Anar Oğuz – Utanc və qoxu (Hekayə)

Atamın pensiyasından qalan əlli manatın onluğunu “nəşə”yə vermişdim. Yaxşı mal idi. Təəssüf ki, yalnız on manatlıq ala bilmişdim. Çünki növbəti pensiyaya hələ bir neçə gün vardı. Yemək, içmək, dərman – hamısını çatdırmaq lazım idi.

Atam yataq xəstəsi idi. Altını mən təmizləyir, onu çimizdirir, yedirir, içirirdim. Bütün bunları ayıq başla etmək dözülməz dərəcədə iyrənc idi. Bəli, nə qədər romantikləşdirsək də, reallıq atanın cinsi orqanı boyda ovucunda qalır və yuyarkən həm səni, həm onu məhv edir. Ara-sıra sol qolu hərəkət edirdi, özü əsas nahiyələrini yuyurdu. Mən bu hallarda sevinirdim. Kaş atamın sol qolu daim işləsəydi…

Ona görə də, atamın 350 manat pensiyasının bir hissəsini hər ay “nəşə”yə ayırırdım. Kayfda olanda atamı çimizdirmək məni iyrəndirmir, əksinə, əyləndirirdi. Hətta bir dəfə onu çimizdirərkən o qədər kayfda idim ki, atamın cinsi orqanını qulağıma tutub köhnə sevgilimə zəng etdim. Məndən ayrılmağının əsassız olduğunu dedim. Aldatdığım üçün məndən ayrılmağını sadəcə bir bəhanə adlandırdım. Hətta ona Şopenhauer’dən sitat gətirdim:

— Aysel, kişi cinsi tələbatını ödədikdən sonra sevgisi nəzərəçarpacaq dərəcədə azalır və artıq sahib olduğu qadından daha cazibəli görünən digərlərinə yönəlir. Qadının sevgisi isə əksinə — bu andan etibarən güclənməyə başlayır…

Bu fərq təbiətin məqsədindən irəli gəlir: kişi bir ildə yüz qadından yüz uşaq sahibi ola bilər, qadın isə, neçə kişi ilə münasibətdə olmasından asılı olmayaraq, bir ildə yalnız bir uşaq doğa bilər.

Buna görə də evlilikdə kişinin sadiqliyi süni, qadınınkı isə təbidir.

Aysel heç nə deməmişdi. Atam mənə nifrət eləmişdi.

Evimiz iki otaqlı, təmirsiz idi. Təsvirə ehtiyac yoxdu — bərbad gündəydi. Əvvəllər bir otaq idi, sonradan arakəsmə ilə iki otaq düzəltmişdik. Anam atamın bu halına görə bizi tərk edəndən sonra ev genişlənmişdi. Artıq bütün otaq mənə məxsus idi. Bu, əla idi!

Atam Qarabağda tikintidə işləyirdi, mən isə Bakıda anamla qalırdım, “Oba” marketdə kassirlik edirdim. Xoşbəxt idim. Ta ki, atam hündür mərtəbədən yıxılıb xəsarət alana qədər. Başqalarına ev tikərkən yıxılıb öz evimizi dağıtmışdı.

Atamın bizdən başqa heç kimi yox idi. Babam Birinci Qarabağ müharibəsində həlak olmuşdu, nənəm isə təzəlikcə — bayağı şəkildə — kolbasadan zəhərlənib ölmüşdü.

Atam ailənin tək oğlu idi, elə mənim kimi. Anam müəllimə olsa da, işə düzəlmək üçün pul tapmadığına görə aşbaz işləyirdi. Yaxşı-pis dolanırdıq. Atamın başına gələnlərdən sonra anam əvvəlcə işdən çıxıb ona baxdı, amma sonra bezdi və çıxıb getdi.

Necə bezdiyini izah edə bilmərəm. Yataq xəstəsi ərindən bir qadının necə bezdiyini bilmirəm. Amma gedibsə, demək ki, bezib.

Anam çıxıb gedəndə mən də işdən ayrıldım. Atama baxmalı idim. Mən gedə bilməzdim. Anamı atam böyütməmişdi deyə rahat getdi.

Mən də işdən ayrılıb atama baxmalı oldum. İşləməsəm də, atamın pensiyası ilə birtəhər keçinərik deyə düşündüm.

Yay idi. Atam yataqda istidən tərləyib, quruyurdu. Anamın köhnə telefonunu ona vermişdim. YouTube-da xəbərlərə, filmlərə baxırdı. Bəzən sol qolu işləyəndə sıxılıb qalereyaya girirdi, şəkillərə baxıb, kədərlənirdi. Onu anlamırdım, onsuz da hələ də şəkildəki kimi idi, şəkildə də tərpənə bilmirdi.

Artıq hər gün çəkməyə başlamışdım, yay ayı idi deyə atamı hər gün çimizdirməli idim.

Həmin gün on manatlıq “nəşə”-mi çəkib yataqda kəllə-mayallaq olmuşdum. Deyəsən, atam da tüstüyə düşmüşdü — Niyaməddinin “Kölgəm qədər” mahnısını mızıldanırdı:

“Kölgəm qədər yaxınsan, ancaq tuta bilmirəm.”
Həqiqətən də, tuta bilmirdi.

Atamın səsini Aysel söhbətindən sonra ilk dəfə eşidirdim.

O hadisədən bəri atamın məndən zəhləsi gedirdi. Danışmırdıq. Ehtiyaclarını, hansı saatda nə etməli olduğunu əzbərlədiyim üçün danışmağa gərək də olmurdu.

Qəfil ürəyim şirniyyat istədi. İstəyimin qarşısını ala bilmədim. Açığı, elə cəhd də eləmədim. Atamın pensiyasından qalan pulu götürüb marketə qaçdım. Əlimə keçəni aldım — Adicto, Kinder, Albeni… Alla beni, pulla beni, al qoynuna, yar…

Marketdən çıxanda günorta idi, hava alovlu, adamlar isə boz idi. Əlimdə plastik paket — içində ərimiş “Albeni”lər, diş izim qalmış “Adicto”. Damağım qurumuşdu, dilim damağıma yapışırdı.

Yolun o tayında gəzən bir itə baxdım — sağ qulağı və quyruğu yox idi. Onun yalqız sol qulağı bütöv bədəninə yaraşmırdı. Estetik görünmürdü.

Qəfil, skamyada oturan gözəl bir qız diqqətimi çəkdi. İlahi! Gözəlliyi məni sarsıtdı. Saçını yığmışdı, qulaqları görünürdü. Onun qulaqlarından tutub başını saatlarla divara çırpsan belə, gözəlliyindən qram itirməzdi.

Qarşısından keçdim, sağa-sola yeridim, qollarımı havada yellədim. Sübut etdim ki, bütün bədən üzvlərim işləkdi. Amma qız qoz qoymadı. Başını bulayıb üzünü çevirdi.

Onu atasının cinsi orqanını yuyarkən təsəvvür etdim. İyrəndim. Həvəsim öldü. Gözümdən pox kimi yerə düşdü. Siqaretimi sümürüb evə qayıtdım.

Qapını açan kimi iylənmiş tər, pəltək nəfəs və sidiklə yanmış döşəyin qoxusu burnuma doldu. Otağa keçib, bir az qalan “nəşə”dən bükdüm. Atamı çimizdirməli idim.

Qolundan tutanda diksindim. Atamın gözləri tavana zillənmişdi, əlləri bumbuz, rəngi ağappaq idi. İdman şalvarının ipini radiatora bağlayıb özünü boğmuşdu. Ölüm atamı çox da dəyişməmişdi, sadəcə gözünü qırmır və nəfəs almırdı.

Gözlərinə baxdım, özümü orda gördüm. Əllərimlə tez gözlərini bağladım ki, orda qalım, çıxmayım.

Atamın intihar etdiyini anlayanda nə etdiyimi dəqiq xatırlamıram. Hər şey boz-bulanıqdır.

Neynəyəcəyimi bilmirdim. Sakitləşmək üçün büktüyüm şeyi yandırdım, bir-iki tüstü vurdum. Başım bir az açıldı. “Albeni” -nin birini açıb yedim. Polisə yığsam, işlər uzacaq. Atamın ölüm xərclərin qarşılamağa pul da yoxdur. Atam özünü öldürməklə yaxşı iş görməmişdi. Ümumiyyətlə, mən atamın yerində olsam, özümü, idman şalvarımın ipini radiatora bağlayıb, boğaraq öldürməzdim. Görəsən baş daşı neçəyədir?

Pulu düşünərkən, atamın pensiyası yadıma düşdü… ilahi… bəs… bundan məhrum olsam…

İki əlimlə başımı tutub yerə çökdüm. Qarnım ağrıyırdı – bu, aclıq deyildi, bu, qorxudan doğan bir növ içəri yığılmış iyrənmə idi. Bir – iki tüstü də alıb yatağa uzandım. Düşünməli idim.

Ən qəribəsi, içimdə kədər yox idi. Mən onun ölümünü çoxdan yaşamışdım. Bu yalnız cismani təsdiq idi.

Qalxıb soyucuya qoyduğum “adicto”nu götürəndə aydınlandım. Qəfil, beynimdə sistemli şəkildə plan qurdum. İlahi! Məni bağışla, amma atamı yerin dibinə soxa bilmərəm. Bilirəm ki, o öz vəziyyətindən utanıb yerinə dibinə girmək istəyirdi. Yox, yox, buna icazə verməyəcəyəm.

Soyuducuya baxdım. İçində bir banka tomat pastası, bir qırmızı bibər və bükülmüş bir plastik torba vardı. Torbanı və bankanı çıxardım. Soyuducunun rəflərini də söküb kənara atdım. Yer açıldı. O qədər yox, amma bir qədər. Əgər dizlərini qarnına yığıb bükə bilsəm…

Gecə saat üçdə atamın meyitini soyuducuya yerləşdirəndə, dırnaqları qoluma ilişdi. Hiss etdim. Əlləri yumuşaq idi. Elə bil yatırdı. Dizlərini qarnına sıxıb, soyuducunun qapısını bir təhər bağladım. Soyuducunu aldığımız gündən bəri, ilk dəfədir ağzına qədər dolu idi.

Bütün otaq bu hərəkətimdən sonra dəyişdi. Soyuducu bir cihaz deyildi artıq. O, bir tabuta çevrildi. Amma elektrik enerjisi ilə işləyən, modern tabuta. Yayın istisində atamı tərləyib-qurumaq əzabından da qurtarmışdım. Ölməsəydi, mənimlə fəxr edərdi.

Pəncərənin qarşısına keçib siqaret yandırdım. Mən indi yalnız idim. O qədər tək ki, istədiyim qədər iyrənə bilərdim.
Atamın yatağının yanında pensiya kartına baxdım, üzərində ad soyadı və kartın tarixi var idi. Baş daşına oxşuyurdu. Bircə şəkil çatmırdı.

Bu gün pensiyalar köçməlidir, bariqaya yüzə yaxın borcum var. Təcili addımlara bonkamaata gedirdim. Şifrə atamın doğum tarixi idi. Vəsiqəsi də cibimdədir, unutma ehtimalını aradan qaldırmışdım. Gün təpəmə döyürdü, bomkamatın qabağında millət varıydı. Sıraya hamilə qadın yaxınlaşdı. Tez yerimi ona verdim. Ümumiyyətlə, belə mövzularda çox həssas adamam. Bəlkə, həkimə tələsir? Bəlkə pul çıxarıb həkimə gedəcək? Bəlkə uşağı götüzdürəcək? Nə bilmək olar? Vicdanlı insan olduğum üçün belə şeyləri tez-tez düşünürəm.

Nəhayət sıra mənə çatdı. Atamın doğum tarixini yığıb yaşıl düyməyə basmışdım ki, “kart işləmir” sözü sifətimə şillə kimi dəydi.

Yenidən… bir daha… bəlkə indi… yox, alınmır.

Kart əlimdə ən yaxın “ABB” bankına qaça-qaça getdim. Sıra götürüb, gözlədim. “D-78” mənim növbəmi təsdiqlədi. Saçların yığmış, burnu kəmərli bayağı qıza atamın vəsiqəsin göstərib, vəziyyəti izah elədim. Başladı kompüterdə eşələnməyə. Eşələndi… Eşələndi… Nəhayət:

  • bəy bu kartın sahibi 5 gün əvvəl bankı yığaraq, təqaüddən imtina edib. Yerimə məhdudiyyəti olduğu üçün, görüntülü zənglə, öz dilindən ərizəni yazıb təqdim etmişik. Və kart işlək deyil…

*

Kor-peşman evə qayıtdım, atamın pensiya kartı şəkilsiz başdaşından başqa birşey deyildi. Cibimdə yarım baş qalmış şeyi çıxarıb, bükdüm. Bir-iki tüstü vurdum. Başım gicəlləndi, sakitləşdim. Özümə gəldim. Qəfil atamı xatırladım, neçə gündür çimmirdi. Qalxıb soyuducunu açıb atamı hamama daşıdım, kökəlmişdi. Güclə vannaya yıxıb, suyu açdım. Sol yenə qolu işləmirdi… Ayseli yığdım. Açmadı…

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir