdə mümkün haldır.
Haiku və ya bəzi sərbəst şeir formaları minimalist poetikanın nümunələridir.
Məsələn;
“Köhnə nohur!
Qurbağa tullanır,
Suyun səsi.”
(Matsuo Başo)
2. Mətnin boşluğu və sükutun rolu
Minimalist şeirdə boşluq (sətirlərarası məsafə, pauzalar) strukturun bir hissəsi kimi işləyir. Bu boşluqlar oxucuya düşünmək, hiss etmək və mətnlə fərdi əlaqə qurmaq üçün imkan yaradır. Misal üçün Vaqif Səmədoğlunun bu şeirinə nəzər yetirək:
Allah
gündə bir kərpic düşür
ömrümün sarayından…
Allah
gündə bir kərpic düşür
ömrümün…
Allah
gündə bir kərpic düşür…
Allah
Gündə bir kərpic…
Allah
gündə bir…
Allah
gündə…
Allah.
Bu şeirdə quruluşdan və akustikadan ölüm anında can verən şəxsin daxili fəryadını anlamaq olur. Eyni zamanda bu şeirdə hərşeyin sonlu olduğunu, entropiyanın varlıq aləminə mütləq hakim kəsildiyi nəticəsini də çıxarmaq olar.
3. Mövzu və Simvolika
Mövzular çox vaxt adi, gündəlik hadisələr, təbiət görüntüləri və ya daxili duyğular olur. Simvolika isə açıq və çoxqatlı deyil, əksinə, sadə və birbaşa olur. Mətnin dərinliyi onun sadəliyində gizlənir. Misal üçün türk ədəbiyyatında Garip istiqamətinin qurucularından olan Orhan Velinin “Ayrılış” və digər şeirləri bu qəbildəndir.
AYRILIŞ
Baka kalırım giden geminin ardından; Atamam kendimi denize, dünya güzel; Serde erkeklik var, ağlayamam.
4. Qrafik struktur və vizual təsir
Minimalist şeirlər çox vaxt vizual olaraq da strukturlaşdırılmış olur. Sətirlərin yerləşməsi, sözlərin boşluqda duruşu, hətta hərflərin sayı belə poetik ritmi formalaşdırır. Adətən bu şeirlərin quruluşu aşağıdakı kimi olur:
Misra uzunluğu- əksər hallarda misra 6-7 sözdən ibarətdir
Misranın miqdarı- çox vaxt misraların miqdarı az olur.
Misrada məna- Garip kimi bəzi istiqamətlərdə məna tək beytdə deyil, şeirin hamısında tamamlanılır.
5. Oxucu ilə əlaqə
Minimalizmdə əsasən şeir tamamlanmamış bir mətn kimi təqdim olunur. Yəni oxucu həmin şeiri öz zehnində tamamlayaraq, ideyalar çıxarmalıdır. Bu poeziyanın passiv deyil, interaktiv bir sənət forması olduğunu vurğulayır.
Misal üçün;
“Venesiyanı
göz yaşına qərq etdi
Marko Polonun səfəri.
Getmə…
Tehranın
selə dözümü yox!”