Tanrı bir gün güzgüsün yerə atdı —
biz də başladıq özümüzü parça-parça sevməyə.

Süddən kəsiləndə anlayır,
Afrikada körpələr,
Vətən ögey anaymış.
***
Tanrı təcrübəsiz əsgərə
“tək ayaq üstə durma cəzası” vermişdi,
yaxşı gizlənmədiyinə görə.
***
Sən gedəndə saçların küləklə sovrulurdu.
Yox, o külək deyildi. Tanrı köks ötürürdü…
***
Görmə qabiliyyəti olmayan Firuzəyə,
Mən də görmürəm dedim, küləyi, inanmadı.
And içdim Allaha,
Ona da inanmadı.
Bir işarə olmalı…
Amma su üzərində kimsə yeriməməli,
dəniz yarılmamalı və ay bölünməməli…
***
Balaca bir daş qaldı ayaqqabımın içində,
çıxarmağa ərinib, yerişimi dəyişdim.
***
Ayağımıza qədər
Ölüm gəlirsə əgər
Ölüm adiləşməli, düşməli gözümüzdən.
***
Həqiqət qapısının aşiqi olmamalı,
Qapı sevmək üçün yox, qapı keçmək üçündür.
***
Bir qadına vurulduq.
Evimizə bitişik küçələrdə itirdik,
evimizin yolunu.