“Əzbərlənən imanla, qəlibləşmiş ədəblə,
Bir körpəni təkrar yaradan tanrıdır – insan”
– Hansısa uğursuz şair.
Dostlarımla sağollaşmaq üçün şəhərə getməli idim. Ölkədə son günüm idi. “Bolt”-dan taksi çağırdım. Sürücü Rasim bəy seçildi. Profil şəkli sadəcə sifəti idi. Damda yaşayan Karlsona oxşayırdı.
Həyətə düşüb gözlədim. Bəyaz “BYD” gəldi. Əyləşib salamlaşdım, siqaret çəkməyin mümkün olub-olmayacağını soruşdum. Ağzın-gözün əyə-əyə: “Çək”, – dedi. Tez-tez siqaret istədiyim dostum yadıma düşdü. Rasim bəyə də siqaret uzatdım. Arsız-arsız götürdü…

Siqaretin külünü hər dəfə pəncərədən çölə vurmağa çalışsam da, bir şəkildə üstümə dağılırdı. Sürücü mənə qəzəblə baxırdı, ancaq məndən siqaret aldığı üçün özünü borclu hiss edir, söz deməyə utanırdı. Mən isə törətdiyim əməldən peşman olub, əzab çəkirdim. Elə o dəmdə Züleyxanı xatırladım. Səbəbini bilməsəm də, onu həmişə belə anlarda/situasiyalarda xatırlayıram.
Bir dəfə də şəhərə getmək üçün avtobusa minəndə, çaşıb, əks istiqamətdə olan avtobusa minmişdim. Son dayanacaqda pərt halda avtobusdan düşəndə Züleyxanı xatırlamışdım. Belə çox situasiya saya bilərəm, amma saymıram.
Züleyxa köhnə iş yoldaşım olub. Hicablı, şeir sevən, Livaneli oxuyan, qumral, qısa saçlı, qaşlarını düyünləyəndə mistik gözəlliyə çatan qız idi. Əgər həyatımda üç mistik gözəlliyə çatmış qız görmüşəmsə, onun biri mütləq Züleyxa idi. Hicablı olsa da, qumral və qısa saçlı olduğundan əmin idim.
Mənə Livanelidən bir kitab hədiyyə eləmişdi. Arasına da ürək sözlərini yazdığı məktub qoymuşdu. Çantamdan kitabı və məktubu çıxardım. Məktubun son hissəsinə: “Əgər yalançı, ləyaqətsiz və qərarsız biri olmasaydım, səni sevərdim. Uzun vədlər verərdim”, – yazıb cibimə qoydum.
Bədənimi bir günlük Züleyxaya vermək istədim.
Qərara gəldim ki, bu gün hər şeyə Züleyxa kimi yanaşım, bütün qərarlarımı “Züleyxa olsa neynəyərdi?” – sualının cavabıyla verim.
Amma öncə müsəlman olmalı idim. Müsəlman olduğum günləri xatırlamağa çalışdım. Son inanclı günlərim yadıma düşdü.
Sürücü Rasim əlinin üstünü saqqalı ilə qaşıya-qaşıya hansısa mövzuya giriş etmək üzrə ikən, qulaqlığımı taxıb, sözünü içində qoydum.
Züleyxa da olsa, belə edərdi.
Son inanclı günlərimi xatırlayarkən içim ürpəndi. Gündə beş dəfə namaz qılıb, sonra hər poxu yediyim günlərin birində, Gülya ilə görüşə gedirdim.
Qısa boylu, əsmər, iri gözlü, tanımasan çox gözəl, tanısan az gözəl qız idi Gülya. İnstagramda uzun danışıqların sonunda görüşə dəvət etmişdim. Razılaşmışdı.
İlk sevgilisi olduğuma inandırmışdı məni.
Mənimçün önəmli deyil desəm də, dəfələrlə vurğulamışdı.
Mən də zarafatla, “hə, hə ilk sevgilinəmsə, yəqin məndən qabaq ərin, nişanlın olub”, – demişdim. Gülməmişdi. İnkar eləmiş: “Səy-səy danışma”, – demişdi. Məni bəyənməsi üçün, bəşəri mövzulardan, antik fəlsəfədən, həyatın faniliyindən və mənasızlığından uzun-uzun danışmışdım. Yalnız klassik musiqi dinləyib, sənədli filmlər izlədiyimi demişdim.
Tiktokda, instaqramda öyrəndiyim məlumatları məqalədən oxumuş kimi təqdim eləmiş, uzun-uzun osturağa basmışdım. İnanmışdı. Təcrübəsiz vaxtlarım idi. Sonradan öyrəndim ki, qadın səni bəyənirsə, xoruzun şeirini desən də, dinləyəcək.
Ona boşanmış olsa da, problem olmayacağını, əvvəlcədən desə, normal qarşılayacağımı demişdim. O da gülüb: “Bəsdir də, gic-gic danışma”, – demişdi.
Əslində, bəlkə də qəbul etməzdim.
Belə mövzularda heç vaxt özüm olmamışam. Ümumiyyətlə, özüm olduğumdan əmin də deyiləm. Ya şüuraltımda oturmuş, anam, ya atam, ya da təsirində qaldığım kimsə qərar verib həmişə. Heç vaxt həqiqətən öpüşməmiş, sevişməmişdim. Mənim yerimə Atam sevişmişdi, atam dalaşmışdı, təsirində qaldığım obrazlar öpüşmüşdü, ayrılıq yaşayanda anam ağlamışdı. Mən isə bədənimi onlara kirayə vermişdim.
Valideynlər, dünyaya ona görə uşaq gətirib, onlara fikirlərini, arzularını yükləyir ki, öz bədənləri köhnəldikdə onların bədənində yaşasınlar.
Bu gün də Züleyxa olmaq üçün müsəlman olmalı idim. Və o günləri xatırlamalı…
Gülya mənə inanmışdı. Bir ay danışmışdıq. Onlara ilk dəfə gedəndə, bir saat öpüşmüşdük. Bakirə olduğu üçün seçimim çox deyildi. Ehtirasımız alovlananda, ön sevişmədən bezəndə onun bakirə olmadığını praktiki şəkildə öyrənmişdim. Atam əsəbiləşib qıza ağzına gələni demişdi. Anam anlayışla qarşılamağa çalışmış, təsirində qaldığım oblazlar isə bakirə olmadığına sevinmişdi.
Mən isə lüt dayanmışdım.
Gecə yarı nəhayət təsirində qaldığım obrazlar ilə anam atama qalib gəlmişdi. Qızla sevişməyə davam etmişdim. Sübhün ağ sapı qara sapından seçiləndə telefonumda azan oxumağa başlamışdı. Atam utanmışdı…
Ekstra dindar kimi görünmək üçün azanı bildiriş kimi qısa yox, bütov 4-5 dəqiqəlik qoşmuşdum. Tələsik soyunanda telefonu harasa atmışdım. İkimizdə lüt-üryan azan sədalarında telefonumu gəzirdik. Gülya aqnostik olsa da, qızarmışdı. Yəqin onun da yerinə anası və ya atası utanmışdı.
Telefonu tapıb söndürdüm. Həvəsim ölmüşdü. Ondan sonra nə vaxt azan oxusa, bu hadisəni xatırlayırdım, atam utanırdı.
Gülyaya da ondan sonra yazmamışdım. Mənə yalan dediyini, məni aldatdığını vurğulamışdım. Mənə nə qədər izah eləsə də, zorla evləndirildiyini açıqlamağa çalışsa da, dinləməmişdim.
“Bəs niyə yatdın mənimlə?” – demişdi.
Susmuşdum. Amma vicdan əzabı çəkməmişdim. Mənim yerimdə hansı ləyaqətsiz, şəxsiyyətsiz və alçaq kişi olsaydı, eyni şeyi eləyərdi…
Taksi ünvana çatdı. Ödəniş elədikdən sonra, sürücü “beş ulduz” verməyimi xahiş etdi. “Baş üstə”, – desəm də vermədim, yadımdan çıxdı. Daha önəmli işim var idi. Müsəlman olmalı idim və bədənimi Züleyxaya verməli…
Dostlarımı əkib, məscidə getdim.
İki rükət hədiyyə namazı qıldım. Gülya ilə xatirələrim ağlımda dolanarkən qunut tutur, rükuya gedir, səcdə edirdim. Züleyxa olsa, belə eləməzdi.
Həmin gün bədənimi ona verə bilmədim. Züleyxa bədənimə sığmadı. Mən Yusif boyda deyildim, o quyu boyda idi.
Və o gün unutdum Züleyxanı…
Növbəti gün hava limanına tələsirdim, siqaret çıxarmaq üçün əlimi cibimə atanda büzüşmüş, cırılmış kağıza toxundum. Çıxarıb baxdım, anam şalvarımı ciblərinə baxmadan yumuşdu, Züleyxanın məktubu islanmışdı. Kağızı əsəblə yola atdım, yalnız gözləri görünən süpürgəçi xala sifətimə qəzəblə baxdı. Pərt halda gedib kağızı götürdüm. Züleyxanı xatırladım…